Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasının lideri "Turan Tovuz" heyətini gücləndirmək niyyətindədir.
Kurban Berdiyev hazırda hücumçuya ehtiyac duyur. Mütəxəssis istəyini klub rəhbərliyinə çatdırıb. "Turan Tovuz" rəsmiləri milli fasilə başlayandan axtarışlara start verib.
Kurban Berdiyev sırf mərkəz hücumçusu istəyir. Hazırda "Turan Tovuz"dan bu mövqeyə tam uyğun olmayan 2 oyunçu var. Söhbət Otto Con və Alek Souzadan gedir. Düzdür, onlar hücumun sivri ucunda çıxış edə bilirlər. Lakin nigeriyalı daha çox sol, braziliyalı isə sağ cinah vingeri kimi çıxış edir. Ayxan Abbasovun dönəmində də onlar "Turan Tovuz"da bu mövqelərdə çıxış edirdilər.
Kurban Berdiyev hər iki oyunçunun hücum quruculuğundan razıdır. Lakin adı çəkilən futbolçuların bitiricikləri zəifdir. Bu səbəbdən mütəxəssis rəhbərlikdən sırf "9" nömrə transfer etməsini istəyib.
Yuxarıda qeyd etdiyimiz kimi, tovuzlular bu istiqamətdə axtarışlara başlayıb. Artıq bir neçə oyunçu ilə də təmasa keçilib. "Boz qurd" aylıq məvacibi 20-25 min dollar olan forvard transfer etmək niyyətindədir.
İşlər qaydasında getsə, Tovuz təmsilçisi "transfer pəncərə"si bağlanana kimi 2 forvardı heyətinə qatmaq istəyir.
Berdiyevin istəyi bununla da bitmir. Mütəxəssis yeni pleymeykerin komandaya fayda verəcəyinə inanır. Düzdür, baş məşqçi Xəyal Nəcəfovun performansından razıdır. Lakin çalışdırıcı ikinci "10" nömrənin komandanı daha da gücləndirəcəyini düşünür.
"Turan Tovuz" rəhbərliyi bu istəyə də "hə" deyib. Tovuzlular bu istiqamətdə də axtarışlara başlayıblar. "Boz qurd" aylıq məvacibi 15-20 min dollar olan pleymeyker transfer etmək istəyirlər.
Qeyd edək ki, axtarışlar daha çox İtaliya, İspaniya, Fransa, Almaniya və Rusiya bazarından edilir. (offsideplus.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ