Onlayn ictimai-siyasi qəzet
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə saxlanılan Abit Mərdanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
A. Mərdanov terroru maliyyələşdirməkdə ittiham olunaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, Abit Mərdanov Suriyada olan Azərbaycan vətəndaşına müxtəlif yollarla pul göndərib.
Onun pul göndərdiyi şəxs “İdris” dini ləqəbli Kamran Şıxəliyev olub. Kamran hazırda Suriyadadır və qanunsuz silahlı birləşmələrin tərkibində döyüşür.
Kamranla Abiti tanış edən şəxs isə Nicat olub. Abitlə Nicat birlikdə tikintidə işləyərkən tanış olublar. Birlikdə namaz qılıblar. Nicat Kamranın telefon nömrəsini Abitə verərək onunla əlaqə saxlamasını istəyib. Abit əvvəlcə Suriyaya getməyi planlaşdırsa da, sonradan fikrini dəyişib.
Məlum olub ki, Abitin tanış olduğu Nicat 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə terror hadisələri törətməyə cəhddə təqsirli bilinərək saxlanılanlar arasında olub. Sonradan isə azadlığa buraxılıb.
Həbs edilən Abit ailəli olub, iki azyaşlı övladı var. Sonradan boşanıb və ailəsi ilə ayrı yaşayır. Onun himayəsində xəstə qardaşı və yaşlı anası var.
İstintaqla müəyyən edilib ki, Abit Kamranla uzun müddət danışandan sonra aralarında yaxın münasibət yaranıb. Abit Kamranın istəyi ilə öz kartını ona göndərib. Azərbaycanda olan ayrı-ayrı şəxslər Abitin kartına pul göndərib. Abit həmin pulları nağdlaşdırıb və poçt vasitəsi ilə Kamranın dediyi Türkiyə vətəndaşlarının adına göndərib. Həmin şəxslər də pulu Kamrana çatdırıb.
Abit ifadəsində deyib ki, Kamrana pul göndərməkdə məqsədi din qardaşı kimi ona dəstək olmaq olub. Onun sözlərinə görə, Kamranın arvadı xəstə olduğu üçün ona kömək edib.
Geniş ifadə verən Abit əvvəl Suriyaya getmək niyyətinin olduğunu da etiraf edib:
“Əvvəl Suriyaya gedib orada müsəlmanlara zülm edənlərə qarşı döyüşmək istəyirdim. Bir müddət sonra Suriyada ayrı-ayrı dini quruplaşmaların bir-birləri ilə döyüşməyə başladığını gördüm. Həm də ora gedənlərin çoxunun peşman olduqlarını da eşidirdim. Din qardaşlarının bir-birlərinə qarşı döyüşməsi mənim fikrimi dəyişdi. Buna görə də getmədim. Həm də yaşlı anama və xəstə qardaşıma baxacaq adam yox idi”.
Məhkəmədə şahid qismində Suriyada olan Kamranın qardaşı da dindirilib. O, qardaşı Kamrandan imtina etdiyini deyib. Bildirib ki, qardaşının darvanışlarını bəyənməyib:
“Mən Türkiyəyə köçəndə yanıma gəldi. Bir müddət qaldıqdan sonra mənim və ailəmin kafir olduğunu dedi. Kamranla əlaqəm yoxdur. Suriyaya getdiyini də atamdan eşitmişəm. Azərbaycanda olanda ailəli deyildi. Orada bir qadınla ailə həyatı qurduğunu atamla danışanda eşitmişəm. Suriyaya da nə üçün getdiyini bilmirəm”.
Məhkəmə istintaqı zamanı Abitlə Kamran arasındakı mesajlar da araşdırılıb. Həmin mesajlarda Abitin kimlərdən pul aldığı, Kamrana kimlər vasitəsi ilə göndərdiyi detallı şəkildə yazılıb.
Abit qeyd edilən əməli törətməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İlkin Muradov
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ