İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ən dəhşətli qətllərdən biri: Başı diri-diri kəsilən Karabulutun qatilinin məzarı açıldı

Türkiyədə 2009-cu ildə ən dəhşətli qətllərdən olan Münəvvər Karabulut cinayətində araşdırma davam edir.

Sevgilisini vəhşicəsinə qətlə yetirən Cem Qaripoğlunun Üsküdarda yerləşən məzarı açılıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Karabulut ailəsinin vəkillərinin "Fethi Kabir proseduru" tələbi Silivri Respublika Prokurorluğu tərəfindən qəbul edilib. Polis qrupları tərəfindən Cem Qaripoğlunun məzarının ətrafına dəmir baryerlər qoyulub.

Ətrafında təhlükəsizlik tədbirləri görülən məzarın açılması prosesi həyata keçirilib. Qəbirdəki cəsəd bütünlüklə çıxarılaraq hərtərəfli araşdırma aparılacaq.

Xatırladaq ki, 2009-cu il martın 3-də lisey şagirdi olan Münəvvər Karabulut sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək öldürülüb. 17 yaşlı Karabulutun cansız bədəni parçalanmış şəkildə gitara qutusuna qoyulub və Etiler rayonunda zibil konteynerinə atılıb. Qızın meyiti zibil yığan şəxs tərəfindən aşkar edilib.

O zaman sirlərlə dolu olan bu cinayət Türkiyə ictimaiyyətində böyük hiddət doğurmuşdu və hələ də gündəmdə qalmağa davam edir.

Qeyd edək ki, cəsədin yarılması ilə bağlı hesabatda vəhşicəsinə qətlin qurbanı olan gənc qızın başının sağ ikən bədənindən ayrıldığı bildirilib.

Qətldə şübhəli bilinən və Türkiyədə tanınmış zəngin ailənin oğlu olan Cem Qaripoğlu qətldən sonra qaçmış və bu qaçış 197 gün davam etmişdi. Cinayətdən 197 gün sonra təslim olan Qaripoğlunun məhkəmə prosesi 18 noyabr 2011-ci ildə onun həbsinə qərar verilməsi ilə başa çatmışdı.

Cem Qaripoğlu 2014-cü il oktyabrın 10-da öz kamerasında ölü tapılmışdı. Onun cəzasını çəkdiyi Silivri 5 saylı L Tipli Qapalı Həbsxanasında özünü asaraq intihar etdiyi iddia olunmuşdu.

Vurğulayaq ki, Münəvvər Karabulutun ailəsi də daxil olmaqla, bir çoxu Cem Qaripoğlunun ölmədiyini, bunun bir qurma oyun olduğunu düşünür.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR