İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk-slavyan birliyi: mümkündürmü?.. - 2025-ci ilədək...

Çox yubatdılar, yubatdılar, nəhayət ki, razılaşdılar – bəli, axır ki, bu həftə Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü baş tutdu.

Əvvəlcədən belə ehtimal olunurdu ki, danışıqların əsas predmeti “taxıl sazişi” olacaq. Biz görüşün bu aspekti üzərində dayanmayacağıq. Yalnız onu qeyd edəcəyik ki, razılıq əldə olunmadı - Moskva əvvəlki danışıqların şərtlərinin yerinə yetirilməsini tələb edir.

SOCİ.jpeg (106 KB)

Prezidentlərin görüşünə qədər siyasi müşahidəçilər diqqəti Rusiya-Türkiyə münasibətlərinin başqa aspektlərinə yönəltməyə çalışırdılar: hazırda Ankara Qərb düşərgəsində yeganə bir dövlətdir ki, Moskva ilə ən etibarlı və etimadlı əlaqələrə, təmaslara malikdir, üstəgəl, bu münasibətlər o qədər yaxındır ki, bir sıra politoloqlar bundan hətta uzağa gedən nəticələr də çıxarırlar.

Söhbət ondan gedir ki, hazırda Rusiya intensiv şəkildə yeni geosiyasi konfiqurasiyanın axtarışı ilə məşğuldur, hansının ki, bir aparıcı ucu, daha doğrusu, ağırlıq mərkəzi Moskva ola bilər. Bu kontekstdə bu vaxta qədər zənn edilirdi ki, Moskvanın da hələ istifadə olunmamış geosiyasi resursları var və bu, əlbəttə ki, ilk olaraq, pravoslav və yaxud slavyan dünyasıdır.

Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, bu cür geosiyasi konfiqurasiyaların perspektivi elə də böyük deyil: Ukraynadakı müharibə bir tərəfə, hələ pravoslav Gürcüstanla müharibə göstərdi ki, gələcək ittifaqlar üçün slavyan və pravoslav ittifaqları elə də perspektivli platformalar deyil. Bu azmış kimi, hətta “xristian” (guya ki!) Ermənistanı ilə Rusiya arasında çox gərgin münasibətlər yaşanır.

PASİTO.jpg (66 KB)

İrəvan bu vaxta qədər Moskvanın ən yaxın müttəfiqi, hətta Cənubi Qafqazda “forpostu” hesab olunurdu. İndi sanki müttəfiqlər arasından “qara pişik” keçib. Bu günlərdə İrəvanda Roma statutu haqqında sənəd ratifikasiya olunmaq üçün parlamentə göndərildi. Belə görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən də Rusiya prezidentinin qollarını qandallayıb Beynəlxalq Məhkəməyə təhvil vermək istəyir. Ruslar isə özlərinə hələ təskinlik verərək düşünürlər ki, iki ölkə arasındakı ziddiyyətlər və problemlər baş nazir Nikol Paşinyanın ucbatından yaranır. Amma belə deyil, biz əvvəllər daim yazırdıq ki, gec-tez Moskva ilə İrəvan arasında dərin “çat”lar yaranacaq və bu hal hazırda baş verir...

Bütün bunların qarşılığında Kreml vurnuxma içindədir, o, İrəvandan izahat tələb edir. Amma onun bu cəhdləri əbəsdir. Ən azı ona görə ki, Roma statutu ilə bağlı məsələ iki dövlət arasında yeganə ziddiyyət deyil, zaman keçdikcə onları ayıran “çatlar” dərinləşir.

Ona görə də Rusiya analitiklərinin nəzərləri ölkələrinin geosiyasi resurslarının başqa qatlarına yönəlib. Burada dərhal Türkiyə-Rusiya münasibətləri diqqət çəkir. Türkiyədə bundan geniş ekstrapolyasiyalar etmirlər. Amma Moskvada belə deyil. Orada belə hesab edirlər ki, Ankara bir gün Qərb düşərgəsini tərk edib Rusiyanın tərəfinə keçəcək.

Onları bu fikirdən hətta Ankaranın iki yeni dövlətin NATO-ya üzv olmasına razılıq verməsi, Təşkilatın Ukraynanı öz sıralarına qəbul etməli olduğu haqdakı bəyanatı, hətta Türkiyənin özünün Avropa İttifaqının bərabərhüquqlu üzvü olmaq istəməsi haqqında NATO-nun sonuncu sammitində bəyanat verməsi belə daşındırmır. Yox, ruslar belə hesab edirlər ki, hazırda Rusiyanın geosiyasi konfiqurasiyası post-sovet türk dövlətləri sayəsində mümkün olub, üstəgəl, Rusiyanın içində belə müsəlman və xüsusən də türk xalqlarının xüsusi çəkisi ildən-ilə artır.

Onların fikrincə, buradan bir nəticə hasil olur: Rusiya ilk növbədə müsəlman, xüsusilə də türk xalqları ilə ittifaq axtarmalıdır. Onlar haqlıdırlarmı? Əlbəttə, Türkiyə və gənc türk dövlətləri Rusiya kimi bir amili nəzərə almaya bilməzlər (hələki!). Amma onlar başqa bir ölkə üçün “buksir” - yedəkçi bir dövlət ola bilməzlər.

soci.jpeg (79 KB)

Düşünürük ki, Türkiyə ilə Rusiyanın siyasəti yalnız müəyyən müddətə qədər sinxron ola bilər, bundan sonra onların yolları mütləq ayrılacaq, çünki Moskva özü üçün dost və müttəfiq yox, öz absurd “geosiyasi planlar”ını həyata keçirmək üçün bir nökər axtarır. Təsadüfi deyil ki, məhz Ankara Moskvaya xatırlatdı ki, o, 2025-ci ilədək özünün “sülhməramlılar”ını Azərbaycan ərazisindən çıxarmalıdır. Rusiya siyasətinin digər konturlarına və üfiqlərinə gəldikdə isə, biz bunları artıq qeyd etdik. Burada bir məqam da var: özünə dəyişən dünyada yer tapmaqçün Rusiya özü də dəyişməlidir, əks təqdirdə o, sonsuz və üzücü “axtarış”lara məhkum olacaq – lap Sizif əfsanəsində olduğu kimi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR