Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana rəsmi səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm bir dönüş nöqtəsi olaraq qiymətləndirilə bilər.
Bu səfər, yalnız yüksək səviyyəli görüşlərlə məhdudlaşmayıb, həm də ikitərəfli münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Kallasın Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş, tərəflər arasında etimadın möhkəmləndiyini və gələcək əməkdaşlıq üçün geniş imkanların açıldığını göstərdi. Görüşdə həmçinin Azərbaycanın Avropa İttifaqı ilə olan əməkdaşlığının inkişafı, xüsusən enerji sahəsindəki irəliləyişlər və təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Ekspertlər hesab edirlər ki, Kallasın səfəri çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar Avropa İttifaqının Azərbaycanın regional və geosiyasi əhəmiyyətini daha dolğun şəkildə anlamağa başladığını göstərir.
Bu, Avropa İttifaqının illərdir mövcud olan bəzi stereotiplərdən və birtərəfli yanaşmalardan geri çəkildiyini və Azərbaycanın potensialını daha ətraflı qiymətləndirdiyini ortaya qoyur.
Bu müzakirələr, həmçinin Avropa İttifaqının Azərbaycanın enerji resurslarına və tranzit imkanlarına olan marağını daha da artırdı. Aİ, Azərbaycanla daha praqmatik və strateji əsasda əməkdaşlıq etməyə maraqlı olduğunu bəyan edib.
Bu da Azərbaycanın enerji və nəqliyyat sahəsindəki potensialını artıraraq, onu Avropa üçün mühüm strateji tərəfdaş halına gətirir. Xüsusilə, Azərbaycanın Xəzər-Qara dəniz regionunda oynadığı rola, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminindəki vacib mövqeyinə yüksək qiymət verilir.
Azərbaycan hal-hazırda Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir və bu sahədə təchizatın coğrafi şaxələnməsi baxımından lider mövqeyə malikdir. Bu, ölkəmizi yalnız regional deyil, həm də Avropa üçün strateji bir tərəfdaş olaraq önə çıxarır. Səfər çərçivəsində əldə edilən razılaşmalar, həmçinin tərəflər arasında daha sıx əməkdaşlığın əsası kimi dəyərləndirilə bilər.
Kallasın səfəri Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyub və bu, yalnız siyasi deyil, həm də enerji, təhlükəsizlik və nəqliyyat sahələrindəki əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər açıb. İkitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxması, Azərbaycanla Avropa İttifaqı arasında daha balanslı və bərabərhüquqlu tərəfdaşlığın yaranmasına doğru atılan mühüm bir addım olaraq dəyərləndirilir.
Bundan əlavə, Kallasın səfəri, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və çoxtərəfli diplomatiyasının daha bir sübutu kimi qiymətləndirilə bilər. Bu da Azərbaycanın həm Avropada, həm də dünya miqyasında daha güclü və strateji mövqe tutmasına şərait yaradır.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ