İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada baş verən ata-oğul qətli və Yekaterinburq faciəsi: məişət zəmini ilə etnik zəmində cinayətin fərqi

Xəbər verdiyimiz kimi, avqustun 31-də Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ailə üzvləri – 1964-cü il təvəllüdlü Fərman Rəhimov və onun oğlu, 28 yaşlı İsmayıl Rəhimov silahlı hücuma məruz qalıb. Hadisə bazarda qiymət üstündə yaranmış mübahisədən sonra baş verib. Mübahisə edən ukraynalı şəxs əvvəlcə söyüş söyüb, daha sonra evinə gedərək silah götürüb geri qayıdıb və ata-oğula atəş açıb.

Nəticədə İsmayıl Rəhimov hadisə yerində dünyasını dəyişib, atası isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törədən şəxs polis tərəfindən dərhal saxlanılıb və ona qarşı “qəsdən adam öldürmə”, “iki və ya daha çox şəxsi öldürməyə cəhd” və “qanunsuz silah saxlama” maddələri ilə ittiham irəli sürülüb.

OGUL.jpg (9 KB)

Bu hadisənin milli-etnik zəmində deyil, məişət zəminində baş verdiyi Ukrayna hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Yəni münaqişə ata və oğulun azərbaycanlı olduqları üçün deyil, ticarət zamanı yaranmış mübahisə səbəbindən baş verib.

Bundan fərqli olaraq, Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də baş verənlər etnik zəmində törədilmiş ağır cinayətlərdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqın ediblər.
Basqın zamanı tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları – Ziyəddin və Hüseyn Səfərov qətlə yetirilib. Daha 8 nəfər ağır bədən xəsarətləri alıb və onlar saxlanılıblar.

ZİYED.jpg (349 KB)

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bununla kifayətlənməyib və Yekaterinburqda yaşayan bir sıra azərbaycanlılara qarşı təzyiq göstərməyə başlayıb. Həmin günlərdə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və onun oğlu da saxlanılmışdı. 

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə dərhal reaksiya verib, Rusiya tərəfinə kəskin etirazını bildirib. Nazirliyin bəyanatında vurğulanıb ki, bu basqın zamanı azərbaycanlılar etnik mənsubiyyətlərinə görə hədəfə alınıblar.

Ukraynada baş verən cinayət məişət zəminində yaranmış münaqişənin nəticəsidir. Rusiyada isə FSB əməkdaşlarının planlı basqını azərbaycanlıları etnik kimliklərinə görə hədəfə alıb.

Ukraynada hadisəni törədən şəxs adi vətəndaşdır və dərhal polis tərəfindən saxlanılıb. Rusiyada isə hücumları dövlətin güc strukturlarının – FSB əməkdaşlarının həyata keçirməsi hadisənin daha təhlükəli xarakter daşıdığını göstərir.

OMON.jpg (90 KB)

Ukraynada qətl faktı dərhal istintaqa götürülüb, cinayətkar həbs olunub. Rusiyada isə basqın edənlər dövlət strukturlarının nümayəndələri olduğundan məsuliyyət mexanizmi faktiki işləmir və azərbaycanlıların hüquqları pozulur.

Ukraynada söhbət təkcə pul və qiymət mübahisəsindən gedir. Rusiyada isə məqsəd azərbaycanlıları qorxutmaq, cəmiyyətdə anti-azərbaycanlı isteriyasını gücləndirmək olub.

Bu iki hadisənin müqayisəsi göstərir ki, Ukraynada azərbaycanlılara qarşı baş verən qətl faciəli olsa da, milli zəmində deyil. Amma Yekaterinburqda yaşanan basqın azərbaycanlıların etnik mənsubiyyətinə görə hədəf alınmasıdır və bu, həm beynəlxalq hüquq, həm də insan haqları baxımından ağır cinayət kimi qiymətləndirilməlidir.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyada baş verənlərlə Ukraynada yaşanan hadisə arasında böyük fərq var:

“Rusiyanın Yekaterinburq şəhərində polis azərbaycanlıların evinə soxulub, vəhşicəsinə onları döyüb sonra da öldürmüşdü. Sonra da bunu etiraf etmədi və heç kim cəzalandırılmadı. Soydaşlarımızın meyiti Azərbaycana gətiriləndən sonra bu faktlar üzə çıxdı.

Ukraynada isə ağlını itirmiş hərbçi məişət zəmində atəş açıb və polis onu həbs edib. Mən inanıram ki, Ukrayna hüquq-mühafizə orqanları lazımi araşdırmanı aparacaq və məhkəmə öz qərarını verəcək. Bu baxımdan hadisələr müqayisə olunmur.

Rusiyada şovinist dairələrdə danışırlar ki, niyə Rusiyada baş verənlərə Azərbaycan reaksiya verdi, Ukraynada baş verənlər isə böyük səs-küy yaratmadı.

Bundan öncə Ukraynada tanınmış hərbçini qətlə yetirənlər arasında iki azərbaycanlı killer də var idi, onlar Rusiya kəşfiyyatına işləyirdi. Onları Ukrayna polisi öldürdü. Həmin vaxt dedilər ki, niyə həmin azərbaycanlıların ölümünə görə reaksiya verilmədi. Məsələ burasında idi ki, onlar killer idi və ukraynalı hərbçini öldürmüşdülər. Bunlar arasında böyük fərq var.

Məgər iki azərbaycanlını öldürən Rusiya polisi həbs olundumu? Onlara gözünün üstündə qaşın var deyildimi? Bu, Rusiya şovinistlərinin qara təbliğatıdır. Məsələ onda deyil ki, Rusiya ilə münasibətlərimiz pisdir və Ukrayna ilə dostuq. Ukraynada etnik zəmində cinayət olsaydı, biz ona da eyni münasibəti göstərərdik. Mən əminəm ki, Ukrayna məhkəməsi sonuncu hadisəni də araşdıracaq və lazımi cəzanı verəcək”.

NATİQ.jpg (65 KB)

Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu qeyd edib ki, Ukraynada ata və oğulun güllələnməsi üzücü hadisədir:

“Rusiyadakı bəzi qüvvələr, xüsusi xidmət orqanları bu hadisədən istifadə etmək, yozmaq düşüncələrindədirlər. Sosial şəbəkələrdə belə bir təbliğat aparılır, biz bunu görürük. Yekaterinburqdakı hadisələrlə bu hadisə arasında böyük fərq var. Rusiyada soydaşlarımızın qətlini, terrora məruz qalmasını dövlət strukturları bilərəkdən həyata keçirmişdi. Bu müxtəlif milli-etnik, dini qruplara, diaspora nümayəndələrinə qarşı gözdağı vermək təşəbbüsü idi. Proses sonrakı günlərdə də davam etdi, kütləvi həbslər baş verdi.

Ukraynada soydaşlarımızı güllələyən şəxs isə saxlanılıb və ona iki maddə üzrə cinayət işi açılıb, onu 10 ildən ömürlük həbsə qədər cəza gözləyə bilər. Kimlərsə Ukrayna-Azərbaycan münasibətlərinə kölgə salmaq istəsə də, bir şeyi bilmək lazımdır ki, Azərbaycan xalqına və dövlətinə qarşı Ukraynada çox isti münasibət var. Azərbaycanın Ukraynaya etdiyi humanitar yardımlar, vaxtaşırı müharibədə yaxınlarını itirən ukraynalı uşaqların Azərbaycana göndərilmələri və reabilitasiyalar keçmələri və enerji sektoru ilə bağlı sazişlər, əməkdaşlıq məsələləri xalqlarımız və dövlətlərimiz arasında problemin olmadığını göstərir.

Bu, bir üzücü məişət məsələsidir və cinayətkar cəzasını alacaq. Ukraynanın müstəqillik günü avqustun 24-də Bakıda çox gözəl şəkildə qeyd olundu. Xalqlarımız arasındakı münasibətlərə kölgə salmaq istəyi baş tutmayacaq. 100 azərbaycanlı Ukrayna uğrunda döyüşüb həlak olub, minlərlə soydaşımız Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda indi də savaşır.

Məni təəccübləndirən məsələ odur ki, Kiyev və vilayət ətrafında Ukrayna dilində danışırlar. Atəş açan həmin hərbçi isə rus dilində danışırmış. Bəlkə də həmin şəxs Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə bu qətli törədib ki, dövlətlər, xalqlar arasında nifaq salsın”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR