İnsanlara hürriyət, millətlərə istiqlal!

Halal adı ilə illərdir insanlar aldadılır: rəsmi qurumdan ETİRAF

"Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin hüquqi və texniki əsası yoxdur".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

BAYRAMOV.jpg (214 KB)

"Bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub. Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) standartlarına cavab verir. Bu, böyük bir prosesdurdur. Bunun üçün müvafiq akkreditasiyadan keçmək lazımdır. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə orqanını təmsil etmək adı ilə bunu həyata keçirirsə, bu, qanuna zidd bir fəaliyyətdir", - deyə o qeyd edib.

İlham Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan ərazisində halal məhsulların və xidmətlərin sertifikatlaşdırması fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə Azərbaycan Akkreditasiya Mərkəzindən də akkreditasiya almaq tələb olunur.

Belə çıxır ki, bu zamana qədər halal adı ilə aldığımız məhsullar digərlərindən heç nə ilə fərqlənməyib. Bir sözlə, istehlakçılar aldadılıb.

AGAM.jpeg (133 KB)

Qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı Musavat.com-a deyib ki, halal məhsul böyük bir qida zəncirini əhatə edir:

"Fermadan süfrəyə ətin qət etdiyi yolda qida zəncirində qırılmaların olmaması şərtdir. Fermada xəstə heyvan kəsilərsə, qida zəncirinin sonunda onun yeyilməsi haramdır. Yaxud bir-birinin yanında, qan içində kəsilən heyvan haram sayılır. Baytar nəzarəti mütləq olmalıdır. Xəstə heyvan olmamalıdır. Kəsim yeri standartlara uyğun olmalıdır. Heyvanlar bir-birinin gözü qarşısında kəsilməməlidir. Çünki orqanizmdə stress hormonları çoxalır və bundan qidalanan insanlara mənfi təsir edə bilər. Ona görə mən deyilənlərlə razıyam".

Mütəxəssis əlavə edib ki, əgər ətin halal kəsimi olsa da, çatdırılma düzgün edilməyibsə, bu zaman da halal sayılmır:

"Müəssisədə düzgün şərtlər altında mühafizə olunmazsa, saxlanmasa, yaxud saxlanma müddədi lazım olduğundan daha uzun olarsa, ət çirklənməyə məruz qalarsa, bu zaman halallıqdan çıxar.

Bir sözlə, xəstə heyvanın südünü sağmaq, ətini kəsmək olmaz. Baytar nəzarətində olmalıdır. Yemi də orqanik olmalıdır. Hər kəsimdən sonra yuyulmalıdır. Kəsimdən sonra ət dincəldilməlidir. İri buynuzlular 24 saat, xırda buynuzlular 12 saata qədər dincəldilməlidir. Bundan sonra marketlərə paylanmalıdır".

eyyub son.PNG (353 KB)

İstehlakçı hüquqlarının müdafiəçisi  Eyyub Hüseynov isə hesab edir ki, illər boyu Azərbaycanda halal sertifikat vermək adı ilə xarici və yerli MMC-lər fəaliyyət göstərib:

"QMİ də bu işin içində olub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi illər boyu verdiyi saxta halal standartlarını ləğv etməlidir. Müəssisələrdə yenidən monitorinqlər keçirilməli, inanclı insanların aldadılmasına son qoyulmalıdır. Bu işdə media da aktiv şəkildə iştirak etməlidir. Dünyada il ərzində halal məhsullara insanlar 3 trilyon dollar pul verir. Xristian ölkələrində də halal məhsullara üstünlük verirlər, çünki tərkibi təbii olur.

Təkcə halal qida məhsulları deyil, turizm, kosmetika sənayesində də halallıq standartları gözlənilməlidir. 8 il bundan öncə AİB bu sahədə şəffaflığın təmin edilməsi üçün məsələ qaldırdı. Kollegial formada beş müəssisəyə halal sertifikatın verilməsinə nail olduq. Son illər yenidən halal standartın yaradılması məsələsi gündəmdədir. Təkliflər versək də, ürəyimizcə olmayan bir standart qəbul olundu. Halal standarta uyğun məhsul istehsal edən müəssisədə izləmə sisteminin olmasını, xammalın haradan gəldiyini, məhsulun necə hazırlandığını istehlakçıların izləmə imkanının olmasını təklif etdik. Biz təklif etmişdik ki, halal mal istehsal edən müəssisənin kredit, bank borcu olmamalıdır. Bu kimi təkliflərimiz təəssüf ki, nəzərə alınmadı. Zəif bir standart qəbul olundu”. 

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR