İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil bəraət hökmlərinin "təqib"indən danışdı

Azərbaycanın məhkəmə sisteminin ən ciddi problemləri bəraət hökmlərinin azlığıdır. Uzun illərdir ki, yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi ötmür. Ölkədə elə məhkəmələr var ki, orada, ümumiyyətlə, bəraət hökmü çıxarılmır.

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, son dövrlər məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin sayı artsa da, ümumi cinayət işlərinin sayının fonunda çox cüzi görünür:

"Lakin bununla belə azsaylı bəraət hökmləri prokuror tərəfindən Ali Məhkəməyədək mübahisələndirilir, yəni apellyasiya və kassasiya protesti verilir. Həmin protestlərin böyük əksəriyyəti rədd edilsə də, qanunsuz cinayət təqibinə məruz qalan və sonunda bəraət almış şəxs üçün bu prosedur əlavə böyük mənəvi yük yaradır".

Bəs nə üçün dövlət ittihamçısı sonadək bəraət hökmlərindən protest verir?

Tanınmış vəkil bildirib ki, problem sistem problemidir:

"Mövcud prokurorluq sistemi aşağı-yuxarı faktiki olaraq keçmiş SSRİ-ni təkrarlayan sistemdir. Konstitusiyanın 133-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Yəni prokurorluq istintaq apardığı, yaxud istintaqa nəzarət etdiyi işlər üzrə özü də məhkəmədə həmin işlər üzrə dövlət ittihamını müdafiə edir və təbii ki, bu halda ittiham hətta açıq-aşkar əsassız olduğu halda onu təkidlə müdafiə edir və sonunda bəraət hökmlərindən aqressiv şəkildə Ali Məhkəməyə qədər protest verir. Cinayət prosessual məcəlləsinə əsasən, dövlət ittihamçısı ittiham əsassız olarsa, bundan imtina etməlidir. Lakin bu institut faktiki olaraq işləmir.

Misal üçün, Xəzər rayon Məhkəməsinin Məhəmmədsoy Natiqlə bağlı cinayət işi üzrə narkotik və silahın sonuncuya məxsus olmaması ilə bağlı təkzibedilməz dəlillər, video sübutlar olduğu halda prokurorluq ittihamdan imtina etmək əvəzinə sonadək protest vermək yolunu tutur. Hazırda Ali Məhkəməyə protesti verilib. Bu səbəbdən dəfələrlə qeyd edildiyi kimi, konstitusion islahat aparılmalıdır və prokurorluqdan istintaq aparmaq funksiyası alınmalıdır, onun məhkəmədə dövlət ittihamını kortəbii müdafiəsi üçün korporativ marağı olmamalıdır. Xarici ölkələrdə bununla bağlı müsbət nümunələr çoxdur".

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR