Onlayn ictimai-siyasi qəzet
Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və Camal Ramazanovla Rafiq Abbasovdan ibarət hakimlər kollegiyası “Tərtər işi” üzrə daha bir qrupun cinayət dosyesinə baxır. 2017-ci ilin may-iyun aylarında Tərtərdə və Beyləqanda yüzlərlə hərbçiyə işgəncə verməkdə ittiham olunaraq həbs edilən şəxslərin işləri bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Hazırda məhkəmədə 3 qrupun işinə baxılır. Bunlardan hər birində 4 nəfər olmaqla iki qrup Tərtərdə, 5 nəfərlik bir qrup isə Beyləqandakı işgəncələrə görə mühakimə olunur. Məhkəmə qarşısına çıxarılanlarla yanaşı, hələ istintaq altında olanlar da var.
Tərtər işgəncələrində təqsirləndirilən 4 nəfərlik ikinci qrupun işi üzrə məhkəmə istintaqı başlayıb. Bu qrupa N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri olmuş, 1993-cü il təvəllüdlü Ruslan Mikayılov və üç gizir – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev daxildir. Onlar Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma, 126.3-cü - qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda, 145-ci - qanunsuz azadlıqdan məhrum etmə, 293-cü - işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və başqa maddələrlə ittiham olunurlar.
Vəkil hakimlərə etiraz etdi
Məhkəmə istintaqı başlamamışdan öncə təqsirləndirilən şəxslərdən Ruslan Mikayılovun vəkili Telman İbrahimov bir sıra vəsatətlər qaldırıb.
Vəkil bildirib ki, Tərtər hadisələrilə bağlı daha bir 4 nəfərlik qrupun – o dövrdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi, polkovnik Rəşid Niftəliyev, həmin vaxt müddətdən artıq xidmət edən (MAXE) kəşfiyyatçı-hərbi qulluqçular olan Ramil Qarayev və Rüstəm Ələsgərovun işinə də eyni hakimlər kollegiyası baxır. Vəkilin sözlərinə görə, belə olan halda, bu 2 işin nəticəsi bir-birindən asılı vəziyyətə düşmüş olur:
“O 4 nəfərin işi ilə bu 4 nəfərin işi eynidir. Ona görə də ya bir icraatda birləşdirilməli, birlikdə baxılmalıdır, ya da bu işlərə eyni hakimlər tərəfindən baxıla bilməz. Çünki məhkəmə kollegiyasında bu işlərdən biri üzrə hökm çıxaranda avtomatik o biri iş üzrə fikir formalaşmış olacaq”.
“Yuxarı komandanlığı məsuliyyətdən kənarda saxlamaq üçün işləri ayırıb məhkəməyə göndəriblər”
Digər vəkil Türkel Süleymanlı da bu məsələdə həmkarını dəstəkləyib. O vurğulayıb ki, işgəncələrə göstəriş vermiş yuxarı komandanlığı məsuliyyətdən kənarda saxlamaq üçün işləri ayırıb məhkəməyə göndəriblər.
Lakin prokuror Orxan Səmədov bu fikirləri qəbul etməyib.
“Bu iş geniş həcmli və çox epizodludur. Bu işə məhkəmə baxışı zamanı çevikliyi, tezliyi təmin etmək məqsədilə ayırıb məhkəməyə göndəriblər”, - prokuror bildirib.
Dövlət ittihamçısı fikirini əsaslandırarkən Konstitusiya Məhkəməsinin qərarına istinad edib.
Vəkilin etirazı təmin olunmayıb. Daha doğrusu, hakimlər etirazın baxılmamış saxlanmasına qərar verib.
“Fuad Ağayev qaranlıq məsələlərə az da olsa, işıq sala biləcək şəxsdir”
Vəkil Telman İbrahimovun daha bir vəsatəti Tərtər hadisələri zamanı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş Fuad Ağayevin şahid qismində dindirilməsi olub. Fuad Ağayev hazırda həbsdədir. O, bundan əvvəl Tərtər işgəncələrinə görə 10 il azadlıqdan məhrum edilib. 2021-ci ildə Tərtər işi üzrə icraat təzələnəndən sonra onunla bağlı yeni epizodlar üzə çıxıb.
Vəkil Türkel Süleymanlı bu məsələdə də həmkarını dəstəkləyib: “Fuad Ağayev qaranlıq məsələlərə az da olsa, işıq sala biləcək şəxsdir. Vəsastət əsaslıdır. O cür vacib şahid mütləq dindirilməlidir”.
“Nəinki Fuad Ağayev, hətta korpus komandiri, general Hikmət Həsənov da çağırılıb dindirilməlidir”
Zərərçəkmişlər də bu vəsatəti müdafiə edib. Onlar bildirib ki, nəinki Fuad Ağayev, hətta korpus komandiri, general Hikmət Həsənov da çağırılıb dindirilməlidir.
Prokuror Orxan Səmədov vəsatətin baxılmamış saxlanmasını təklif edib: “Hələ dindirmələr başlanmayıb. Gələcəkdə ifadələrdə adı çəkilərsə, bu məsələ müzakirə olunar...”
Hakimlər də eyni əsasla vəsatətin baxılmamış saxlanmasına qərar verib.
Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub və prokuror ittiham aktını elan edib. İttiham aktının həcmi 500 səhifədən çoxdur. Bu səbəbdən onun elanı üçün bir günlük məhkəmə iclası kifayət etməyib.
Elektroşok, butulka ilə zorlama, su çəlləklərində boğulana qədər saxlama...
İttiham aktında təqsirləndirilən şəxslərin sorğuya cəlb olunan hərbçiləri döyməsi, onların bədəninə yanan siqaret basması, plastikləri əridib üstlərinə tökməsi, bədənlərinin müxtəlif nahiyələrinə elektroşok qoşması, butulka ilə zorlaması, su çəlləklərinə başlarını salıb boğulana qədər saxlaması və s. hərəkətlərindən bəhs olunur. Orada vurğulanır ki, bu cür hərəkətlər nəticəsində hərbçilərdən Elxan Ağazadə, leytenant Təmkin Nizamioğlu dözməyərək dünyasını dəyişib. Bir sıra hərbçilər işgəncələrə dözməyərək, düşmənə casusluq etməsi haqda yalan ifadəyə imza atıb. Nəticədə dövlətə xəyanət ittihamı ilə həbs olunub.
Zərərçəkən prokurorun ona verilən işgəncələri səsləndirməsini dinləyərkən huşunu itirdi!
Həmin şəxslərdən biri – dövlətə xəyanət ittihamıyla 16 il həbs cəzasına məhkum edilib, 5 il 6 aydan sonra – 2022-ci ilin dekabrında bəraət alaraq azadlığa çıxmış, hazırda məhkəmədə zərərçəkmiş qismində iştirak edən Müşfiq Əhmədli prokurorun ittiham aktında oxuduğu işgəncələri dinləyərkən vəziyyəti pisləşib. O, huşunu itirib və yıxılıb. Məhkəmə zalında olan şəxslər onu çıxarıb və yardım göstərib.
Müşfiq Əhmədli həbs olunarkən onun 27 yaşı olub. Onun sözlərinə görə, bu hadisələr nəticəsində sağlamlığını itirib, ailəsi dağılıb.
“Mənə dəyən zərbəni nə ilə əvəz eləmək olar? Qaytarın məni 27 yaşıma... Qaytarın məni övladımın anadan olduğu vaxta.... Nə günahım vardı mənim ki, o cür zülm elədilər mənə, yoldaşlarıma? Hələ mən iradəsi güclü adamam ki, dözə bilirəm. Prokuror oxuyur ki, bizə necəı zülm olunub. Amma o cür işgəncə ilə alınan ifadələrlə hökm oxuyan hakimlər, istintaq aparan müstəntiqlər hamısı vəzifəsindədir. Niyə?”, - Müşfiq Əhmədli Bizimyol.info-ya açıqlamasında bildirib.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
Prokuror ittiham aktının davamını iyunun 14-də keçiriləcək növbəti məhkəmə iclasında elan edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ