İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk olmağın bədəli... Qarabağ qazisi İqbal Səfərovun yazısı

1987- ci ildən tarixi torpaqlarımızdan zorla didərgin salınmağımızı, qətl edilməyimizi, 20 yanvarda xalqımıza qarşı törədilən amansız qətliamları görmək lazım idi...

İnsan haqlarından danışan ölkələr niyəsə hər zaman susdu, görmədi və ya görmək istəmədi...

Bəs Xocalıda min bir amansızlıqla qətl edilən körpələrimiz?! Onların hüquqları?! İnsan haqlarını müdafiə edənlərdən soruşmaq lazımdır.

Əyri oturaq düz danışaq.

Avropa Şurası ölkələrindən soruşmaq istəyirik:

"Ordusu olmayan, vahid komandanlığı olmayan başsız bir ölkəyə hücum edərək insanlarını qətl edənlərə qarşı bu günə qədər hansı insan haqlarından dərs keçmisiniz?! "

Milyonlarla insanımız dədə-baba torpaqlarımızdan zorla didərgin salınanda, on minlərlə övladımız Şəhid ediləndə harda idiniz?
İnsan haqqlarını müdafiə edənlərə səslənirəm: "Səsiniz gəlmirdi axı... "

Xocalıda gözləri çıxardılan, amansızca qətl edilən körpələrin hüquqlarını müdafiə etdiyinizi heç eşitmədik. Ya etdiniz də biz görmədik?

20 faiz torpağımızı işğal edən Ermənistanı üzvlüyünüzə qəbul etdiniz. Bəs buna nə ad qoyaq? Adını bəlkə elə siz özünüz qoyasınız....Biz çətinlik çəkirik.

Biz ki, illərlə sülh istəyirdik.

Ölkə başçımız elə hey bəyan edirdi axı: "Biz işğal olunmuş torpaqlarımızı sülh yolu ilə geri istəyirik. Qan tökülməsini istəmirik. Amma lazım gələrsə biz bunu hərbi yolla da həll eləmək gücündəyik. Heç kim bizim səbrimizi zorlamasın!"

Hətta ölkəmizdə xalqımız arasında bir ifadə də yaranmışdı: "Bu lazım nə vaxt gələcək?!"

Bəli, səbrimiz illərlə zorlandı, sınandı....

Axı, bu lazım niyə gəlmirdi?!

Gəlmirdi... Çünki, biz sülh arzumuzu həyatda saxlamaq, sonuna qədər qan tökülmısinin qarşısını almaq istəyirdik...

Səbrimizi zorladınız. Həm də nə az, nə çox. Düz otuz il.

Axır ki, sayənizdə lazım gəlməli oldu.

Xalqımız canıyla, qanıyla işğal olunmuş torpaqlarımızı geri almağı bacardı.

Hə, bir şeyi də deməliyəm. Baxmayaraq ki, illərlə bizlərə qarşı insan kimi rəftar olunmamışdı yenə də insan haqqları dedik. Ermənilərdən fərqli olaraq sivil əhaliyə toxunmadıq. Əksinə su verdik, yemək verdik. Uşaqlara, qadınlara, yaşlılara əl tutduq.
İnsan olduğumuzu, müharibənin də bir mədəniyyəti, ədəbi-ərkanı olduğunu bu gün bizə qarşı çıxanlara göstərməyə çalışdıq. Bəli, yaşanmış qan dolu keçmişimizə, başımıza açılan min bir bəlaya rağmən biz insanıq dedik. İnsanlığımızı qoruduq.
Səsvermə hüququmuzu donduran Avropa Şurası dövlətləri niyəsə bütün bu yaşananları görmədilər. Əslində görmədilər deməzdim. Sadəcə görməzdən gəldilər.

Bir məsəl var "Qurd tükünü dəyişər xasiyyətini isə əsla!"

İllərlə etdiklərini yenidən etdilər. İkili standarlar yenə davam edir. Gördük ki, dəyişən heç nə yoxdur.

Türk olmağın bədəli....

Bəli, bunun başqa adı və izahı yoxdur! Kim nə deyir desin. Hansı donu geyindirir geyindirsin. Bunun bir adı var. Türk olmağın bədəli.

Dünya artıq türkün ayaq səslərini eşitməyə başlayıb. " Türklər gəlir" deyə bir-birlərinin qulaqlarına pıçıldaşmağa başlayıblar.

"Türklər gəlir!"

Qorxunun əcələ faydası yoxdur!

Bəli, biz gəlirik! Turan ideyamız gec-tez həyata kecəcək. Biz görməsək də övladlarımız mütləq görəcəklər. Niyyətimiz dünyaya sülhü, mədəniyyəti, ədaləti gətirməkdir.

Siz nə etsəniz də bu baş verəcək.

Torpaqdan pay olmaz! Bunu ancaq yuxunuzda görərsiniz. Sizlərə xoş görünmək üçün torpağımızdan pay verərək yaxşı oğlan ola bilmərik.

Qoy biz pis oğlan olaq. Səsimiz isə daima Xocalıdan, Xankəndindən gəlsin.

Necə deyərlər: "Havalansın Xanın səsi!"

Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR