İnsanlara hürriyət, millətlərə istiqlal!

Tədqiqat: Çin dövləti cərrahı cəllada çevirib

Avstraliya Milli Universitetinin təşkilatçılığı ilə aparılan yeni araşdırma Çin Xalq Respublikasında ölüm cəzasına məhkum edilmiş məhbuslardan orqan alverində istifadə olunduğunu təsdiqləyib.

Novator.az-ın məlumatına görə, təqdiqatın nəticələri ABŞ-ın transplantologiyaya dair jurnalında dərc edilib.

Çində tərtib olunmuş on minlərlə tibb arayışını araşıdıran tədqiqatçılar belə qənaətə gəliblər ki, edam olunan məhbuslar hələ tam keçinməmiş (beyin tam ölməmiş) onların ürəkləri döş qəfəslərindən çıxarılıb və orqan köçürülməsinə ehtiyac duyan pasiyentlərə köçürülüb.

Tədqiqatın müəllifləri – Avstraliya Milli Universitetinin alimi Metyu Robertson və transplantasiya üzrə israilli cərrah Yakob Lavi bildiriblər ki, onlar Çindəki transplantoloqların bu cür qanunsuz prosedurlarda fəal rol oynadığını aşkarlayıblar.

Metyu Robertson vurğulayıb ki, Çində bəzi həkimlər cəllada, dustaqların edam olunması prosesi isə ürək çıxarılması, orqan köçürülməsi proseduruna çevrilib: “Bu işlə məşğul olan həkim və xəstəxanalar həyata keçirdikləri əməliyyatlardan böyük gəlir götürürlər”.

Tədqiqatda xatırladılır ki, həkimlər insanın ölüb-ölmədiyini xüsusi aparat vasitəsilə təyin etməlidirlər. Çində bu qayda qəddarcasına pozulur və əslində edama məhkum edilmiş məhbusun ölümünə onun ürəyinin çıxarılması səbəb olur.

Bu tip əməliyyatların ölümə məhkum olunmuş vicdan məhbusları üzərində də aparıldığı bildirilir.

Yakob Lavi vurğulayıb ki, ölmüş donordan orqan götürülməsinin məxsusi qaydaları var: “Amma Çində məhbuslara münasibətdə bu qaydalara əhəmiyyət verilmir. Bizim tədqiqat çinli məhbuslardan orqanların götürülməsi prosesinin beyin ölümü diaqnozu qoyulmazdan əvvəl icra olunduğunu təsdiqləyir”.

Tədqiqat zamanı Çində 1980-2020-ci illərdə tərtib edilmiş 124 min 770 tibb sənədi təhlil olunub. Alimlər 71 şübhəli ölüm halı aşkarlayıblar. Bu ölümlər müxtəlif xəstəxanalarda (ümumilikdə 56 xəstəxana), 300-dən çox tibb işçisinin iştirakı ilə baş verib. Tədqiqata görə, həmin tibb işçiləri ürəyin çıxarılması prosedurunda iştirak ediblər.

Metyu Robertson və Yakob Lavi Çində cəllad-cərrahların iştirakı ilə baş verən ölümlərin həqiqi sayının daha çox olduğu qənaətindədirlər.

Tədqiatçılar rəsmi Pekinin etiraf etmək istəmədiyi bu təcrübənin Çində 30 ildən çoxdur tətbiq olunduğunu, digər orqanlar, o cümlədən qaraciyər və böyrək alverinin də aparıldığını düşünürlər.

Çində bəzi xəstəxanalar orqan köçürülməsinə ehtiyac duyan pasiyentlər üçün gözləmə müddətinin bir neçə həftə çəkdiyini fəxrlə reklam etməkdədir. Halbuki başqa ölkələrdə, o cümlədən ABŞ-da orqan donoru tapmaq üçün pasiyentlər aylarla, hətta illərlə gözləməli olurlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR