İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibənin gedişi dəyişir - sensasion gəlişmə

“Kurska hücum NATO ölkələrinin uzağa hesablanmış strategiyasının tərkib hissəsidir”

Rusiyanın Ukraynaya qarşı başlatdığı və üç ildir davam edən işğalçı müharibənin sonu görünmür. Sözsüz ki, qarşıdurmanın taleyini xeyli dərəcədə tərəflərin hərbi, iqtisadi, canlı resursları ilə yanaşı, əsgərin mənəvi ruhu müəyyən edəcək. Bu arada Ukrayna ordusunun ilk dəfə Rusiya ərazisinə - Kurska girərək onun bir parçasını, həmçinin strateji əhəmiyyətli qazpaylayıcı stansiya sayılan Sucanı nəzarətə götürməsi müharibənin xarakterinə ciddi təsir edə bilər. Çünki Rusiya büdcəsində Avropaya qaz satışından gələn gəlir mühüm yer tutur. Rusiyalı ekspert Abbas Qalyamova görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı taktikası 2500 il əvvəl skiflərin farslarla müharibədə nümayiş etdirdikləri ilə eynidir: “Arxaya qəfil basqınlar - bu taktika farsları həmin vaxt olduqca pis vəziyyətə qoymuşdu. Onun köməyi ilə Daranın ordusunu tükəndirən skiflər sonuncunu getməyə məcbur etdilər. Bu, "Siz bizə baş-başa hücum edəcəksiniz və bu zaman biz sizi orada-burada əzəcəyik - ən gözlənilməz yerlərdə qəflətən peyda olacağıq" taktikasıdır. Bu, zəkanın və peşəkarlığın küt güc üzərində kanonik qələbəsidir", - deyə o qeyd edib. Əlbəttə, döyüşlər gedə-gedə yeni hərbi texnologiyaların (yeni PUA-lar və s.) nə dərəcədə təkmilləşdirilməsi də öz sözünü deyəcək. Bu sahədə Ukraynanın arxasında duran kollektiv Qərbin imkanları isə qat-qat çox görünür. “Yaxın vaxtlarda ABŞ və onun ardınca da Avropa Ukraynaya Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmağa icazə verəcək. Bu, bir neçə günün, bəlkə də bir neçə həftənin məsələsidir”.

Bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon deyib. Onun qənaətincə, Ukraynanı qarşıda “çox yaxşı bir zaman kəsiyi” gözləyir. Jurnalist vurğulayıb ki, Rusiya ərazisinə zərbə endirmək üçün Ukraynaya çoxdan gözlənilən icazə rəsmən veriləcək. “Üstəlik, noyabrın 5-i ABŞ-da prezident seçkisi günü yaxınlaşır, bu isə o deməkdir ki, Qərbdən getdikcə daha çox icazə olacaq”, - ekspert əlavə edib. Kifayət qədər məlumatlı şəxs sayılan Qordonun bu fikirləri reallığa yaxınmı? Kursk hadisələri və Ukraynanın "F16"lar almağa başlamasını da nəzərə alsaq, müharibənin gedişinin ciddi şəkildə Kiyevin xeyrinə dəyişəcəyi gözləniləndirmi? 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Ukraynanın Kurska hücumu NATO ölkələrinin uzağa hesablanmış strategiyalarının tərkib hissəsidir: “Məqsəd slavyan xalqlarının potensialından istifadə edərək Rusiyanı  dağıtmaqdır. Buna Şərq döyüş sənətində "rəqibin gücündən özünə qarşı istifadə edərək onu məğlubiyyətə uğratmaq" da deyirlər. Nə yazıq ki, Rusiya Ukraynaya hücum edərək buna münbit şərait yaratdı. Halbuki Ukraynada hücumdan əvvəlki hakimiyyət dəyişikliyinə nəzər salanda rusiyayönümlü və qərbyönümlü iqtidarların bir-birini qan-qadasız əvəz etdiklərini görə bilərik. Ukrayna savaşı başlayandan sonra isə hətta bu ölkədə yaşayan ruslar belə, işğala qarşı birləşdilər. Nəticədə Rusiya öz imperial hədəflərini reallaşdırmaq üçün ən təsirli əlaqələrini itirdi".

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Heydər Oğuz

Heydər Oğuzun fikrincə, Ukraynanın Kursk vilayətinə hücumu da əslində rus imperial alətlərinə qarşı həyata keçirilən siyasətdir: “Kurskdan sonra biz növbəti hədəfin Voronej, Belqorod və Smolensk olacağını görəcəyik. Artıq Ukrayna ordusunun Belqoroda hücuma hazırlaşdığına dair ciddi məlumatlar var. Üstəlik, Bryansk, Kursk və Belqorod bundan əvvəl də rus legionerləri hücum etmişdilər. Həmin hücum zamanı Rusiyanın müdafiə qüvvələrini dişinə vuran Ukrayna indi ona qarşı necə mübarizə aparmağı da bacarır. Yəqin ki, yaxın günlərdə həmin ərazilərə də basqınların şahidi olacağıq. Ukrayna bu hücumlarla təkcə rus qoşunlarını öz sərhədinə çəkməyə çalışmır, həm də Ukraynanın qərb sərhədlərini Rusiyanın dərinliklərindən çevrələyərək faktiki olaraq böyük bir ərazidə düşmənlərini mühasirəyə salmağa çalışır”.

Digər bir hücum cəhdini Smolensk istiqamətində gözləyən həmsöhbətimiz Rusiya-Belarus sərhədində yerləşən bu vilayətdə xeyli sayda belarusun yaşadığını bildirdi: “Hətta bu ilin əvvəlində Polşanın paytaxtında yaradılan "Belarus evi" adlı təşkilatda Smolensk Respublikası yaradıldığı bəyan olunmuş və onun yaxın zamanlarda Belarusa birləşəcəyi açıq şəkildə bildirilmişdi. Separatçı “dövlət”in xüsusilə Polşada yaradılması, məncə, təsadüfi deyildi. Fikrimcə, Rusiya və Belarusu bu yolla Polşa ilə müharibəyə cəlb etmək istəyirlər. Böyük ehtimalla, buna nail də olacaqlar. Çünki Belarus xalqı Rusiyanın öz ölkələrinin siyasi həyatına müdaxilələrindən xeyli narahatdır. Və 2020-ci ilin yayında keçirilən prezident seçkisində təşkil olunan böyük etiraz aksiyaları da bundan xəbər verir. Faktiki olaraq, seçkiləri saxtalaşdıraraq hakimiyyətini qoruyan Lukaşenko Ukrayna savaşında Rusiyanın tərəfini tutmaqla hər keçən gün xalq arasında da öz nüfuzunu itirir. Kiçik bir qığılcımın Belarusda böyük yanğınlara səbəb olacağı gözlənilir. Həmin qığılcımın isə Ukraynada real hərbi təlimlərdən keçən Belarus legionerlərinin həmlələri ilə başlamaq ehtimalı var. Bu baş verərsə və Ukrayna ordusunun savaşı Rusiyanın dərinliklərinə yaymasının qarşısı alınmazsa, biz Polşanın da proseslərə müdaxiləsi ilə qarşılaşa bilərik.

Digər bir həmlənin Gürcüstandan gələcəyi də istisna deyil. Bilirsiniz ki, ABŞ və Qərb dövlətləri bu zamanadək rəsmi Tiflisi Rusiyaya qarşı ikinci cəbhəni açmağa çağırırdı. Fəqət İvanişviliyə bağlı hökumət Moskva ilə münasibətlərini korlamaq istəmədiyindən bu tələbləri rədd edirdi. Buna baxmayaraq, payızda Gürcüstanda növbəti parlament seçkiləri başlayacaq və ölkə hakimiyyətinin dəyişilməsi istiqamətində konkret addımlar atılacaq. İndiki hökumət ya xoşluqla hakimiyyəti ötürəcək, ya da Gürcüstanda növbəti məxməri inqilab baş verəcək. Hakimiyyət dəyişikliyindən sonra böyük ehtimalla Gürcüstanın da Abxaziya və Cənubi Osetiya uğrunda mübarizəyə başlayacağını müşahidə edəcəyik". 

"F-16"ların Ukraynaya verilməsinin müharibə sahəsinə göstərəcəyi təsirlərə gəlincə, Heydər Oğuz xatırlatdı ki, Zelenski israrla bu təyyarələri istəyəndə bir çox NATO generalları Kiyevin həmin hava-hücum vasitələrinə sahib olmasının savaşın gedişatını dəyişdirməyəcəyinə inanırdı: “Arqumentləri də çox sadə idi. "F-16"lar 1970-ci illərdə ixtira olunan qırıcılardır və 4-cü nəsil savaş təyyarələri sayılır. Rusiyanın əlində isə "Su-35", "Su-57" kimi daha müasir təyyarələri var. Ukraynaya verilən "F-16"lar hava üstünlüyünü təmin edə bilməz. Lakin Ukraynaya barmaq sayı qədər "F-16" təyyarələri verildi və qısa zaman ərzində savaşın seyri dəyişildi. Bu da onu göstərir ki, Ukraynanın aldığı "F-16"lar  modernləşdirilib. Onlara taxılan elektron hərb cihazları təyyarələri görünməz edir və onlar nəzərə çarpmadan istifadə olunur. Təsəvvür edin ki, rus ordusu sözügedən təyyarələrin harada saxlanılmasını belə indiyədək təsbit edə bilməyib. Deməli, "F-16"lar 10 il əvvəlki təyyarələr deyil və onlar  tam modernizə edilərək cəbhə xəttinə göndərilib. "F-16" təyyarələrinin döyüş meydanında qazandığı uğurlar savaşın taleyini də böyük ölçüdə müəyyənləşdirəcək”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR