Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sabiq maliyyə naziri, iqtisadçı alim Prof. Saleh Məmmədov ABŞ prezidenti Donald Trampın siyasi irsini sərt şəkildə tənqid edən geniş təhlil yazısı ilə çıxış edib.
Musavat.com-un xəbərinə görə, professorun fikrincə, Tramp dövrü ABŞ-nin tarixində təkcə daxili ziddiyyətləri dərinləşdirməklə deyil, həm də qlobal sabitliyə vurduğu ziyanla yadda qalacaq.
“Trampın siyasəti Putindən və Hitlərdən daha təhlükəlidir”
Sabiq nazirin fikrincə, Donald Trampın idarəçiliyi təkcə iqtisadi sistemləri deyil, həm də beynəlxalq diplomatiya, humanitar əməkdaşlıq və iqtisadi sabitlik sütunlarını çökdürüb:
“Onun vurduğu zərər bir çox baxımdan, hətta Adolf Hitler və Vladimir Putin kimi qatil diktatorların törətdiyi dağıntılardan daha ağırdır, çünki Tramp əsasları – diplomatiyanı, iqtisadi dialoqu və beynəlxalq əməkdaşlığı məhv etdi”.
İqtisadi sabotaj və humanitar liderliyə xəyanət
Yazıda qeyd olunur ki, ABŞ-nin beynəlxalq nüfuzu onun hərbi gücündən çox, humanitar diplomatiya və iqtisadi əməkdaşlıq üzərində qurulmuşdu.
Lakin Tramp administrasiyası bu modeli dağıtdı:
• Qəfil gömrük rüsumları tətbiq edildi;
• Ticarət sazişlərindən birtərəfli qaydada çıxıldı;
• DTÖ və BVF kimi institutlara etimad zəiflədi.
“USAID-in fəaliyyətinin dayandırılması, Harvard Universitetinə qarşı hücumlar, “Amerikanın Səsi” kimi media qurumlarının sıradan çıxarılması ABŞ-ı avtoritarizmə sürükləyir”, - deyə müəllif vurğulayır.
Amerikanın mənəvi dayaqları sarsılır
Məqalədə Trampın beynəlxalq hüquqa və suverenlik prinsipinə laqeyd münasibəti də sərt tənqid olunur. Onun Kanadanı və Qrenlandiyanı ilhaq etmək ideyalarını dilə gətirməsi, Paris İqlim Sazişindən və İran nüvə müqaviləsindən çıxması, ABŞ-nin qlobal lider imicinə zərbə vurub.
“ABŞ hər zaman ərazi işğallarına qarşı çıxıb, Tramp isə açıq şəkildə ilhaq ritorikasına üstünlük verdi”, - deyə Prof. Məmmədov yazır.
Cinayətkar rejimlərin gücləndirilməsi və ədalətin pozulması
Müəllif Trampın Putinə verdiyi dəstəyi, Ukraynanın haqlı müdafiəsinə qarşı sərgilədiyi təhrikedici ritorikanı, NATO-ya qarşı hücumlarını və beynəlxalq məhkəmələri tanımamasını qlobal hüquq sisteminə zərbə kimi qiymətləndirir:
“Tramp diktatorları legitimləşdirməklə zorbaları cəsarətləndirdi, ABŞ-nin ədalət prinsiplərinə xəyanət etdi”.
Etibarın uçuruma yuvarlanması
Təhlildə vurğulanır ki, Trampın siyasəti nəticəsində ABŞ artıq dünya üçün etibarlı tərəfdaş kimi görünmür. Bu səbəbdən ölkələr yeni ittifaqlar formalaşdırır, ABŞ-ni artıq qlobal oyunçu kimi görməməyə başlayır:
“Gələcək administrasiyalar Trampın yaratdığı etibarsızlıq izlərini nəsillərlə düzəldə bilməyəcək”.
Məqalənin sonunda Prof. Məmmədov ABŞ ictimaiyyətini təcili tədbirlər görməyə çağırır:
“Əgər ABŞ Trumpı cinayətlərinə görə mühakimə etməzsə, beynəlxalq sazişlərə yenidən qoşulmaz və humanitar dəyərlərə sadiqliyini təsdiqləməzsə, ölkə tam çöküş riski ilə üz-üzədir. ABŞ ya parçalanmış nüfuzunu bərpa edəcək, ya da Trampın sərsəm idarəçiliyinin törətdiyi fəlakətlə tarixə düşəcək”.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ