Onlayn ictimai-siyasi qəzet
Tanınmış vəkil Əkrəm Həsənov Azərbaycanda süni mayalanma zamanı yaşanan qanunsuzluqlarla bağlı baş prokuror Kamran Əliyevə və ombudsman Səbinə Əliyevaya müraciət edib.
Əkrəm Həsənov yazır ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 29-cu maddəsinə əsasən süni mayalanma yolu ilə anonim donor (“donorun şəxsiyyəti həkim sirridir”) vasitəsilə uşağın doğulması mümkündür:
“Orada yalnız belə biqeyrət müddəa var: “qadın... donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir”. Bir sözlə, bu Qanun Azərbaycanın qoşulduğu Konvensiyaya ziddir, buna görə də Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul etməlidir”.
Əkrəm Həsənov vətəndaş olaraq baş prokurora ünvanladığı müraciətində yazır:
“Azərbaycan Respublikası BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının iştirakçısıdır. Həmin Konvensiyanın 7-ci maddəsinə əsasən uşaq, mümkün olduğu dərəcədə, valideynlərini tapmaq (tanımaq) hüququna malikdir. Buna baxmayaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 29-cu maddəsinə əsasən süni mayalanma yolu ilə anonim donor (“donorun şəxsiyyəti həkim sirridir”) vasitəsilə uşağın doğulması mümkündür. Bununla da dövlət özü uşağın valideynini tapmaq (tanımaq) hüququnu kobud şəkildə pozub. Belə ki, Konvensiyanın 7-ci maddəsinə əsasən uşağın mümkün olduğu dərəcədə valideynlərini tapmaq (tanımaq) hüququnun olması o demək deyil ki, dövlət həmin imkanı birbaşa məhdudlaşdıra bilər. Doğrudan da bəzən uşağın valideynini (valideynlərini) müəyyən etmək mümkün olmur. Lakin burada ya heç kəsin təqsiri olmur, ya da valideynin (valideynlərin) təqsiri olur. Heç bir halda burada dövlətin təqsiri ola bilməz. Təsadüfi deyil ki, əksər ölkələrdə, o cümlədən əxlaq səviyyəsinə bəzən şübhə etdiyimiz Avropa ölkələrində, habelə bizə ən yaxın olan Türkiyədə donor vasitəsilə süni mayalanma qadağandır. Çünki uşağın hüququnu pozur. Konstitusiyamızın 148-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Buna görə də “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun müvafiq müddəaları BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasmın 7-ci maddəsinə zidd olduğu üçün onların hüquqi qüvvəsi yoxdur”.
Əkrəm Həsənov baş prokurora müraciətində Konstitusiyanın 130-cu maddəsinin III hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə həmin Qanunun müvafiq müddəalarmm Konvensiyaya uyğunluğu barədə sorğunun verilməsini xahiş edib.
Əkrəm Həsənov Ombudsmana eyni məzmunlu müraciətində qeyd edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun müvafiq müddəaları BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının 7-ci maddəsinə zidd olduğu üçün onların hüquqi qüvvəsi yoxdur: “Buna görə də Konstitusiyanın 130-cu maddəsinin VII hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə həmin Qanunun müvafiq müddəalarının Konvensiyaya uyğunluğu barədə sorğunun verilməsini Sizdən xahiş edirəm”.
Yada salaq ki, bir müddət əvvəl Əkrəm Həsənov həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyi haqda fikirlərini yazmışdı. Qeyd etmişdi ki, süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir: “Söhbət genofonddan gedir. Hazırda bu sahədə ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin. Görəsən, buna görəmi şəhidlərimiz canlarını qurban verdi ki, indi qadınlarımız naməlum kişilərdən uşaq doğsun?! Cənab Prezident fevralın 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən deyib: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Bundan sonra deyib: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir...
Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq...”
Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər. Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm. İrəli!”
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Yanvar 2025
18:35 Ağadadaş Ağayev baltalı hücum etdiyi mühafizəçi ilə barışdı – MƏHKƏMƏ BARIŞIĞI QƏBUL EDƏCƏKMİ?
17:33 Telejurnalist bankla məhkəmə çəkişməsindən danışdı: “Razılığa gələ bilmirik, pulumu vermirlər”
ŞƏRHLƏRŞƏRH YAZ