Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Fransanın radikal sağçı lideri Marin Le Pen-ə qarşı çıxarılan məhkəmə hökmünü siyasi təqib adlandırıb və onun dərhal azadlığa buraxılmasını tələb edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
O, Le Pen-ə qarşı qaldırılan ittihamları “avropalı solçuların azad sözə qarşı istifadə etdiyi hüquqi silah” kimi xarakterizə edib və bu prosesi özünün keçmişdə yaşadığı “siyasi təqib ssenarisi” ilə müqayisə edib:
“Marin Le Pen-ə qarşı aparılan bu cadugər ovuna son qoyulmalıdır. Avropalı solçular siyasi rəqiblərini susdurmaq üçün yenə eyni üsullara əl atırlar. Bu dəfə isə iş o yerə çatıb ki, rəqibini həbsə atıblar.”
Tramp, Le Pen-lə şəxsən tanış olmadığını, lakin onun illərlə apardığı mübarizəyə və əzminə hörmət etdiyini vurğulayıb. O bildirib ki, Le Pen çoxsaylı siyasi məğlubiyyətlər yaşasa da, heç vaxt geri çəkilməyib:
“İndi isə, böyük bir qələbəyə çox az qalmış, ona ehtimal ki, heç bilmədiyi və əhəmiyyətsiz bir məsələ – sadəcə ‘mühasibatlıq səhvi’ – üzərindən ittiham irəli sürüblər.”
Trampın fikrincə, bu hökm təkcə bir partiyanın və ya liderin həbsi deyil, Fransa və bütövlükdə azadlıq prinsiplərinə zərbədir:
“Bu, Fransanın və möhtəşəm Fransa xalqının faciəsidir – hansı tərəfdə olmalarından asılı olmayaraq. Marin Le Pen-ə azadlıq!”
Marin Le Pen Avropa Parlamenti vəsaitlərindən qanunsuz istifadə ittihamı ilə məhkum edilib. Paris məhkəməsi onu Avropa Birliyi büdcəsindən şəxsi və ya partiya məqsədləri üçün istifadə etməkdə günahlandırıb. Bu, Fransada daxili siyasi balansı ciddi şəkildə silkələyib və Makron hökumətinə qarşı beynəlxalq reaksiyalara səbəb olub.
Musavat.com-un şərhi: Tramp Avropanı dəyişmək istəyir – sağçı liderlərə dəstək, solçulara meydan oxuma
ABŞ prezidenti Donald Trampın 2025-ci ildə başladığı ikinci prezidentlik dönəmi yalnız ABŞ daxili siyasəti ilə məhdudlaşmır. Onun Avropaya yönəlik ritorikası və diplomatik jestləri ideoloji xarakter daşıyır – məqsəd Avropa siyasi mühitini yenidən formatlamaqdır.
Musavat.com-a görə Trampın məqsədi Avropada solçu liberalların hegemonluğunu qırmaqdır.
Tramp Avropada uzun illərdir hökm sürən sosial-demokrat və sol-liberal sistemləri “avtoritar sol quruluşlar” kimi təqdim edir. Onun fikrincə, bu siyasi qüvvələr xalqla elita arasında uçurumu dərinləşdirib, milli suverenlik prinsipini sıradan çıxarıblar.
Tramp bu ideoloji mübarizədə “lawfare” – yəni hüquqi vasitələrlə siyasi təqib metodlarını ifşa etməyə çalışır. Marin Le Pen-ə qarşı çıxarılan məhkəmə qərarını da bu kontekstdə təqdim edərək, Avropa müxalifət sağının təqib edildiyini göstərmək istəyir.
Kimlər Trampın Avropadakı ideoloji müttəfiqləridir?
Tramp bu gün Avropada aşağıdakı liderləri və siyasi blokları dəstəkləyir və ya onların mövqeyini gücləndirir:
• Marin Le Pen (Fransa) – radikal sağçı “Milli Birlik” lideri
• Viktor Orban (Macarıstan) – illərdir Qərb liberalizminə meydan oxuyan lider
• Mateo Salvini və Giorgia Meloni (İtaliya) – Avropa İttifaqı qarşıtlığı ilə tanınan populistlər
• Geert Wilders (Niderland) – anti-immiqrasiya və islamofobiya ilə seçilən sağçı
• AfD (Almaniya) – Trampın ritorikasını dəstəkləyən sağçı blok
• VOX (İspaniya) – Trampın Avropadakı “milli suverenlik” doktrinasını əsas ideoloji baza kimi qəbul edənlər
Bu liderlər “Trump doktrinası” adlana biləcək ideoloji çərçivədə birləşirlər:
Millətçilik, anti-miqrant mövqe, ABŞ-a yönəlmiş loyal suverenizm, dərin dövlətə qarşı üsyan, sosial-liberal elitalara qarşı çıxış.
Yeni Avropa – Vaşinqtonun baxışı
Tramp administrasiyası Avropada Fransa və Almaniya kimi klassik sol-liberal hegemoniyaların zəiflədilməsinə yönəlmiş mesajlar verir. O, bu yolla:
• Avropa İttifaqının daxili parçalanmasını sürətləndirmək
• NATO daxilində ABŞ-dan asılı olmayan siyasi platformaların qarşısını almaq
• ABŞ-a ideoloji yaxın olan Avropa liderlərini gücləndirmək istəyir.
Musavat.com
10 Aprel 2025
09 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ