İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Meksikaya "su müharibəsi" elan etdi – tarif və sanksiyalar gəlir

Donald Tramp Meksikaya qarşı tarif və sanksiyalar tətbiq edəcəyini deyib. Səbəb kimi isə 1944-cü ildə ölkələr arasında su təchizatı ilə bağlı imzalanan müqavilənin pozulmasını göstərib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti özünə məxsus Truth sosial şəbəkəsində Meksikanın Texas ştatına müqavilədə nəzərdə tutulan həcmdə su vermədiyini qeyd edib: "Meksika Texasa 1944-cü il Su Müqaviləsinə əsasən 1,3 milyon akr-fut (1,6 milyard kubmetr – red.) su verməlidir, lakin Meksika təəssüf ki, öz öhdəliklərini pozur. Biz tariflər və sanksiyalar da daxil olmaqla, addımları sərtləşdirməyə davam edəcəyik ki, Meksika Texasa olan su borcunu təmin etsin”.

Tramp həmçinin qeyd edib ki, su qıtlığı keçən il Texasın yeganə şəkər zavodunun bağlanması ilə nəticələnib.

"The Washington Post" qəzetinin 2024-cü il mayın 17-də yazdığına görə, Meksika onilliklər ərzində "ABŞ-a su tədarükünə müqavimət göstərərək" müqaviləni pozub, çünki özü də quraqlıqdan əziyyət çəkir. 1944-cü ildə ölkələr arasında imzalanan müqaviləyə əsasən Meksika Rio-Qrande çayı hövzəsindən ABŞ-a hər beş ildə təxminən 2,2 milyard kubmetr su, ABŞ isə Kolorado çayından əks istiqamətə 1,8 milyard kubmetr su göndərməyi öhdəsinə götürüb.

Trampın hədələməsindən sonra Meksika prezidenti Klaudiya Şeynbaum öz X hesabında qeyd edib ki, hökumət nazirlərinə ABŞ-a su tədarükü ilə bağlı müqavilə ətrafında yaranmış vəziyyəti həll etməyi tapşırıb: "Mən Kənd Təsərrüfatı və Kənd İnkişafı, Xarici Əlaqələr, Ətraf Mühit və Təbii Sərvətlər katiblərinə dərhal USDA və Dövlət Departamentləri ilə əlaqə saxlamağı tapşırdım. Əminəm ki, digər məsələlərdə olduğu kimi, razılıq əldə olunacaq. Dünən ABŞ Dövlət Departamentinin dövlət katibinin müavininə 1944-cü il müqaviləsi çərçivəsində Texasın su təchizatı problemini həll etmək üçün hərtərəfli təklif göndərilib ki, bu da yaxın müddətli tədbirləri əhatə edir”.

O, "üç il quraqlıq olduğunu, lakin Meksikada su təminatı baxımından problem olmadığını" qeyd edib: "Beynəlxalq Sərhəd və Su Komissiyası hər iki ölkənin faydasına olacaq həll yolları tapmaq üçün öz işini davam etdirir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR