Onlayn ictimai-siyasi qəzet
Bu gün Bakıda yerləşən Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Azərbaycan və Özbəkistanın ticarət pavilyonlarının açılış mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, “Türk Obası” mədəniyyət mərkəzində baş tutan tədbirdə adıçəkilən ölkələrin səfirləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edən KOBİA sədri Orxan Məmmədov bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ticarət pavilyonlarının Bakıda fəaliyyətə başlaması türk dünyasının birliyinə və iqtisadi inteqrasiyasına müsbət təsir edəcək:
"Qardaş türk xalqlarımız inkişaf edir. Ticarət platformaları türk ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayır. Bu pavilyonların açılması əlaqələrin daha da sıxlaşmasına xidmət edəcək".
O vurğulayıb ki, bu mərkəz yalnız iqtisadi deyil, həm də mədəni inteqrasiyanın inkişafına imkan verəcək:
“Türk dünyası olaraq birliyimiz və qardaşlığımız daha da güclənəcək. Belə layihələr dostluğumuz və birgə ticarət fəaliyyətimiz üçün çox önəmlidir. Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir və bu pavilyonlar ticarət dövriyyəsinin artmasına töhfə verəcək”.
Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman isə çıxışında bu platformaların Türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təxminən 200 milyon əhalisi və 1,5 trilyon dollarlıq ümumi iqtisadi potensialı var. Lakin üzv ölkələr arasında ticarət dövriyyəsi hələ ki, bu imkanlara uyğun səviyyədə deyil. Odur ki, ticarət əlaqələrinin genişləndirilməsi bizim borcumuzdur. Bu cür təşəbbüslər əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.
TTM-nin direktoru Yılmaz Okuklu isə çıxışında qeyd edib ki, bu tədbir Türkmənistanın ilk dəfə türk ölkələrinin iqtisadi təşəbbüsündə yer aldığı platformadır:
“Bu gün Türkmənistan, qismən də olsa, məhz Azərbaycanda türk ölkələrinin dünya iqtisadi birliyinə inteqrasiyasında iştirak edir”.
Tədbir çərçivəsində Özbəkistanın Ticarət-Sənaye Palatası (TSP) ilə Türk Ticarət Mərkəzi (TTM) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi TTM-in direktoru Yılmaz Okuklu və TSP sədrinin müşaviri İslam Babajanov imzalayıblar.
Yılmaz Okuklu qeyd edib: “Türk Ticarət Mərkəzi Özbəkistanla əməkdaşlığı genişləndirir və Azərbaycanı Mərkəzi Asiyanın 40 milyonluq bazarına çıxış verən əsas ticarət hesabına çevirmək niyyətindədir”.
Tədbirin sonunda iştirakçılar pavilyonlarla tanış olub, təqdim edilən məhsullardan dadıb, alpaqut döyüşçülərinin təqdimatını izləyiblər.
Şahanə Rəhimli
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ