Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyə Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə əlaqədar olaraq hadisənin səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlilləri aparmaq məqsədilə 8 nəfərdən ibarət bir istintaq komissiyasını Bakıya göndərir.
Musavat.com xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu komissiyanın Azərbaycanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə hadisənin bütün aspektlərini araşdıracağını bildirib.
Nazir həmçinin "Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik" ifadələrini qeyd edib.
Bu addım iki ölkə arasındakı güclü əməkdaşlığın və qarşılıqlı dəstəyin bir göstəricisidir.
Bəs komissiyanın işi nədən ibarət olacaq? Türkiyə-Azərbaycan qurumlarının birgə fəaliyyəti nələri üzə çıxaracaq?
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı fikirlərini Musavat.com-a bildirib:
"Azərbaycan və Türkiyə daim strateji fəaliyyət nümunəsi göstərib. Eyni zamanda bir-birlərinin qarşılıqlı ehtiyaclarının tamamlanmasında köməklik göstəriblər. AZAl-ın təyyarəsinin qəzası Azərbaycan üçün bir faciə oldu. Azərbaycan övladlarını itirdi. Allah rəhmət eləsin. Ailələrinə səbr versin.
Belə bir durumda Türkiyə mütəxəssislərinin gəlməsi onu göstərir ki, Azərbaycan və Türkiyə həmişə olduğu kimi, çətin anlarda yenə bir yerdədirlər. Həmçinin Türkiyənin mütəxəssisləri bu sahədə təcrübəlidirlər. Mümkündür ki, Azərbaycan belə bir durumda onların imkanları və təcrübəsindən istifadə etsin. Azərbaycan dövləti, xüsusi ilə yüksək siyasi iradəsi belə ortamlarda rasional davrana bilir. Bunu təcrübə ilə görürük. Hazırda Azərbaycan Türkiyə ilə birgə davranış nümunəsi göstərməklə və eyni qaydada Türkiyə öz yardımını təklif etməklə birlik mesajı verirlər.
Bu birlik mesajı dost ölkələri sevindirir, digərlərinə isə ümidsizlik verir. Hazırda istintaq gedir. Bu istintaqda Azərbaycan istəyir ki, həqiqətlər ortaya çıxsın. Azərbaycan həm öz vətəndaşlarının hüquqlarının təmin edilməsini istəyir, həm də beynəlxalq münasibətlər sistemində mövqeyini qorumağa çalışır. Hadisə ilə bağlı siyasi nəzakət olaraq hər bir tərəfə başsağlığı üçün təşəkkür edildi, lakin kömək təkliflərini Azərbaycan qəbul etmədi. Çünki Azərbaycan dövləti özü öz problemlərini nizamlamaq qüdrətinə malikdir. Türkiyə isə bizim üçün istisnadır. Bunu qarşılıqlı yardımlaşma örnəkləri sübut edir. İqtisadi sarsıntılar və təbii fəlakətlər zamanı Azərbaycan Türkiyənin yanında oldu. Özünün qurumları ilə, investisiya siyasəti ilə".
Siyasi şərhçi xatırladıb ki, Azərbaycanın haqq savaşı zamanı da Türkiyə öz texniki və siyasi dəstəyini göstərib:
"Bu son hadisədə şəxsən düşünürəm ki, dövlət maraqlarını nəzərə alaraq perspektiv fəaliyyət imkanlarımızı genişləndirən addımlar atılması daha doğru olardı".
Siyasi şərhçi Asif Nərimanlı da mövzu ilə bağlı fikrini bildirib:
"Türkiyə təyyarənin vurulmasını araşdırmaq məqsədilə Azərbaycana 8 nəfərlik istintaq qrupu göndərir. Ankaranın da araşdırmalara qoşulması təkcə türkiyəli mütəxəssislərin təcrübə və bacarıqlarından istifadə etmək məqsədi daşımır, bu həm də təyyarənin vurulduğunu gizlətməyə, istintaqın gedişinə təsir etməyə çalışan Rusiyaya Azərbaycanın yalnız olmadığı, eyni zamanda Bakının geri çəkilməyəcəyi mesajının verilməsidir".
Afaq Mirayiq,
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ