Onlayn ictimai-siyasi qəzet
Axşam saatları adətən ailə ilə vaxt keçirməyin və mütaliə üçün toxunulmaz hesab olunan gözəl zamandır. Sizinlə bölüşmək istədiyim və təsadüfən şahidi olduğum söhbəti məhz axşamların birində yaşadığım binamızın qarşısında söhbətgahda adətən domino oynayan hörmətli təqaüdçülərimizdən eşitmişdim. Öncə onu bildirim ki, müdrik yaşına çatmış həmin bu təqaüdçülər məhəlləmizdə ən hörmətli və seçilmiş ziyalılardandır. Zamanında müəllim, habelə müxtəlif dövlət qurumlarında və fərqli istehsalat müəssisələrində çalışmış bizim bu təcrübəli təqaüdçülərin söhbət və nəsihətləri hər dəfə öz arif baxışları ilə diqqətimi cəlb edir. Onların mehriban və nəzakətli davranışlarını görəndə hər dəfə elə bir qənaətə gəlirəm ki, məhz sağlam baxış və sağlam təfəkkür cəmiyyət üçün faydalı olan həqiqi ziyalılığının ən önəmli xüsusiyyətləridir.
Keçək bilavasitə təsadüfi şahidi olduğum, diqqətimi cəlb edən və düşünməyə vadar edən ziyalılarımızın söhbətinə. Zamanında ali məktəblərin birində müəllim çalışmış ağsaqqal deyir: “Dünən nəvəmin kompüterində əlim dinc durmadı girdim sosial şəbəkələrə. İstədim baxım insanlar nə danışır, nə düşünür? Açığı seçkilər ilə bağlı söz-söhbətlər diqqətimi çəkir. Yağışdan sonra üzə çıxan göbələklər kimi bu bəzi demaqoqlar da seçkidən öncə üzə çıxıb və insanları əyləndirirlər. Ancaq bəzən bəziləri gopçu ovçu Pirim kimi yaman danışırlar. Görünür, bunun üçün istedad lazım. Ola bilsin ki, bu cür “orator” olmaq üçün onlar hazırlaşırlar və ya hətta xüsusi təlimlərdə də iştirak edirlər. Sanki aktyor kimi onlar rol oynayırlar, sən isə tamaşaya baxan izləyici kimi donub qalırsan kompüterin qarşısında”.
Razılaşın, maraqlı və ola bilsin ki, hər kəs üçün tanış söhbətdir. İndi isə keçmişdə böyük bir müəssisədə mühəndis kimi çalışmış digər ağsaqqalın cavabına diqqət yetirin: “Demaqoq olmaq üçün istedad yox, vicdansız və əxlaqsız olmaq lazımdır. Ancaq doğru deyirsən, onlar üçün həqiqətən də ola bilsin təlim keçirirlər. Çünki oynadıqları rollar və aktyor kimi səsləndirdikləri mətnlər sifarişçilər tərəfindən yazılır. Bu cür demaqoqları siyasi müxalifət adlandırmaq doğru deyil. Onlar xaindirlər, etdikləri isə düşmənlikdir. Ay kişi, sənin neçə yaşın var? Ömründə heç olmasa bir dəfə eşitdin ki, bu “Kərimlilər” cəmiyyət üçün nə isə ediblər, kiməsə əl uzadıblar? Bütün millət səfərbər olub, ölkənin gücü yönəlib işğaldan azad olunmuş ərazilərin bərpasına, insanlar öz doğma kəndlərinə qayıdır, millət bununla qürur duyur və s. Bəs bu yaramaz boşboğazlar nə edir? Biz ən böyük partiyayıq, biz ən böyük partiyayıq tutu quşu kimi bağırır. Ay, ən böyük partiya, sən heç olmasa Şuşada, Ağdamda və ya istənilən digər rayonda bir ağac əkdin ki, danışmağa da haqqın olsun? Yardım etdin soruşmuram a, ağac əkdinmi soruşuram? Yox, qardaş, bunlar siyasi müxalifət deyil, bunlar cəmiyyəti zəhərləndirənlərdir. Əsl müxalifət sağlam opponentlik edər, təklif verər, öz uğurları ilə cəmiyyətin ümumi uğurlarını daha da zəngin edər. Onlar isə Sovet dövründə sexin tinində pas bağlamış yararsız dəzgah kimi donub qalıblar”.
Eşidilənlərdən müxtəlif qənaətlərə gələ bilərik. Ancaq danılmaz odur ki, cəmiyyət olaraq həqiqəti görməyi bacarmalıyıq, tarixi uğurlarımızı qorumalıyıq, birliyimizi toxunulmaz etməliyik və bütün mənalarda səfərbər olmalıyıq.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ