Onlayn ictimai-siyasi qəzet
Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçiləcəyi təqdirdə verdiyi vədlərdən biri Rusiya-Ukrayna müharibəsini sonlandırmaq idi. Tramp, həmçinin, İranla dostluq münasibətləri qura biləcəyinə ümid ifadə etmişdi.
Lakin ötən aylar ərzində bu iki istiqamətdə ciddi irəliləyişin olmadığı görünür. ABŞ liderinin diqqətində olan digər məsələ isə Türkiyə-İsrail qarşıdurmasıdır.
Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Tramp deyib ki, Ərdoğan çox güclü və ağıllı adamdır. SİTAT: “Ərdoğan Türkiyə Suriyada heç kimin edə bilmədiyini etdi. Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var”.
Bəzi ekspertlər bunu İsraili ciddi qarşıdurmadan çəkindirmək üçün mesaj kimi dəyərləndirirlər.
Ötən həftə Azərbaycanda Türkiyə və İsrail arasında keçirilən görüşdən sonra isə ölkəmizin iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasında vasitəçiliyi məsələsi gündəmə gəlib. Yeri gəlmişkən, Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda “Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndiririk” ifadəsi yer alıb.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib.
“İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”, - deyə Prezident vurğulayıb.
Görünən odur ki, İsrail-Türkiyə qarşıdurmasında ABŞ və Azərbaycanın mövqeyi birmənalı şəkildə eynidir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, Trampın verdiyi vədlər siyasi təbliğat məqsədi daşıyırdı.
O, Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi kifayət qədər mürəkkəb xarakterlidir:
“Bu müharibəni qısa zamanda həll etmək müşküldür. İsrail və Türkiyə arasında münasibətlərin normallaşdırılmasında isə ABŞ-nin müəyyən təsir imkanları var. Nəzərə almaq lazımdır ki, ABŞ Türkiyə ilə NATO çərçivəsində müttəfiqdir. Ölkələr bir çox sahədə yaxından əməkdaşlıq edirlər. Ayrı-ayrı sahələrdə müəyyən problemlər olsa da, müttəfiqlik dəyişməz qalıb. Eyni zamanda ABŞ İsrail ilə də müttəfiqdir. Düşünürəm ki, bu amil də münasibətlərin normallaşmasına töhfə verə bilər. Başqa sözlə, ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşması üçün töhfə verməyə diplomatik potensialı var”.
Ekspertin fikrincə, İsrail-Türkiyə qarşıdurmasının aradan qaldırılmasında ABŞ və Azərbaycan birgə vasitəçilik edə bilər:
“Azərbaycan artıq vasitəçilik missiyasında ilk addımı atıb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın İsrail-Türkiyə münasibətlərinin normallaşması üçün atdığı addımlar nəticə verib. Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə yüksək səviyyəli münasibətləri var. Türkiyə ilə biz müttəfiqik, İsrail ilə isə tərəfdaşıq. Bu da bizə imkan verir ki, vasitəçilik missiyasını həyata keçirək.
O dövlətlərin vasitəçiliyi uğurlu alınır ki, münaqişə edən tərəflərin hər biri ilə yüksək səviyyədə münasibətləri var. Bu mənada Azərbaycanın da diplomatik potensialı var.
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasəti, diplomatiyası ilə yalnız yerləşdiyi regionda deyil, daha geniş regionda sülhə, əmin-amanlığa nail olmağa çalışır. Azərbaycan xüsusilə dost, müttəfiq dövlətlər arasında münasibətlərin ən azı müharibə həddinə qədər irəliləməməsində maraqlıdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ