Onlayn ictimai-siyasi qəzet
Ramiz Mehdiyevin həbsindən sonra ona elan olunmuş dövlət çevrilişinə cəhd ittihamına şübhə ilə yanaşanlar var.
Onillərlə ölkənin bütün strateji qərarlarında, təyinatlarında və hətta məhkəmə hökmlərində belə, onun təsir izləri görünsə də, "Mehdiyev təkbaşına dövlət çevrilişi edə bilərdimi" sualı səngimir.
Tanınmış vəkil Əkrəm Həsənov konkret məhkəmə təcrübəsinə əsaslanaraq bu sualla bağlı fikirlərini açıqlayıb. Musavat.com xəbər verir ki, Əkrəm Həsənov ötən il Ramiz Mehdiyevin ailə üzvlərindən birinə - baldızı Nazi Çanturiyaya qarşı apardığı məhkəmə prosesinin nəticələri əsasında bir sualın cavabını tapıb.
-Ramiz Mehdiyev doğrudanmı hələ də güc sahibidir?
Vəkil "Cavab birmənalıdır - bəli", deyir.
-Ramiz Mehdiyev həqiqətənmi dövlət çevrilişinə cəhd etməyə qadirdir?
Vəkil eyni cavabı səsləndirir:
-Bəli!
Və fikrini belə davam etdirir:
-Söhbət cəhdin uğurlu olub-olmamasından getmir. Onun buna qadir olduğuna inanmasından gedir.
Hakimiyyətin üç qolu var: qanunverici, icra və məhkəmə. Hamısında da Mehdiyevin yetirmələri az deyil. Ən əsası isə əksər vəzifəli şəxslər hülqumu, siması, prinsip və dəyərləri olmayanlardır. Məlum olduğu kimi, yalnız müqavimət göstərənə söykənmək, arxalanmaq olar. Beləsi isə bizdə azdır.
Milli Məclis barədə ümumiyyətlə danışmaq istəmirəm: bir-iki istisna ilə orada oturanlar, Allah göstərməsin, istənilən çevriliş edənin hakimiyyətini tanıyarlar. Orada oturan ən qocaman deputat Ziyad Səmədzadə barədə Heydər Əliyev nahaq yerə deməmişdi ki, “O, konyukturaya qulluq edən adamdır. Bizim hakimiyyətimizin vaxtında bir avaz oxuyurdu, indiki hakimiyyət vaxtında başqa avaz oxuyur”.
Hökumətimizdə də şəxsiyyəti olan adamlar əvvəlkindən daha azdır. Mehdiyevin kadrları olmayanların əksəriyyəti qlamur oğlancıqlardır. Beyət etməyənləri sadəcə o dəqiqə Qərbə qaçacaq.
Məhkəmə sisteminə gəldikdə isə orada Mehdiyevin dövründə və xeyir-duası ilə təyin olunanlar hələ də əksəriyyət təşkil edir. İş metodları da dəyişməyib. Hökumətdə heç olmasa dəyişiklik var. İstənilən qanunsuz qərarı qəbul edə bilərlər.
Deməli, təxmini 20 il bundan əvvəl hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov Mehdiyevin adından hərəkət edərək bir biznes sahibi olan ər-arvaddan həmin biznesi zorla almışdı. Biznesin yeni sahibləri isə Rasim Məmmədov və Mehdiyevin baldızı Nazi Çanturiya olmuşdu. Ər-arvad pul tələb edəndə Rasim Məmmədov onlara demişdi ki, sizi öldürmək mənə daha sərf edir, nəinki pul vermək. Ər bir müddət sonra xəstələnib vəfat edib. Arvadı isə hədə-qorxu ilə üz-üzə qalaraq xaricə getməyə məcbur olmuşdu. Rasim Məmmədov həbs olunanda xanım Azərbaycana döndü və biz Məmmədova və Çanturiyaya qarşı iddia qaldırdıq ki, biznesin guya satılması müqaviləsi etibarsızdır, çünki hədə-qorxu əsnasında bağlanılıb və pul da verilməyib. Hətta onların gətirdiyi şahid də bu faktı təsdiqlədi!
Məhkəmə gedişatında Rasim Məmmədovun və Nazi Çanturiyanın nümayəndələri Ramiz Mehdiyev barədə mənfi danışmağıma dərhal reaksiya verirdilər: ay, nə bilim, Ramiz müəllim belə şəxsiyyətdir, elə şəxsiyyətdir, dövlət təltiflər var və s. və i.a. Ən əsası isə işin mahiyyətindən demək olar ki, danışmırdılar. Əsas arqumentləri iddia müddətinin ötməsi idi. Deyirdilər ki, niyə iddianı indi veririk, üstündən 15 ildən çox müddət ötüb?
Cavab verirdim: ona görə ki, hədə-qorxu amili hələ indi aradan qalxıb nisbətən. Çünki Ramiz Mehdiyev artıq vəzifədə deyil, Rasim Məmmədov isə həbsdədir, amma hətta həbsdə ola-ola da güclüdür: məsələn, Əvəz Zeynallını tutdurdu.
Buna baxmayaraq, bütün məhkəmə instansiyaları Rasim Məmmədovun və Nazi Çanturiyanın, daha doğrusu Ramiz Mehdiyevin tərəfini tutdu. Sonuncu məhkəmə qərarını bir il əvvəl Ali Məhkəmə qəbul etdi. Odur ki, Ramiz Mehdiyevin gücünün əyani şahidiyəm. Onu da bilirəm ki, o, Lenin kimi öləndən sonra da sağ olacaq. Gedən cismi olacaq, ruhu məmurlarımızın əksəriyyətində olacaq...
Vəkil sonda Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevin nə vaxt həbs olunacağını sual edib.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ