İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarmaqarışıq situasiya - Avropa Çinlə yaxınlaşır, ABŞ təklənir, uyğurlar “xərclənir”

Donald Trampın başlatdığı tarif müharibəsi gözlənilməz nəticələr verir. Avropa Çin mallarının tədarükünün artmasına və ümumi qiymətlərin aşağı düşməsinə hazırlaşır. Pekin və Avropa İttifaqı eyni vaxtda qarşılıqlı siyasi və ticarət sanksiyalarını ləğv etmək niyyətindədir. Rusiya isə Çinlə investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı yeni müqavilələr imzalamağa hazırdır.

Bu mövzuda beynəlxalq mediada yer alan analitik materiallara görə, ABŞ-nin yeni tarifləri Avropada inflyasiyanın azalmasına şərait yaradacaq. Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard deyib ki, ABŞ tarifləri Avropa üçün inflyasiya deyil, dezinflyasiyaya səbəb ola bilər. "Çin həddindən artıq potensiala sahibdir və ixracını harasa, bəlkə də Avropaya yönləndirmək istəyəcək və bu, qiymətlərə azaldıcı təsir göstərəcək", - Laqard bildirib.

04_2404.jpg (33 KB)

AMB rəhbəri onu da aydınlaşdırıb ki, Avropa Mərkəzi Bankı artıq inflyasiyanın 2%-lik hədəf səviyyəsinə qaytarılması məqsədinə, demək olar ki, nail olub və inflyasiya prosesi tam sürətlə davam edir. "Ancaq şoklar qalmaqdadır. Onların inflyasiyaya son təsiri Avropada və başqa yerlərdə görülən əks tədbirlərdən asılı olacaq", - Laqard izah edib.

Donald Trampın Çin idxalına tarifləri artıraraq, 145%-ə çatdırması öz gözünə də fantastik görünüb və o, geri addım atmağı düşündüyünü dilə gətirib, çünki Çinə tariflərin tətbiqinin ABŞ-nin özündə inflyasiyanı artıracağı artıq şübhə doğurmur.

Başqa sözlə, ABŞ prezidentinin avantürist tarif siyasətiinin onun umduğu nəticələri verməyəcəyi yəqinləşib. Tariflərin bir həftənin içində, ikiqat, üçqat, daha sonra dördqat artırılması göstərdi ki, ortada ağıllı, ölçülüb-biçilmiş bir iqtisadi siyasəti layihəsi yox, rəqibini bleflə qorxudub pəs etdirmək, “bankı aparmaq” istəyən qumarbaz öcəşkənliyi var.

Beləcə, Tramp Avropanı və Rusiyanı yanına alaraq Çini təkləmək istərkən, özü təklənmiş duruma düşməkdədir. Ona görə ki, Rusiyanın bu dövlətin avantüralarına uyması mümkün deyil. ABŞ-də Kremlə nə cür reveranslar edilirsə, edilsin, Moskvanın Ağ Evə etibarı yoxdur, daim hesab edir ki, onun baş düşməni ABŞ-dir və bu dövləti idarə edənlər həmişə Rusiyaya qarşı nəsə pis şeylər fikirləşir, ona münasibətdə A, B, hətta C planına malikdirlər. Ona görə də Moskva Pekinə qarşı cəbhə almaq istəmir.

Kollektiv Avropa isə həmişə olduğu kimi praqmatizmə, əməkdaşlığa üstünlük verir. “Qoca qitə”nin dominant dövlətləri görürlər ki, onların iqtisadiyyatına, əhalisinin rifahına zərər yetirən destruktiv ABŞ-dənsə, qarşılıqlı faydalı əməkdaşlığın mümkün olduğu konstruktiv Çin daha əlverişli tərəfdaş ola bilər. Bu zaman Çinin totalitar rejimə sahib olan ölkə olması Avropa üçün ikinci plana keçir. Əsas məsələ ticarətdir.
Dünya miqyasında tanınmış iqtisadçılar bu fikirdədir ki, qlobal ticarət müharibəsi səbəbindən ABŞ və Çin bir-biri ilə ticarəti tamamilə dayandırarsa, o zaman əvvəllər ABŞ üçün nəzərdə tutulmuş Çin malları digər yerlərlə yanaşı, Aİ-yə də yönləndiriləcək və bu da Aİ daxilində bütün oxşar malların qiymətinin azalmasına səbəb olacaq.

drakon.jpg (13 KB)

Hesab olunur ki, pul baxımından da Avropanın itkiləri amerikalıların itkilərindən az ola bilər. Trampın elan etdiyi"qarşılıqlı tariflər”i ABŞ və Çin arasındakı mövcud tariflərə nəzərən bir il ərzində tətbiq olunarsa, bu, qlobal iqtisadiyyata 1,3 trilyon dollara başa gələcək.

Qərb agentlikləri qeyd edirlər ki, Çin hakimiyyəti ABŞ-la ticarət münaqişəsindən itkiləri kompensasiya etmək və ixrac axınının istiqamətini dəyişmək üçün Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır. "Çin və Avropanın yenidən başlamasının vaxtıdır. Trampın səbəb olduğu ticarət sarsıntısı bizə ticarət əlaqələrimizi yenidən düşünmək imkanı verir - Çin Avropaya daha çox məhsul ixrac etməli və ondan daha çox idxal etməlidir", - Çin Makroiqtisadi Tədqiqatlar Akademiyasının baş elmi işçisi Çjan Yanşen deyib.

Çin və Avropa İttifaqı indinin özündə də mühüm ticarət tərəfdaşları olaraq qalır: Çin üçün Aİ ikinci ən böyük təchizatçıdır, Aİ üçün isə Çin əsas ticarət tərəfdaşıdır. 2024-cü ildə qarşılıqlı ticarət 785,82 milyard dollara çatıb. Avropa Birliyinə bütün tədarüklərin təxminən 21,3%-i Çinin payına düşür və Aİ-nin bütün ixracının təxminən 8,3%-i Çinə yönəlib. Bununla belə, Aİ 2024-cü ildə 247 milyard təşkil edən ticarət kəsiri ilə Çin ilə ticarət edir.

İndi Avropa İttifaqının sanksiyalarına cavab olaraq Çin tərəfinin də Avropa Parlamentinin üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaların qarşlılıqı ləğvi məsələsi də gündəmə gəlir. Yaranmış situasiyada ticari mənfəət siyasi intriqaya üstün gələcək, Pekinin Aİ ilə münasibətlərinin normallaşmasına yol açacaq.

uyqarr.JPG (49 KB)

Xatırladaq ki, 2021-ci ildə Aİ xarici işlər nazirləri “Sincandakı uyğur müsəlman azlığına” qarşı təqiblərlə bağlı insan haqlarının pozulmasına görə dörd Çin vətəndaşının və bir təşkilatın sanksiya siyahısına daxil edilməsi barədə razılığa gəliblər. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi Aİ-dən 10 şəxs və 4 təşkilata sanksiya tətbiq edib.

Bu, uyğurların və tibetlilərin bəxtsizliyidir ki, Trampın tarif siyasəti dolayısı ilə həm də onların milli mənafeyinə zərbə vurur, iqtisadi tənəzzüldən çəkinən avropalılar artıq öz rifahlarını Çindəki etnik azlıqların həyatda qalmaq uğrunda apardığı mübarizədən üstün tutmağa, onların müdafiəsini səngitməyə məcburdurlar.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR