Onlayn ictimai-siyasi qəzet
"Əfqanıstanla Pakistan arasında gərginlik qonşu dövlətləri, o cümlədən Türkiyəni narahat edir. Pakistan Türkiyənin strateji tərəfdaşıdır. Ankaranın eyni zamanda Əfqanıstanla da dostluq münasibətləri mövcuddur. Odur ki, Ankara Əfqanıstan və Pakistan arasında əldə edilmiş atəşkəsi dəstəkləyib".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Pakistan və Əfqanıstan təmsilçiləri arasında danışıqlar Qətərin paytaxtı Dohada keçirilib:
"Danışıqların baş tutmasında Qətərlə yanaşı Türkiyə də fəal rol oynayıb. Əsas məsələ Pakistanla Əfqanıstan arasında atəşkəsin davamlı olmasıdır. Buna nail olmaq asan deyil. Çünki, əvvəlki atışkəslər də pozulmuşdu. İslamabad müxtəlif silahlı qrupların Əfqanıstan ərazisindən Pakistana hücumlar təşkil etdiyini bildirir. Əfqanıstanı idarə edən Taliban isə iki ölkə sərhədin mübahisəli olduğu qənaətindədir və Pakistana hücum iddialarını qəbul etmir.
Bu arada, Əfqanıstanla Hindistan arasında sıx əlaqələr formalaşıb. Dehli 4 ildən sonra Kabildə Hindistan səfirliyinin fəaliyyətini bərpa etmək qərarını alıb. Taliban 2021-ci ildə Kabili ələ keçirdikdən sonra səfirlik fəaliyyətini dayandırmışdı. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəki Dehlidə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Subramanyam Cayşankar görüşdə Əfqanıstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib".
Politoloq vurğulayıb ki, Hindistanın Çinlə və Pakistanla münasibətlərində problemlər mövcuddur. Dehli bu səbəbdən bölgənin digər dövlətləri ilə tərəfdaşlıq münasibətlərini gücləndirməyə çalışır:
"Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Dehli bu ölkə ilə münasibətləri dondurmuşdu. Belə hesab olunurdu ki, Taliban İslamabadla strateji müttəfiqdir. Çünki, Taliban hərəkatı vaxtilə Pakistan ərazisində formalaşmışdı. Ancaq zaman keçdikcə Talibanla İslamabad arasında gərginliklər yaşanmağa başladı. Talibanın 1893-cü ildə ilgilis müstəmləkəçilərinin müəyyənləşdirdiyi və şərti adı “Durand xətti” adlanan sərhədi tanımaması gərginliyi daha da artırıb. Pakistanla münasibətlərdə gərginlik Taliban hərəkatını da bölgədə tərəfdaş axtarışına məcbur edib. Bu səbəbdən Taliban Hindistanla tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır".
Xalidə Gəray
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ