İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ukraynaya kütləvi HÜCUM GÖZLƏNİLİR - Bombardmançılar havaya qaldırıldı

Rusiya “Kalibr” raketləri ilə silahlanmış daşıyıcı gəmiləri Qara dənizə çıxarıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna hava məkanında Rusiya ordusunun strateji aviasiyası da müşahidə olunur.

“Aviasiyanın fəallığını nəzərə alaraq, diqqəti dənizə yönəltmək lazımdır. Rusiya hərbçiləri üçün aviasiya və “Kalibr” daşıyıcılarından eyni vaxtda istifadə etmək adi təcrübədir. Adətən, bu raketlər hava hücumları ilə paralel şəkildə tətbiq olunur. Əgər hava hücumu baş verərsə, “Kalibr” raketlərindən də istifadə oluna bilər”, – deyə Pletençuk telemarafon zamanı qeyd edib.

Rus aviasiyasının fəaliyyəti barədə məlumat verən “Nikolayevskiy Vanek” adlı Telegram kanalı isə bildirib ki, “Olenya” aerodromundan təxminən 7 ədəd “Tu-95MS” strateji bombardmançısı havaya qalxıb. Bu uçuşların döyüş xarakterli olduğu ehtimal edilir.

Məlumata əsasən, həmin təyyarələrin Engels bölgəsinə 00:50–01:30 aralığında çatacağı gözlənilir. Əgər raket buraxılışı buradan həyata keçirilərsə, raketlər 01:30–02:00 arasında Ukrayna hava məkanında ola bilər. Həmlələr Xəzər dənizi üzərindən gerçəkləşərsə, raketlərin 03:00–04:00 aralığında Ukraynaya çatacağı ehtimal olunur.

Bundan başqa, Engels aerodromundan daha iki ədəd “Tu-160” strateji bombardmançısı da havaya qalxıb.

Hazırda Ukrayna Hərbi Hava Qüvvələri bu təyyarələrə dair rəsmi açıqlama yaymayıb. Bununla yanaşı, Ukrayna hava məkanında çoxsaylı “Şahed” tipli kamikadze dronların müşahidə edildiyi və ballistik raket buraxılışlarının qeydə alındığı bildirilib.

Rusiya Ukraynaya hücumlarını davam etdirir

Mayın 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya dronlarla hücum edib. Dron və ballistik raketlərdən istifadə edilən genişmiqyaslı hücumda Kiyev birbaşa hədəf alınıb. Paytaxtın bir neçə rayonunda yanğınlar baş verib, yaralananlar var.

Bundan əlavə, rus ordusu Odessa vilayətinin liman infrastrukturunu da atəşə tutub. Mayın 24-dəki hücum zamanı xəsarət alan olmasa da, bir gün əvvəl – mayın 23-dəki hücum nəticəsində bir nəfərin həlak olduğu bildirilir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR