İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda yeni qardaşlıq tarixi yazıldı - Qənirə Paşayevanın yazısı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.

Azərbaycan Prezidentinin qardaş Türkmənistanda keçirilən Üçtərəfli Zirvə Görüşündə vurğuladığı kimi, “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”. – Bu cümlə üç türk-oğuz ölkəsinin etibarlı əməkdaşlığının obyektiv əsaslarını ifadə edir.

Azərbaycan qardaş ölkələrlə istər ikitərəfli, üçtərəfli qaydada, istərsə, Türk Dövlətləri Təşkilatı və digər platformalar üzrə sıx əməkdaşlıq ruhuna və praktikasına malikdir. Türkmənistan və Türkiyə ilə üçtərəfli görüşlərin də özünəxas ənənələri formalaşmaqdadır. Mədəni, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi önplanda olmaqla, münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə qalxmış siyasi əlaqələri də ehtiva edir. Azərbaycan Türkmənistanla 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Türkiyə ilə 15 iyun 2021-ci ildə imzaladığımız “Şuşa Bəyannaməsi” isə qardaş ölkələrlə imzalanması arzulanan sənədlər baxımından model sənəd rolunu oynayır.

Qardaş ölkələrimiz ən müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək nümayiş etdirməkdədir. Özəlliklə, BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və b. beynəlxalq təsisatlarda Azərbaycanın irəli sürdüyü təşəbbüslər, təklif və ideyalar, eləcə də, qardaş ölkələrin maraqlarının müdafiəsi ilə bağlı məsələlərdəki prinsipiallıq qürurvericidir. Şadıq ki, biz də qardaş ölkələrimizdən belə münasibət görürük. Bir-birimizə qarşılıqlı dəstək göstərməyimiz, günü-gündən dərinləşən əməkdaşlığımız ümumtürk maraqlarına cavab verir. Belə əməkdaşlıq əcdadımızın ruhunu şad edir, bugünümüzü zənginləşdirir, gələcək nəsillərə yol xəritəsi cızır.

Ayrıca vurğulayaq ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi Zəfər qardaş ölkələrimiz başda olmaqla, Asiya-Avropa iqtisadi-ticari əməkdaşlığında yeni imkanlar müəyyənləşdirmiş oldu. Özəlliklə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürməyə məcbur qaldığı öhdəliklər (bu işin perspektivi) məşhur Orta Dəhlizi, tarixi İpək Yolunu bütün dünya üçün yenidən cazib hala gətirməkdədir. Azərbaycanın Zəfəri qardaşlarımızın yeni planlarına, bizim qardaşlarımızla əməkdaşlıq imkanlarını genişləndirməyimizə yeni üfüqlər qazandırdı. Məsələn, 2021-ci ilin yanvarında “Kəpəz”/“Sərdar” yatağının “Dostluq” adlandırılaraq, müvafiq bölgü əsasında, Türkmənistanla Azərbaycan arasında ortaq işlətimə açılması haqqında müvafiq anlaşmanın əldə olunmasını vurğulaya bilərik. Bu özü də, qardaş ölkələr arasında anlaşmazlıqlarla bağlı bir çözüm modeli olaraq qəbul edilə bilər. Bu ilin oktyabrında Özbəkistanla Qırğız Respublikası arasında illərdir yığılıb qalmış bəzi məsələlərə dair ilkin razılığın əldə olunması barədə xəbərlər bizi şad etdi.

Bir daha Zəngəzur dəhlizi mövzusuna qayıdaraq, Azərbaycan Prezidentinin sözlərinə diqqət çəkmək istərdim: “Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”. Bəli, 44 günlük müharibədə əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, “bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”.

Hər üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində artıq böyük uğurlara imza atıb. Qardaş ölkələrimizin müvafiq qurumları tərəfindən icra edilmiş bir çox layihə, əməkdaşlığımızı dərinləşdirmək üçün yeni imkanlara yol açır. Yol demişkən, söhbət ilk növbədə nəqliyyat bağlantıları sahəsində uğurlardan gedir. Bir daha görürük ki, “Yol – istiqsadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.” (Ümummilli lider H.Əliyev).

Azərbaycan Prezidentinin vurğuladığı kimi, “Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”.

Bəli, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan artıq çox önəmli tranzit ölkəsinə çevrilmişdir. Ölkəmiz öz ərazisində avtomobil yolu, dəmir yolu və hava yolu ilə bağlı böyük layihələr icra etmiş, bəzi layihələrin mənbə ölkəsi olmuşdur. Yenidən, Azərbaycan Prezidentinin qardaş ölkədəki nitqinə diqqət edək: “2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

...Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir”. – Bu faktlar, daşımaçılıqda, logistikada mövcud imkanları və yeni üfüqləri ifadə etməkdədir və göründüyü kimi Prezidentin nitqində regionun logistik potensialını zənginləşdirən layihələrə xüsusi vurğu edilməsi təsadüf deyil. Yada salaq:

- Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum boru xəttindən sonra bu istiqamətdə üçüncü böyük layihə Bakı-Tiflis-Qars dəmir yoludur. – “Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq”.

- Hazırda 8 beynəlxalq hava limanına malik olan respublikamız 18 yük uçağı ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir və dövlət başçımızın nitqində vurğulandığı kimi, növbəti 10 il içində yük donanmamıza daha 9 uçağın əlavə edilməsi nəzərdə tutulub.

Qardaş ölkədə imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri ilə tanışlı yuxarıda vurğulanan məqamları bir daha təsdiq edir və necə deyərlər, təşəbbüs, təklif, ideya və imkanların hüquq müstəvisində inkasını göstərir:

1. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”;

2. “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”;

3. “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”;

4. “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”;

5. “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.

QARDAŞLIĞIMIZ ƏBƏDİ OLSUN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR