İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Qarabağdakı “gözü” - Monitorinq Mərkəzinin 2 ili: ümid doğruldumu...

Hərbi ekspert: “Sülhməramlılar bölgəni tərk edən kimi avtomatik olaraq Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırmalı olacaq”

Yanvarın 29-da Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından iki il keçdi. İki il öncə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa olunmuş Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, mərkəz Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixdə imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandumla yaradılıb. Mərkəzdə türkiyəli və rusiyalı hərbçilərin sayı bərabər əsasla müəyyən edilib. Əslində bu, qardaş ölkənin ölkəmiz ərazisində yeganə rəsmi legitim hərbi mövcudluğudur. Bunu obrazlı şəkildə Türkiyənin Qarabağdakı “gözü” də saymaq olar.

Hərbi ekspertlər mərkəzin iki illik fəaliyyətini necə qiymətləndirirlər? Qurum öz missiyasını layiqincə yerinə yetirə bilirmi, ona olan ümidləri doğrultdumu və 2025-ci ildən sonra onun perspektivi necə görünür?

Ermənilərdən yeni təxribatlar: Xocavənddə “PUA emalatxanası” açılıb

Rövşən Məhərrəmov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi hər bir halda müsbətdir və lazımlıdır. Bu Monitorinq Mərkəzi Azərbaycanı məlumatlandırır, ermənilərin ərazidə həyata keçirdiyi bir sıra hərbi fəaliyyətləri qeydə alır. Birgə Monitorinq Mərkəzində qardaş Türkiyənin generalı olmaqla zabitlərinin fəaliyyət göstərməsi Azərbaycanın marağındadır: “Mərkəz Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərimizdə monitorinq həyata keçirir. Rusiya sülhməramlıların fəaliyyətinin qənaətbəxş olmadığı uzun müddətdir dəfələrlə deyilib. Mən hesab edirəm ki, Birgə Monitorinq Mərkəzi, xüsusən də mərkəzdə Türkiyə hərbçiləri olmasaydı, Rusiya sülhməramlıları, həmçinin qanunsuz erməni silahlı birləşmələri bölgədə özlərini daha sərbəst hiss edərdilər. Belə halda qanunsuz fəaliyyətlərini daha da genişləndirərdilər. Erməni terrorçuları atəşkəsi daha tez-tez pozardılar, Azərbaycanın hərbi birləşmələrinin, postlarının yerləşdiyi nöqtələrə terror aktları həyata keçirərdilər. Monitorinq Mərkəzinin havadan və qurudan apardığı müşahidə istər-istəməz bu kimi hərəkətlərdən müəyyən qədər çəkindirən amillərdəndir. Ruslar da, ermənilər də Birgə Monitoriqn Mərkəzində türkiyəli hərbçilərin olmasını Türkiyənin bölgədəki gözü hesab edirlər”.

Ekspert hesab edir ki, Birgə Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin sayı artırılmalıdır. Belə olsa, Monitorinq Mərkəzinin nəzarət, müşahidə imkanları daha da artar və daha da səmərəli olar, indiyə qədər müşahidə olunan müəyyən çatışmazlıqlar aradan qalxar.

R.Məhərrəmov vurğuladı ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən 2025-ci ildə həm Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində fəaliyyət müddəti bitir, həm də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyət müddəti başa çatır. Azərbaycan artıq mövqeyini ortaya qoyub ki, müddət artırılmayacaq: “Sülhməramlılar bölgəni tərk edən kimi avtomatik olaraq Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırmalı olacaq. Azərbaycan Türkiyənin öz ərazimizdə hərbi mövcudluğunu təmin etmək üçün digər qanuni mexanizmlər formalaşdıra bilər. Şuşa Bəyannaməsi də buna tam hüquqi zəmin yaradır. Azərbaycan ərazisində Azərbaycan-Türkiyə hərbçilərindən ibarət briqada formalaşdırıla bilər. Bunu etmək mümkündür. Başqa hansısa formada da türk hərbi qüvvələrinin ərazimizdə yerləşməsini təmin etmək olar. Yəqin gələcəkdə belə də olacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR