İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsinin 13-cü günü bu hadisələrə tarixə düşdü - Xronika

9 oktyabr 2020-ci il. Vətən müharibəsinin 13-cü günündə bir sıra tarixə yazılan hadisələr baş verdi. Yerli kütləvi informasiya vasitələrinin xəbər axışını demək olar müharibə ilə bağlı məlumatlar təşkil edirdi. Elə xarici media orqanları da Vətən Müharibəsindən yazırdı...

Musavat.com Vətən müharibəsinin 13-cü gününün xronikasını təqdim edir:

Həmin günü Müdafiə Nazirliyi məlumat yaydı ki, gecə ərzində həyata keçirilən hərbi əməliyyatlar zamanı Ordumuzun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılmışdı. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi ağır yaralanmış, alayın artilleriya rəisi, xeyli sayda hərbi qulluqçu məhv edilmişdi.

Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilmişdi. 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı isə tam işlək vəziyyətdə ələ keçirilmişdi.

Səhər saatlarında isə Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlandı.

Saat 9:00-da Ermənistan silahlı qüvvələri Füzuli, Goranboy, Tərtər və Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriyadan intensiv atəşə tutdu. Nəticədə Füzuli rayonunun Qarabağ kəndində 2 mülki şəxs xəsarət aldı, yaşayış evinə ciddi ziyan dəydi.

Saat 14:00-da isə Müdafiə Nazirliyi ordumuzun mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdiyini özündə əks etdirən videogörüntüləri yayımladı.

Elə həmin saatlarda Ermənistan silahlı qüvvələri Bərdə və Ağdam rayonlarına, həmçinin Mingəçevir, Ağcabədi və Tərtər rayonlarının ərazilərinə artilleriya zərbələri endirdi. Nəticədə Tərtərdə bir nəfər, Ağdamın Quzanlı qəsəbəsində isə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində isə Ermənistan ordusunun xeyli sayda BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edildi.
Saat 16:30 radələrində Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik raket Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edildi.

Saat 18-00-da isə Ermənistan silahlı qüvvələri növbəti dəfə Goranboyun Tap Qaraqoyunlu kəndinə 22 top mərmisi atdı, Nəticədə 1 nəfər xəsarət aldı.

Prezident İlham Əliyev xalqa bu növbəti müraciətində azad olunan yeni ərazilərin adını açıqladı. Dövlət başçısı müraciətində Xocavənd rayonunun Sor kəndinin və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndinin, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan azad edildiyini açıqladı.

Həmçinin Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımladı.

27 sentyabr tarixindən 8 oktyabra qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 "Qrad", 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i 2S3 "Akasiya", 2-si "Qvozdika", 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 "REM" və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 "Osa" zenit raket kompeksi, 2 "Kub" zenit raket kompeksi, 4 "Repelent" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası 1 "Kalçuqa" anteni məhv edilmişdi. Bundan əlavə, 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 "UAZ" maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 "ZİL" maşını, 9 "QAZ" maşını hərbi qənimət kimi ələ keçirilmişdi.

Axşam saatlarında isə düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları Ordumuz tərəfindən məhv edildi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR