İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “Rusiya sərgüzəştləri” İrəvanı qarışdırdı: Əliyev erməni baş nazirə hüquq təlimi keçdi

Erməni baş nazir beynəlxalq hüquq normalarında dövlətlərarası münasibətlərə bağlı sənədlərin yarımçıq, yəni tam razılaşdırılmadan imzalanmasının yolverilməz olduğunu hələ də anlaya bilməyib... Baş nazir Nikol Paşinyan onu da nəzərə almağı bacarmır ki, istənilən tam razılaşdırılmamış, yarımçıq sənəd gələcək hərbi-siyasi qarşıdurmanın əsas mənbəyinə çevrilə bilər...

Ermənistan geopolitik məkanda növbəti siyasi zərbələrə məruz qaldı. Əslində, rəsmi İrəvan artıq belə biabırçı durumlara vərdiş edib. Hər halda, Paşinyan hakimiyyəti dönəmində Ermənistanın biabırçılıq tarixi daha çox zənginləşib. Üstəlik, bütün bunların əsas səbəbkarı da elə Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləridir. Və belə vəziyyətdə Ermənistanın normal dövlət kimi idarə olunduğuna inanmaq sadəlövhlük olardı.

Məsələ ondadır ki, Ermənistan II Qarabağ savaşında biabırçı məğlubiyyətdən sonra dövlət maraqlarını doğru-düzgün müəyyən etməkdə çətinlik çəkir. Əgər, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasını “erməni qadın öz uşağının istəyini yerinə yetirmək üçün qonşularından xahişlə yarım banan almaq məcburiyyətində qalıb” kimi, absurd arqumentlə təmin etməyə cəhd göstərirsə və bunu dəfələrlə təkrarlayırsa, Ermənistanın necə bəsit bir “dövlət” olduğunu təsəvvür etmək çətin deyil. Və rəsmi İrəvan məhz geopolitik proseslərə də məhz belə qeyri-ciddi əhval-ruhiyyə ilə tanaşır.

nikol-otel-ot.JPG (38 KB)

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın uydurma bir “dövlət” olduğu MDB liderlərinin növbəti Moskva sammitində də sübuta yetirilmiş oldu. Belə ki, belə önəmli tədbirə qatılan Ermənistan baş naziri Nikol Paşinyan Moskvada qaldığı otelin pəncərəsində “şortik”lə şəkil çəkdirməklə bütün diqqətləri öz üzərinə çəkmiş oldu. Erməni baş nazirin sosial şəbəkələrdə “like” qazanmaq ehtirası onu və ölkəsini biabır etməkdə davam edir. Çünki baş nazir Nikol Paşinyan Ermənistanda, eləcə də, bəzi Avropa ölkələrinə səfərlərində olduğu kimi, Rusiya paytaxtında da velosiped yürüşündən imtina etmədi. Və belə olan təqdirdə, erməni baş nazirin “Moskva sərgüzəştləri”ndən Ermənistan cəmiyyətinin narazı qalmasının səbəbləri bir qədər anlaşılmaz xarakter daşıyır.

Maraqlıdır ki, erməni baş nazirin Moskvada Azərbaycan Bayrağı qarşısında boynubükük fotosu Ermənistan cəmiyyətində ciddi ajiotaj yaradıb. Üstəlik, baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılaşarkən, əllərini önündə tutaraq, başını aşağı əyməsi də erməni toplumunda sarsıntı ilə qarşılanıb. Həmişə olduğu kimi, bu dəfə də erməni siyasi dairələri Rusiyanı Ermənistan baş naziri Nikol Paşinyanı biabırçı fotolarla məqsədyönlü şəkildə gündəmə gətirməkdə ittiham ediblər. Və bununla da, reallıqlardan hələ də nə qədər uzaq olduqlarını təqsdiqləmiş olublar.

Birincisi, otel pncərəsində “şortikli foto”nu Rusiya rəsmiləri deyil, məhz baş nazir Nikol Paşinyan özü çəkdirərək, sosial şəbəkələrdə yayımlayıb. Erməni baş naziri Moskvada velosipedə mindirib, videosunu çəkən də Kreml təmsilçiləri deyil. Çünki o, özü bilincli şəkildə Rusiya paytaxtında velosiped sürməsi ilə bağlı açıqlamalar verərək, lovğalanmağa çalışır. Və bununla da fəqrli siyasi lider olması barədə ictimai rəy formalaşdırmaq niyyəti güdür.

1728458199.jpg (31 KB)

İkincisi, erməni baş nazirin Azərbaycan Bayrağı qarşısında boynubükük dayanması da əslində, gözlənilməz deyil. Çünki həmin Bayraq məhz “məğlubedilməz” hesab olunan Ermənistan ordusunu savaş meydanında darmadağın edərək, kapitulyasiya aktı imzalamaq məcburiyyətində buraxan bir ölkəyə - Azərbaycana məxsusdur. Və bu baxımdan, Azərbaycan Bayrağı qarşısında Ermənistan baş nazirinin əziklik əhval-ruhiyyəsi, daha dəqiq desək, natamamlıq komleksi yaşaması tamamilə normal haldır.

Təbii ki, qalib ölkə olan Azərbaycanın Prezidenti İlham Əlievin önündə də baş nazir Nikol Paşinyanın başı aşağı, elə indicə “döyülmüş uşaq” durumunda qalması da qeyri-adi olay sayıla bilməz. Çünki Prezident İlham Əliyev II Qarabağ savaşındakı tarixi hərbi zəfərdən sonra Ermənistan baş naziri Nikol Paşinyanı ardıcıl olaraq, dəfələrlə müxtəlif geopolitik proseslərdə, beynəlxalq platformalarda məğlub və siyasi cəhətdən aciz duruma salmağı bacarıb. Və məğlubun qalib qarşısında necə dayanmalı olduğunu erməni baş nazir tam dəqiqliyi ilə bilir.

Ona görə də, Ermənistan cəmiyyətinin baş nazir Nikol Paşinyanın “Moskva sərgüzəştləri”ndən narazı qalması və ya şikayət etməsi üçün əslində, elə bir ciddi səbəb mövcud deyil. Əksinə, erməni toplumu öz baş nazirinin bu “sərgüzəştlər”indən mütləq dəqiq nəticələr çıxartmalıdır. Əks halda, Azərbaycan Ermənistanı indikindən də daha biabırçı duruma düşürmək qüdrətinə malik olan güclü və ciddi dövlətdir.

f711b80691530f846ecd40a6ab0e02d0.jpg (293 KB)

Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasındakı dövlətçilik fərqləri də Moskvada növbəti dəfə ortaya çıxmış oldu. Belə ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Ermənistan isə hər hansı hüquq çərçivəsi tanımayan, bəsit, absurd və məntiqdən uzaq erməni düşüncəsi ilə idarə olunur. Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana jurnalistlərin yönəltdiyi eyni suala verilən fərqli cavablar da bu reallığı ortaya çıxarır.

Məsələ ondadır ki, “sülh sazişi nə vaxt imzalanacaq” sualına Azərbaycan Prezidenti İlham Əliyev qısa, konkret və dəqiq cavab verib: “Sənədin mətni tam razılaşdırldıqdan sonra saziş imzalanacaq”. Ermənistan baş naziri Nikol Paşinyan isə həmin suala cavabında rəsmi İrəvanın Azərbaycanla sülh sazişini imzalamağa artıq hazır olduğunu bildirib: “Biz sülh sazişini imzalamağa hazırıq. Bu sənədin imzalanması üçün yetərli qədər razılaşdırılmış müddaəlar da var”.

Göründüyü kimi, erməni baş nazir beynəlxalq hüquq normalarında dövlətlərarası münasibətlərə bağlı sənədlərin yarımçıq, yəni tam razılaşdırılmadan imzalanmasının yolverilməz olduğunu hələ də anlaya bilməyib. Baş nazir Nikol Paşinyan onu da nəzərə almağı bacarmır ki, istənilən tam razılaşdırılmamış yarımçıq sənəd gələcək qarşıdurmanın, gərginliyin əsas mənbəyinə çevrilə bilər. Və bu səbəbdən də, bütün sənədlər, xüsusilə də, hərbi münaqişələrlə bağlı sazişlər ən incə detallarına qədər razılaşdırıldıqdan sonra imzalanmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR