Onlayn ictimai-siyasi qəzet
Ukrayna Ali Radasının sabiq sədri, “Euromaydan” liderlərindən biri olan Andrey Parubiy Lvivdə silahlı hücum nəticəsində qətlə yetirilib.
Musavat.com xəbər verir ki, hadisə şəhərin mərkəzində, gündüz saatlarında baş verib. Şahidlərin sözlərinə görə, qatil kuryer geyimində olub. O, Parubiyə yaxınlaşaraq təxminən 8 güllə atıb. Daha sonra tapançanı çantasına qoyub və elektrovelosipedlə hadisə yerindən uzaqlaşıb.
Ukrayna teleqram kanalları artıq anbaan video görüntüləri yayıblar. Kadrlarda qatilin velosipedlə küçələrdən uzaqlaşdığı, eləcə də hücumun baş verdiyi məkanın ətrafı görünür.
Məlumata görə, Parubiy həkimlər hadisə yerinə çatmazdan əvvəlcə dünyasını dəyişib.
Bu ona edilən ilk hücum deyil. Xatırladaq ki, hələ 2014-cü ildə, o, Ali Radanın deputatı və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olduğu vaxt naməlum şəxs onun ayaqlarına qumbara atmışdı. Partlayıcı avtomobilin altına diyirlənərək orada partlamış və siyasətçi sağ qalmışdı.
Prezident Vladimir Zelenski hadisəni “dəhşətli” adlandırıb, ailəsinə başsağlığı verib və qatilin tapılması üçün bütün güc strukturlarına xüsusi göstərişlər verildiyini bildirib.
Beləliklə, Parubiyin qətli həm Ukrayna siyasəti, həm də ölkənin ictimai-siyasi sabitliyi üçün rezonanslı hadisə kimi qiymətləndirilir.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ