Onlayn ictimai-siyasi qəzet
"İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürücülərinin müəyyən zamanlarda psixoloji müayinədən keçməsi, həm onların rifahı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından qanunvericiliklə tənzimlənməlidir".
Musavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bir neçə gün bundan öncə Bakıda baş vermiş dəhşətli qəzanın görüntülərinin insanlara psixoloji təsirlərindən danışarkən deyib.
Psixoloqun sözlərinə görə, bu həm də xidmətin keyfiyyətinin artırılmasına və ictimai etimadın yüksəlməsinə səbəb olar:
"Baş verən avtomobil qəzası kimi travmatik hadisələr insanların psixoloji sağlamlığına əlbəttə ki, təsir göstərdi. Xüsusən hadisənin birbaşa şahid olanlar və ya iştirak edənlərdə çox zaman post-travmatik stress pozuntusu (PTSP) yaşanır. Onlarda hadisənin dəfələrlə xatırlanması, hadisəni yenidən yaşayırmış kimi görüntülərin göz önünə gəlməsi və bunun nəticəsində yaranan yuxu problemləri, təşviş və qaçınma davranışları müşahidə olunur. Eyni zamanda qorxu və təşviş pozuntuları da müşahidə olunur. Nəqliyyat vasitələrinə minməkdən qorxmaq, qəzanın baş verdiyi yerlərdən uzaqlaşmaq və ya qəzanı xatırladan istənilən vəziyyətdən qaçmaq halları baş verə bilər".
Elnur Rüstəmov bildirib ki, hadisənin təsiri ilə yaranan dərin kədər, maraq itkisi, gündəlik həyata adaptasiya çətinliyi də ola bilər:
"Ona görə də belə hadisələrin mənfi psixoloji təsirlərinin qarşısını almaq və ya təsirlərini azaltmaq üçün həm sürücülərin, həm də sərnişinlərin vaxtında mütəxəssis dəstəyi almaları çox önəmlidir. Psixoloji dəstək almaq travmanın uzunmüddətli təsirlərini azaltmağa kömək edir. Baş verən hadisə "taksi sürücüləri psixoloji yoxlanışdan keçməlidirmi" sualını da aktuallaşdırdı. Nəzərə almaq lazımdır ki, taksi sürücüləri sadəcə nəqliyyat vasitəsi idarə edən şəxslər deyil, eyni zamanda gündəlik olaraq insanlarla birbaşa ünsiyyətdə olan, onların həyat və təhlükəsizliyinə cavabdeh olan peşə sahibləridir. Bu səbəbdən onların psixoloji stabilliyi və emosional balansı həm sərnişinlərin təhlükəsizliyi, həm də cəmiyyətin rifahı baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sürücülər gündəlik olaraq sıx hərəkət, vaxt məhdudiyyəti və sərnişinlərlə anlaşılmazlıqlar kimi stresli vəziyyətlərlə qarşılaşırlar. Bu hallarda emosional stabillik itərsə, qəza riski artar".
Elnur Rüstəmov əlavə edib ki, bəzi sürücülərdə yüksək aqressivlik, əsəbilik və ya impulsiv reaksiya meyli ola bilər:
"Bu da yolda təhlükəli davranışlarla nəticələnə bilər. Psixoloji yoxlamalar bu cür riskləri erkən mərhələdə aşkarlamağa imkan verir. Uzun müddət istirahətsiz çalışan, psixoloji olaraq tükənmiş və ya depressiv durumda olan sürücülərdə reaksiya sürəti azalır, diqqət yayınır. Bu da qəza ehtimalını artıran amillərdəndir. Eləcə də əvvəllər qəza keçirmiş və ya ağır həyat hadisələri yaşamış sürücülər travma sonrası davranış pozuntuları göstərə bilər. Bu halların aşkarlanması üçün psixoloji qiymətləndirmə vacibdir".
Qeyd edək ki, bir neçə gün öncə Bakıda dəhşətli avtomobil qəzası baş verib. "Heydər Əliyev" prospektində baş verən qəzanın görüntüləri qonşu ölkələrin mətbuatında yer alıb.
Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi BYD markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobilə çırpılıb.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ