Onlayn ictimai-siyasi qəzet
İsveçrədə referendum keçirilib, camaat pensiyalarının artırılmasına səs verib. Əgər oxşar referendum bizdə olsa, uca millətimiz pensiyalarının azalmasını istəyər, yekdilliklə buna imza atardı. Təbii, hökumət belə istəsə. Yox, hökumət tərsini istəsə, biz də tərsinə səs verərdik. Yəni demokratiyada bizim qərarlarımız yuxarıların mövqeyindən asılıdır. Bizim milli demokratiyanın özəlliyi budur.
Mən bu söhbəti şişirtmə üçün yazmıram ki. Faktlar var. 1988-89-cu illərdə xalqımız ayağa qalxıb dillərdə dastan olmuşdu. Guya müstəqillik istəyirdik. Sonra bizimkiləri Ermənistandan qovdular. 20 Yanvar qırğını oldu. Ara qarışdı, məzhəb itdi, iqtisadi böhran, aclıq, növbələr... Ancaq 1991-ci il 17 martda SSRİ-nin saxlanıb-saxlanılmaması üzrə ümumittifaq referendumu keçirildi. O referendumda Azərbaycanın nəticələri belə olmuşdu: 3 milyon 866 min seçicidən 2 milyon 903 mini səsvermədə iştirak edib, 93,3 faiz seçici SSRİ-nin saxlanılmasına “hə” deyib.
Deyə bilərsiniz bunlar hamısı Ayaz Mütəllibovun saxtakarlığının nəticəsidir, obyektiv səsvermə olmayıb-filan. Lap əcəb edib deyərsiniz. Xub. Ardı var axı. Elə həmin ilin axırında, 1991-ci ilin 29 dekabrında Azərbaycanda daha bir referendum olmuşdu və bu dəfə xalqımızın 99,8 faizi müstəqilliyimizə səs vermişdi! Təsəvvür edirsinizmi? Guya 9 ay ərzində uca millətimiz müstəqilliyə hamilə qalaraq azadlıq doğmuşdu! Hurrey! Bir ilin içində mövqeyimizi 180 dərəcə dəyişmişdik (hələ Allahımıza şükür edək, 360 dərəcə dəyişsək nə olardı?)
Təbii ki, 1991-ci ilin 29 dekabrında SSRİ daha dövlət kimi yox idi, Qorbaçov hələ 26 dekabrda bu biabırçı dövlətin başını buraxmış, istefa verib cəhənnəm olmuşdu. Yəni, bizim 29 dekabr səsverməmiz bir növ qarı şey olandan sonra qapını bağlamaq kimi zad idi.
Bəlkə bunu da səsvermə saxtakarlığı elan edək? Yox. Sərf eləmir. Bizdə belədir: sərf eləyəndə demokrat oluruq, sərf eləməyəndə diktator. Ancaq müstəqillik, azadlıq kimi uca, qutsal kateqoriyalara bu cür dırnaqarası, qeyri-ciddi yanaşan xalqlar heç vaxt azadlığa layiq olmazlar. Ara yerdə ölən fərdlərə yazıq...
Niyə uzağa gedirik, elə 4 il qabağı yada salın. Milli Məclisin üzvləri özlərini buraxmaq qərarına gəldilər. Guya bu, istefa mədəniyyətinin qıcqırması, xalq qarşısında məsuliyyətdən doğmuşdu? Ay hay... Sadəcə, rəhbərlik belə tapşırmışdı, onlar da özlərini buraxmışdılar. “Ağa dedi sür dərəyə”...
İngiltərədə “Tayms” (“Zamanlar” kimi tərcümə edilir) adlı qəzet var. Qəzet 239 ildir çıxır. 1784-cü ildən bəri. Maraq üçün Vikipediyada baxdım ki, o zaman Azərbaycanda nə olub. “Hadisələr” bölümündə bunlar yazılmışdı: “Avstriyada Y.Stuver ilk dəfə aerostatda uçdu.
İngiltərədə mexanik Ceyms Vayt buxar maşını ixtira elədi.
İngiltərədə Edmunt Kartrayt mexaniki toxucu dəzgah ixtira elədi".
Vəssalam. Bizim bölgədə hər hansı hadisə yoxdur. Yalnız “Doğulanlar” qrafasında Qasım bəy Zakirin və Mirzə Cəfər Topçubaşovun doğulması diqqəti çəkib.
Bizim ilk qəzetimiz 1875-ci ildə güc-bəla, Həsən bəyin hesabına çıxıb, o da heç iki il sürməyib. Səbəb odur ki, qəzeti, sadəcə, alan olmayıb.
1795-ci ildə “Tayms” 4800 tirajla çıxırdı. 2020-ci ildə tirajları 360 min ədəd olub.
Bu rəqəmləri niyə yazdım, onu bilənlər bilməyənlərə nəql eləsin, mən getdim.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ