Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin edilək. Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.
Musavat.com xəbər verir ki, yeniliyə əsasən, paytaxta nəqliyyatın sıxlığını azaltmaq məqsədilə təhsil müəssisələrində dərs saatlarının fərqli vaxtlarda başlanması təklif edilir.
Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətdə qeyd edib ki, hazırda paytaxtda səhər saatlarında, xüsusilə 8:00-9:00 aralığında, təxminən 600 mindən çox şagird və tələbə eyni vaxtda hərəkət edir ki, bu da nəqliyyat axınını kəskin artırır:" Eyni zamanda, işə gedən insanların hərəkəti ilə bu proses üst-üstə düşərək tıxacları daha da ağırlaşdırır.
Dərs saatlarının mərhələli şəkildə təşkil edilməsi – bəzi məktəblərin və universitetlərin dərsə 8:00-da, digərlərinin isə 9:00 və ya 10:00-da başlaması, nəqliyyat axınını bölüşdürərək pik saatların yükünü azaltmağa kömək edə bilər. Dünya təcrübəsində bu model uğurla tətbiq edilir. ABŞ və Avropanın bəzi ölkələrində məktəblərin dərs saatlarının tənzimlənməsi nəqliyyat sıxlığını 15-20% azaldıb və ictimai nəqliyyatın səmərəliliyini artırıb".
Ekspert əlavə edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsinə əsasən, təhsil müəssisələrinin fəaliyyət rejimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Bu da dərs saatlarının tənzimlənməsi üçün hüquqi əsas yaradır. Əgər bu addım düzgün planlaşdırılarsa, şəhərdaxili nəqliyyat rahatlaşacaq, ictimai nəqliyyatın yükü azalacaq və şagirdlər daha rahat bir rejimdə təhsil ala biləcəklər. Bu yanaşma həm ekoloji baxımdan, həm də sosial rahatlıq baxımından müsbət nəticələr verə bilər".
Afaq Mirayiq,
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ