İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsildə sərhədləri aşan universitet-Qərbi Kaspi modeli

Dünya sürətlə inkişaf edir, qlobal çağırışlar qəfil dəyişiklikləri şərtləndirir. Bu isə həyatımızın bir çox sahəsinə ciddi təsirlər göstərir.

Hazırkı dinamik dəyişikliklər fonunda elm və təhsil sahəsinə xüsusi diqqət ayrılmasına ehtiyac var. Cəmiyyətin əsas sütunlarından olan təhsil sahəsində sağlam gələcək üçün yüksək səviyyəli, hər mənada hazırlıqlı kadrların hazırlanması təmin olunmalıdır.

Qərbi Kaspi Universitetində media nümayəndələrin üçün təşkil olunan görüşdə də bu və digər mövzular diqqət mərkəzində olub.

Musavat.com-un əməkdaşı xəbər verir ki, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri,professor Hüseyn Bağırov dünyada universitetlərin sayının çox olmasına, tələblərin gündən-günə artmasından, bir çox halda qəfil və radikal şəkildə dəyişdiyinə diqqət çəkərək, vəziyyətə uyğunlaşmanın önəmindən danışıb. Professor tədris və tədqiqat prosesinin qarşılıqlı əlaqəsinin gücləndirilməsindən bəhs edərək, innovativ tədris metodlarına diqqət çəkib, Professor məlumat verib ki, Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulub. 30 ildən çoxdur ki, Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 5000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra, 11 şöbə fəaliyyət göstərir. Universitetdə çalışan 275 müəllimdən 72-si elmlər doktoru, professor, 42 nəfəri isə dosentdir. Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur. Qərbi Kaspi Universiteti tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində, yüksək rəqabətqabiliyyətli təhsilin (dərəcələrin) təmin olunması üçün müvafiq tədbirlər görür. Təlim mərkəzlərində müxtəlif sahələrdə idarəetmə, bir neçə xarici dil, maliyyə və mühasibat uçotu və biznes bacarıqları üzrə təlimlər təşkil edilir. Professor-müəllim, eləcə də tələbə heyətinin tədqiqat işlərində fəal olması üçün hər şərait yaradılıb. Professor Bağırov qeyd edib ki, hazırda 19 universitetlə əməkdaşlığa dair danışıqlar aparılır. O, həmçinin, universitet nəzdində 10 elmi mərkəzin fəaliyyət göstərdiyini bildirib. Bəzi elmi mərkəzlərə əcnəbi professorlar rəhbərlik edir.

Məlumat verilib ki, universitetin laboratoriyalarında aparılan araşdırmalar müasir elmi prioritetlərə uyğun şəkildə təşkil olunur. Qərbi Kaspi Universitetində Mexanika və robototexnikamühəndisliyi laboratoriyası, Genetika və Molekulyar Biologiya Laboratoriyası, Dizayn emalatxanası da daxil olmaqla, 7 laboratoriya fəaliyyət göstərir.  

Universitet nəzdində həmçinin, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Dizayn Məktəbi, Biznes və İdarəetmə Məktəbi, İqtisadiyyat Məktəbi, Filologiya və Tərcümə Məktəbi, Siyasi və İctimai elmlər Məktəbi, Psixologiya Məktəbi mövcuddur.
O da  bildirilib ki, Qərbi Kaspi Universiteti beynəlxalq səviyyədə aktiv əməkdaşlıq siyasəti yürüdür. Universitetin dünyanın 50-dən artıq aparıcı ali məktəbi, tədqiqat mərkəzi və təşkilatı ilə ikitərəfli razılaşmaları var:
Erasmus+ proqramı Avropanın tanınmış universitetləri ilə tələbə və müəllim mübadiləsi; DAAD (Almaniya Akademik Mübadilə Xidməti) Almaniyada təhsil və tədqiqat imkanları; Mevlana və Farabi proqramları Türkiyənin ali məktəbləri ilə əməkdaşlıq; Fulbright və digər ABŞ proqramları-ABŞ universitetlərində elmi fəaliyyət və təcrübə üçün imkanlar yaradır. Yeri gəlmişkən, Qərbi Kaspi Universiteti Azərbaycanda ən çox “double degree”-iki diplomlu proqramlar təklif edən ali məktəblərdən biridir.

Onu da qeyd edək ki, Qərbi Kaspi Universiteti dünyanın ən böyük istinad olunan məlumat bazası “Scopus” da indekslənib. Dərc olunan məqalələrin sayına görə, yəni 3035 məqalə ilə universitet xüsusilə seçilib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın nüfuzlu universitetlərinin professorları, alimləri universitetdə tədris prosesinə cəlb olunur. Bundan əlavə, mütəmadi olaraq, müxtəlif sahələr üzrə mütəxəssislər universitetlə əməkdaşlıq üçün müraciətlər edirlər.
Bir sözlə, Qərbi Kaspi Universiteti müasir standartlara cavab verən, gələcəyin yeniliklərinə hazır şəkildə inkişaf strategiyasını əsas götürüb. Universitetin məqsədi təkcə bilik ötürmək deyil, həm də düşünən, araşdıran, innovasiyalara açıq və qlobal dünyada rəqabətə davamlı insan kapitalı formalaşdırmaqdır. Qərbi Kaspi modeli bu baxımdan təhsil sahəsində sərhədləri aşan, beynəlxalq əməkdaşlığa əsaslanan yeni yanaşmanı nümayiş etdirir.

Elm və təhsilin inteqrasiyasını önə çəkən bu model həm Azərbaycanın ali təhsil məkanında yenilikçi istiqamət yaradır, həm də ölkənin elmi potensialının dünya miqyasında tanınmasına xidmət edir.

Qərbi Kaspi Universitetinin vizyonu dəyişən dünyanın tələblərinə cavab verən təhsilin sabit inkişafın və davamlı tərəqqinin əsas şərti olduğunu göstərir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR