Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana geyim mallarının idxalı 24,9% azalaraq 7 milyon 503 min manat olub.
Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, bunun bir neçə səbəbi var.
Deputat Musavat.com-a şərhində bildirib ki, birinci səbəb Türkiyədə baş verən proseslərlə bağlıdır.
Azər Badamovun sözlərinə görə, Türkiyənin milli valyutası olan lirənin kəskin ucuzlaşması, daxili istehsalın bahalaşması da idxalımıza mənfi təsir göstərib:
“Türkiyədən mal gətirən sahibkarlar malların çox bahalaşmasından şikayət edirlər. Baha qiymətə gətirilən malların daxili bazarda satılması çətinləşir. Ona görə də Türkiyənin sənaye mallarına maraq azalır. İş adamları dünya bazarlarını araşdırır və hansı ölkədən daha aşağı qiymətlə malları idxal etməyin mümkünlüyünü öyrənir. Bu baxımdan hesab edirəm ki, Türkiyədən geyim mallarının idxalında baş vermiş azalma Çin və Mərkəzi Asiya ölkələrindən idxalla əvəzlənə bilər. Məsələn, əvvəllər Özbəkistanın trikotajı Azərbaycan bazarında yox idi.
Bu gün isə Özbəkistan, Pakistan trikotajına tələbat artmaqdadır çünki bu ölkələrin geyimləri keyfiyyətcə heç də Türkiyənin geyimlərindən geridə qalmır və qiymətlərin müqayisəsində də eyni çeşidli mallar daha aşağı qiymətə idxal olunur”.
Deputat vurğulayıb ki, bazar rəqabətlidir və hansı ölkələrin malları rəqabət qabiliyyətlidirsə, o malların da idxalı genişlənir:
“Bu baxımdan Türkiyədən geyim mallarının idxalında baş vermiş azalmanın rəqabətlə əlaqəli olduğunu düşünürəm”.
Nigar HƏSƏNLİ,
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ