İnsanlara hürriyət, millətlərə istiqlal!

SÜLH ƏLİ...

Bu gün Hadrutun (Ağoğlanın) azad edilməsinin 4-cü ildönümüdür. Hadrut II Qarabağ müharibəsinin 13-cü gününündə işğaldan qurtuldu. Hadrutun qurtuluşu işğalçıların dirənişinin əsas çözülmə məqamlarından biri oldu. Təsadüfi deyil ki, Füzulinin gecikən qurtuluşu Hadrutdan sonra – 17 oktyabrda gerçəkləşdi. Hadrutun qurtuluş günüünü 9 oktyabrda bayram edirik, bununla belə, bu qəsəbəmiz uğrunda döyüşlər 7 oktyabrda başlamış, qəsəbəətrafı kəndlər, ərazilərlə birgə saysaq, 15 oktyabrda tam yekunlaşmışdı.

HADRUT.jpg (57 KB)

II Qarabağ müharibəsinin hələ 3-cü günü Silahlı Qüvvələrimiz Hadrutda işğalçıların komanda-müşahidə məntəqəsini sıradan çıxarmışdı. Oktyabrın 1-də düşmən tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. – Bu, həm doğru idi həm yalan: doğruydu – hərbçilərimiz Hadrutdakı hərbi obyektlərə - 18-ci motoatıcı diviziyanın qərargahına, habelə diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirmişdi. İnformasiyanın yalanlığı ondaydı ki, bizim mülki əhali ilə, mülki infrastrukturla işimiz yoxuydu... Ayrıca, bir ölkənin işğal altında olan ərazisini azad etmək istəməsindən doğal nə ola bilərdi? – Azərbaycan Prezidentinin dillər əzbəri olan sözünü xatırlayaq: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından”! Rədd olmaq istəməyən işğalçı başına od ələnəcəyini bilməliydi, bu azıydısa, görməliydi – gördü də!

Bəli, Ağoğlanın 4 il öncə ağgünə çıxmasının sevinci, qüruru içindəyik. 44 günün bizə bəxş etdiyi o möhtəşəm qurtuluşların 4-cü ildönümündə də dünya çox rahatsızdır, təlatümlər ara vermir ki vermir. Hər belə təlatümlərdə deyirəm, nə yaxşı, nə yaxşı, biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək bugünlərə gəlib çıxdıq. Rusiya-Ukrayna, İsrail-Fələstin və zatən bitmək bilməyən bir xeyli digər savaşlar varkən, üstəlik, yaxın-uzaq təlatümlərin (Yer kürəsinin mərkəzi deyə biləcəyimzi) Qafqazlara da illa təsiri olursa, bütövlük, suverenlik apayrı bir nemətdir, apayrı! Təlatümlər: ABŞ-dan ölkəmizə sanksiya “hədə”si gəlir; Fransa yeni hoqqa arayışları içindədir, Ermənistan açıq, gizli silahlanmadadır, atəşkəsi pozur və s... Digər yandan, İsrail Tehranı hədələyir, Tehran da İsraili və bu hədələr sözlə deyil, hərbi aktlarla davam edir... Gürcüstan, Moldava, Ukrayna ərazi bütövlüyünü, suverenliyini bərpa etmənin dəyişik yollarını düşünür-daşınır... Bunlar çevrəmizdə olub-bitməyənlərin hələ çox az bir bölümüdür, çox az...

CEBRAİL.jpg (63 KB)

Prezidentin Cəbrayıl Şəhəri Günündə dediklərinə diqqət edək: “Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı Soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr. Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə”...

Bax, hazırkı təlatümlər dönəminə ərazi bütövlüyümüzü, suveren­liyimizi bərpa edərək daxil olmağımızın ona görə qeyri-adi dərəcədə yüksək dəyəri var ki, biz yaman beynəlxalq gücləri yaxşı tanıyırıq, çox yaxşı və çox yaxından... Yenə malalayacaqdılar, yenə alçaldıcı sülhə çağıracaqdılar. Buyurun, baxın, indi nə görürük? – Tarixi ədalət bərpa olunduqdan dərhal sonra, bütün olanların üzərindən Ermənistana sülh əli uzatmaq ərdəmi göstərən biz, sülhdən yayınan Ermənistandır amma yenə bizi “ittiham” edirlər... Özü də, bu “ittiham”çıların bir parası da pasportunda azərbaycanlı yazılan, Azərbaycan Respublikasının vətəndaşı olanlardır... Belə də işmi olar?

Bəyəm yarımçıq sülh süldürmü? Əgər Ermənistana və havadarlarına sülh lazımdırsa, bu, 100 fazilik bir Anlaşma ilə mümkün ola bilər, biz yarım-yapalaq Anlaşmaya qol çəkəcək qədər gücsüz, iradəsiz dövlət deyilik!

SULHAM.jpg (98 KB)

Bunu bilə-bilə, görə-görə, at kimi şiniməklə deyil axı; Zəngəzur dəhlizi açılmalı, sınır xətti razılaşdırılmalı, işğal altında tutulan Azərbaycan Respublikasına məxsus kəndlər qaytarılmalı və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları Ana Yasa düzeyində aradan qaldırılmalıdır. Bu Anlaşmadan irəli gələrək, Ermənistanda bizə nifrət nitqinə, ermənilərin dərsliklərində, təlim-“tərbiyə”sində ant-Azərbaycan, anti-türk ritorikasına qəti şəkildə son qoyulmalıdır. Bunlar çətindirmi? – Əslində, yox! Sülh istəyirsənsə, bəs belə olur də, sülh necə olur? – Çuvalda cida gizlətməklə, “tabut”da avtomat daşımaqla?.. O dönəmlər bitdi, bu coğrafiyada yeni - əsl gerçəkliyi biz yaratmışıq, bizimlə qeyri-ciddi davranışı qəbul edəcək halımız, həvəsimiz yoxdur. Yox, əgər Ermənistan 17 əsas bənddən 14-ü razılaşdırılmışkən, Sülh Anlaşmasından geri duracaqsa, əsassız əvəzçıxma eyləmi içində olacaqsa, onun-bunun həvəsləndirməsi ilə çaşacaqsa, o zaman, “günah” bizdən getdimi getdi! Zəngəzurun, Göyçənin doğma nəfəsə, səsə, ayağa özləminin bitirilməsinə, öz dədə-baba torpaqlarımıza qayıtmağa yalnız mənəvi haqqımız deyil, qüdrətimiz də çatır. ƏvəlAllah! Sülh üçün uzanmış ərdəmli əli tutmaq ərdəm işidir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR