Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna savaşı başlayandan bu yana ən çox işlədilən ifadələrdən biri "təhlükəsizlik qarantiyaları" sözüdür. Hər iki tərəf danışıqlarda və ya verilən bəyanatlarda bu ifadələrə müraciət edirlər.
Musavat.com xəbər verir ki, REAL Partiyasının keçmiş sədri, hazırda qurumun Siyasi Komitəsinin üzvü İlqar Məmmədov bu ifadəni olduqca gülünc hesab edir:
“Təhlükəsizlik qarantiyası" birinin bu qarantiyaya zidd hərəkət etdikdə qarant tərəfin gedib həmin o pozucunun başını yarması anlamına gəlir. Yaracaq gücdə biri varsa, elə indi gedib yarsın də. Nəyi gözləyir? Boş-boş söhbətlər diplomatiyanı ancaq ucuzlaşdırır.
Onsuz da bu müharibəni mümkün etmiş amillərdən biri diplomatiyanın teatrallaşdırılması, piarlaşdırılması idi. İndi oxşar aldadıcı hərəkətlər münaqişəni uzadır.
Rusiya bu söhbətin mənasızlığını bilir deyə, ucundan yapışıb onun hələ bir müzakirəsini də "inkişaf" elətdirir. Bəs, ay nə bilim, təhlükəsizlik bölünməz olmalı və s. kimi anlayışlar əlavə edib söhbəti ayaqda saxlayır.
Təhlükəsizlik qarantiyası o dərəcədə incə, nadir hallarda əmələ gələn, tezliklə də buxarlanıb yox olan şeydir ki, məsələn, indi hələ heç bilinmir NATO-nun 5-ci maddəsi Rusiyanın Baltika ölkələrinə hücumu nəticəsində qüvvəyə tam minib müttəfiqləri var gücü ilə hərəkətə sövq edəcək, yoxsa yox. Təsəvvür edirsiniz də. Ukraynaya veriləsi hansısa qarantiyalar guya NATO-nun 5-ci maddəsindən güclü olacaq? Olmayacaq axı. Bu söhbət Moskvaya ancaq savaşı uzatmağa imkan yaradır.
Tramp təcrübəli bir adam kimi yenə haqlıdır. Deyir, savaşı durdurursunuzsa elə indi durdurun, ya da dalaşırsınızsa, onda hücuma keçin görək...”
Cavanşir ABBASLI,
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ