Onlayn ictimai-siyasi qəzet
Ekvadorda prezident Daniel Noboaya qarşı sui-qəsd ehtimalı ölkədə fövqəladə təhlükəsizlik tədbirlərinə səbəb olub.
Musavat.com xəbər verir ki, 13 aprel tarixində keçirilmiş prezident seçkilərində səslərin 56,13 faizini toplayaraq qalib gələn Daniel Noboa-ya qarşı sui-qəsd planı barədə məlumatlardan sonra təhlükəsizlik qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Ekvador Silahlı Qüvvələrinin Komandanlığı strateji obyektlərə və dövlət qurumlarına yönəlmiş hücum planlarının olduğunu təsdiqləyib.
Prezident Administrasiyası bu vəziyyətə rəsmi reaksiya verib: “Dövlət başçımızın, dövlət rəsmilərinin və dövlət qulluqçularının həyatına qarşı hər cür təhdidi şiddətlə pisləyir və rədd edirik. Cinayətkar qrupların seçkidə uduzan siyasi dairələrlə işbirliyində olaraq zorakılıq, qorxu və terror yolu ilə xaos yaratmaq cəhdləri acınacaqlı haldır.”
Bəyanatda təhlükəsizlik protokollarının tam qüvvəyə mindiyi vurğulanıb: “Tam gücümüzlə cavab verəcəyik. Qətiyyətimizi sınayırlar. Onlar ölüm yayırlar, biz isə həyat, demokratiya və azadlığı qoruyuruq.”
Ekvador ordusu da məlumatları təsdiqləyərək bildirib ki, ölkədə iğtişaş törətmək məqsədilə zorakı aksiyalara hazırlıq gedir.
Qeyd edək ki, Noboa 13 aprel prezident seçkilərinin ikinci turunda səslərin 56,13 faizini qazanaraq prezident seçilmişdi. Müxalif solçu namizəd Luisa Qonzales isə seçkilərin saxtalaşdırıldığını iddia edərək nəticələri tanımadığını bəyan etmişdi.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ