Onlayn ictimai-siyasi qəzet
İl olub 2023, yəhudi təqvimi ilə 6-cı, miladi təqvimi ilə 3-cü minillik xırdalanıb gedir, biz hələ də toyda bıçaqlaşırıq. Bu, nəyin göstəricisidir, nəyə dəlalət edir, bunu gərək İsveç alimləri araşdırsın, bizim gücümüz çatmır.
Budur, xəbər gəlir ki, srağagün Gəncədə toyda düşən davada 4 nəfərə bıçaq xəsarəti yetirən iki nəfər saxlanılıb. Polisin məlumatında onlar “xəsarət yetirməkdə şübhəli bilinən şəxslər” kimi qeyd olunur. Amma nə şübhə? Videokamera görüntüləri, yüzlərlə şahid var, bıçaqlananlar da bilirlər ki, onları kim vurub. Sadəcə, belədir ki, gərək məhkəmə qərarı olsun. İşdir, əgər məhkəmə qərar versə ki, bıçaqlananları bu adamlar yox, naməlum şəxslər vurub, onda işin mahiyyəti dəyişər.
Biz məhkəmə zalından azadlığa buraxılanları da çox görmüşük, məhkəmə salonunda qandallananları da. Ona görə də gərək təəccüblənməyək və tələsməyək. Həqiqət üzə çıxacaq, ədalət bərpa olunacaq, tökülən qan yerdə qalmayacaq (yəqin ki, şadlıq sarayını xadimələri qan izini çoxdan siliblər).
Ancaq yenə də maraqlıdır, bir neçə yüz adamın qohum olmaq üçün yığışdığı, izdivaca girən gənclərin şad günündə sevinclərini bölüşdükləri yerdə bıçaqlaşanların bölüşmədiyi nə olub?
“Bıçaqlaşanlar” da deyirəm, əslində burada da yanlışlıq var. Ola bilər ki, bıçaq xəsarəti alanların əli yalın olub, onlarda bıçaq olmayıb. Əl-əlbət, elə olar. Yoxsa iki nəfər dörd nəfəri bıçaqlayıb aradan çıxa bilməzdilər. Ən azı xəsarət alanlar 1:1 və ya 2:2 nisbətində olardı. Bir iş də var ki, Gəncədə toya hələm-hələm bıçaqsız getməzlər.
Bu xüsusat da araşdırılmalıdır və davanın nə üstündə düşdüyü də bilinməlidir.
Ola bilər, qovğanın səbəbi klassik toy mübahisəsi olub: “Oynamaq növbəsi mənim idi”; “Mənim havam niyə yarımçıq kəsildi?”; “Yarım saatdır oynayırsınız, başqaları da var” və s.
9 iqlim qurşağına malik ölkəmizdə toyda davalar əsasən bu səbəbdən düşür. 20-ci əsrdə yüz minlərlə toyda oynamaq üstündə süpürləşmələr, toqquşmalar, qırğın-qiyamətlər olub. Ənənəyə sədaqətimizi qoruyub saxlayırıq.
Özü də belə hadisələr istənilən şəhərdə, rayonda, qəsəbədə, kənddə baş verirdi. Hər bir toyunda dava düşən kəndlər vardı. İnsanlar toya təkcə yeyib-içməyə, şənlənməyə yox, həm də axşam kiminsə ağzının cırılması, eşşək qədər döyülməsi, axırda tövləyə salınması ilə müşayiət olunacaq toy davasına baxmağa gedirdilər.
Qazax tərəfdə bununla bağlı bir lətifə də qoşmuşdular. Bir gənc film kirayəyə verən məntəqəyə gəlir, davalı kino kaseti istəyir. Satıcı deyir, vallah, davalı kinoların hamısı əldədir, amma Poylu toyu var, istəyirsən, onu verim, eyni şeydir.
Bəli, hesab edək ki, toy davaları əsasən oynamaq üstündə olur. (Hərçənd başqa səbəbdən də ola bilər). Belədirsə, bizimkilər nədən oynamağa bu qədər həvəsli və meyllidirlər?
İsveç alimləri bu dilemmanı çözmək üçün fikirləşdikləri vaxt, öz oxumuş adamlarımız diqqəti heyvanlar aləmində baş verən proseslərə yönəldirlər və deyirlər: “Diqqət edin, cinsi aktivliyin artdığı fəsillərdə təkələr, bir sıra yırtıcılar, meşə xoruzları, morjlar, kenqurular dişi partnyor əldə etmək üçün nə oyunlardan çıxırlar, bir-birilə döyüşür, dalaşırlar, axırda biri qalib gəlir. İnsanlar da eyni şeyi edirlər. Özünü dişilərə göstərmək üçün ən münasib yer toydur. Toyda davalar əsasən bu üzdən düşür”.
Amma bəzən bığlı-saqqallı əmilər, dayılar dalaşır axı. Məsələnin mahiyyəti dəyişmir. İzah belədir ki, onlarda gənclik travması qalıb. Cavan olanda özlərini göstərə bilməyiblər. Fürsət ələ indi düşüb.
Belədir, belə deyil, dəqiq demək olmaz. Hələ görək Gəncədə baş verən toy davasının təfərrüatları necə olacaq: bəlkə dava daha mühüm səbəbdən düşüb, kim bilir.
Biləndar adamlar deyirlər ki, xaricdə, yəni mədəni ölkələrdə toylarda dava düşmür, mərasimə çox az adam çağırırlar, hamısı da bir-birini tanıyanlar olur, yeyib-içib dağılışırlar. Nə mahnı üstündə mübahisə yaranır, nə də kimsə özünü kiməsə göstərmək istəyir.
Onların başqa bir minusu var ki, günaşırı hansısa restoran-barda kütləvi atışma düşür, xeyli adam həlak olur. Adamın pivə içdiyi yerdə qəfil gülləyə tuş gəlməsindənsə, yenə bıçaqlaşanlardan qoruna-qoruna bir küncə çəkilməsi yaxşıdır.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ