İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Caspian House” - Xəzər Evi təqdim olunub

Bu gün Azərbaycan Avrasiya inteqrasiyasının əsas aktoru mövqeyini tutmuş ölkə kimi yeni çağırışların və regionda vacib məsələlərin həllinin önündə dayanır. Ekoloji təhlükələrin artması və Xəzər dənizinin quruması ilə əlaqədar Xəzəryanı dövlətlərin vətəndaş cəmiyyətinin səfərbər edilməsi də ölkəmizin ictimai fəallarının təşəbbüsü ilə gündəmə gətirilib. Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın ekoloji ictimai birliklərini bir araya gətirən “The Caspian House” - Xəzər Evinin yaranması buna dəlalət edir.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin həyata keçirdiyi “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” layihəsi əsasında təşkil edilmiş Xəzər Evi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.

İctimai Birlikdən Musavat.com-a bildirilib ki, layihə çərçivəsində Xəzər Evinin virtual məkanı olan https://caspianhouse.org/ portalı, dünyada ilk virtual ekoloji muzey, “Noosfera Nəzəriyyəsindən Dayanıqlı İnkişaf Prinsiplərinə” kitabı, Xəzər dənizinin səviyyəsinin azaldığını göstərən VR texnologiyasını dəstəkləyən 360 videogörüntülər və Xəzərin ekoloji problemlərindən bəhs edən “Xəzəri birgə qoruyaq” videoçarxı hazırlanıb.

Strateji Kommunikasiyalar Mərkəzində keçirilən tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər və ekoloqlar iştirak ediblər.

Layihənin müəllifi, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin professoru Əməkdar jurnalist Şəlalə Həsənova tədbir iştirakçılarına layihə haqqında geniş məlumat verib. Xəzərin ekoloji problemlərinə toxunan Ş.Həsənova saytı və muzeyi təqdim edərək bildirib ki, Xəzəryani ölkələrin QHT-lərini birləşdirən Evin https://caspianhouse.org/ ünvanlı virtual platformasının 48 elektron qovluğunda 480 fayl yerləşdirilib. Burada Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın ekoloji siyasəti, yaşıl iqtisadiyyatı, ətraf mühit problemləri, dayanıqlı inkişaf məqsədləri, vətəndaş cəmiyyəti, ekoturizmin təşkili, xalq yaradıcılığı haqqında məlumatlar yer alıb. Qeyd olunub ki, Xəzəryanı ölkələrin ictimai fəallarının interaktiv əlaqəsi və bloqlar üçün də virtual müstəvi nəzərdə tutulub.

“Xəzəryanı ölkələrin yaşıl iqtisadiyyatı” adlı muzeyi nümayiş etdirərək Ş.Həsənova xüsusi vurğulayıb ki, burada Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşıl iqtisadiyyatın inkişafı, Ağalı kəndi, günəş, su, külək stansiyaları barədə ətraflı məlumat verilir, Qazaxıstan, Rusiya və Türkmənistanın yaşıl siyasəti açıqlanır.

Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Billurə Ələkbərova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Günay Vəliyeva layihənin əhəmiyyətindən və mövzunun aktuallığından danışıblar.

Müzakirələrin davamında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədri Amin Məmmədov, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik Abbas, Respublika Qadın Cəmiyyətinin sədri Bahar Qasımova, “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rəvan Cəfərli, Təbiəti Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov, professor Vaqif Məmmədov, dosent Arzuman Muradlı öz fikirlərini bölüşüblər.

Sonda Xəzərin ekoloji problemlərindən bəhs edilən videoçarx və 360 VR videogörüntülər nümayiş olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR