Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avstraliya nadir torpaq elementlərinin hasilatına dair saziş imzalayıb.
Musavat.com xəbər verir ki, sənəd ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri Entoni Albanese arasında Ağ Evdə keçirilən görüşdə jurnalistlərin iştirakı ilə imzalanıb.
İmzalanma mərasimində Tramp deyib: "Təxminən bir ildən sonra biz o qədər kritik minerallara və nadir torpaq elementlərinə sahib olacağıq ki, onlarla nə edəcəyinizi bilməyəcəksiniz. Onların dəyəri 2 dollar olacaq. Bu arada biz Avstraliya və digər ölkələrlə işləyəcəyik".
O, razılaşmanın üzərində dörd-beş aydır ki, işləndiyini bildirib. Onun sözlərinə görə, 8,5 milyard dollarlıq müqaviləyə Avstraliyada nadir torpaq metallarının emalı və ABŞ və Yaponiya ilə birgə layihələr daxildir.
Ağ Evin saytında yerləşdirilən məlumata görə, ABŞ və Avstraliya növbəti altı ay ərzində kritik minerallar layihələrinə birlikdə 3 milyard dollardan çox investisiya yatırmaq niyyətindədir. Ümumilikdə isə layihələrin dəyəri 53 milyard dollar təşkil edəcək.
Əldə olunan razılaşmaya əsasən Avstraliyanın pensiya fondları 2035-ci ilə qədər ABŞ-a kapital qoyuluşunu 1 trilyon dollar artıracaq. Bundan əlavə, Avstraliya 1,2 milyard dollar dəyərində Anduril pilotsuz sualtı nəqliyyat vasitələri almağa və 2,6 milyard dollar dəyərində ayrıca müqavilə ilə Apache helikopterlərinin ilk partiyasının çatdırılmasını qəbul etməyə razılaşıb.
Fevral ayından Avstraliya ABŞ sualtı istehsalat bazasını genişləndirmək və modernləşdirmək üçün ABŞ hökumətinə 1 milyard dollar ayırıb. Cari ilin sonuna qədər əlavə 1 milyard dollar ayrılması nəzərdə tutulub.
Ağ Ev əlavə edib ki, Avstraliya da inteqrasiya edilmiş hava və raketdən müdafiə imkanlarına əhəmiyyətli dərəcədə sərmayə qoyur, o cümlədən birgə komandanlıq və idarəetmə sistemi üçün ABŞ şirkətlərinə 2 milyard dollar yatırır.
ABŞ Müdafiə Nazirliyi isə Qərbi Avstraliyada ildə 100 ton gücündə qalium emalı zavodunun tikintisini maliyyələşdirəcək. Ağ Evin fikrincə, bu qərar “ölkənin kritik mineralların emalı sahəsində özünü təmin etməsini daha da gücləndirəcək”.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ