Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşib. Sazişlə yanaşı, Ermənistanla kommunikasiyaların açılması, normal qonşuluq siyasətinə keçid müzakirə mövzusudur. Onilliklər boyunca düşmən olmuş dövlətlərin, xalqların normal qonşuluğa keçidi heç də asan deyil və bu zaman böyük əmək sərfi tələb edilir. Bu prosesdə təkcə siyasi dairələr yox, həm də parlament və xalq diplomatiyasının da rolu olmalıdır.
Görünən budur ki, artıq parlament rəhbərliyi səviyyəsində də prosesə start verilir. Belə ki, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri - Sahibə Qafarova və Alen Simonyan arasında görüş mayın 16-da Cenevrədə keçiriləcək.
Mümkündürmü bundan sonra deputatların təmasları artsın? Eyni zamanda xalq diplomatiyasına da başlamaq effektiv sayıla bilərmi? Bunun üçün nə edilməlidir? Kimlərə bu mandat verilə bilər?
Azər Badamov
Deputat Azər Badamov parlamentlərarası əməkdaşlığın qurulmasından danışmağın erkən olduğunu söylədi: “Qonşu dövlətlər arasında müharibə və düşmənçilik əbədi davam edə bilməz. Belə ki, müharibənin döyüş meydanında başa çatması ölkələr arasında münasibətlərin yenidən formalaşmasına fürsət açır. Bu baxımdan, uzun çəkən Azərbaycan-Ermənistan müharibəsinin başa çatması ölkələrarası münasibətlərin normallaşdırılması üçün yeni imkanlar yaradıb. Bu imkanlar vasitəçisiz ikitərəfli danışıqlar aparılmaqla uzun illər həll olunmayaraq qalmış məsələlərin həll olunmasına yol açır. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında son zamanlar baş verən proseslər ölkələrarası münasibətlərin pozitiv ruhda inkişaf etdiyini göstərir. Bu prosesin daha da sürətlənməsi və genişləndirilməsi üçün parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinə və xalq diplomatiyasının işə salınmasına ehtiyac var. 16 sentyabrda Cenevrədə parlament sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında keçirilməsi nəzərdə tutulmuş görüş münasibətlərin normallaşması prosesinə yeni bir impuls verəcəkdir. Biz Azərbaycanla Ermənistan arasında davam edən münaqişənin və düşmənçiliyin tarixinə baxsaq görərik ki, bu düşmənçilk ermənilər tərəfindən miflər üzərində xəyallar qurulması nəticəsində baş verib. XXI əsr isə miflər və xəyallar dövrü deyil. İndi həyata real baxılan zamandır. Ona görə də mövcud reallığı dəyərləndirərək ölkələrarası münasibətlərin normallaşdırılması prosesinə ədalətli prizmadan baxılmalı və bütün mümkün imkanlardan istifadə edilməklə prosesin sürətlənməsinə töhfə verilməlidir. Parlamentlərin sədrləri arasında keçirilən görüşlər parlamentlərarası əməkdaşlığın formalaşdırılması üçün gələcəkdə yeni imkanlar açacaqdır. Amma parlamenlərarası əməkdaşlığın yaradılması və parlamentlərarası işçi qruplarının formalaşdırılması üçün ilk növbədə dövlətlərarasında sülh müqaviləsi rəsmi olaraq imzalanmalıdır. Çünki dövlətlərarası rəsmi sülh yoxdursa, parlamentlərarası əməkdaşlığın qurulmasından danışmaq hələ tezdir. Amma biz, deputatlar olaraq xarici səfərlərimiz zamanı Ermənistandan olan həmkarlarla görüşlər keçirməli və ölkələrarası münasibətlərin normalaşdırılması prosesinə parlament səviyyəsində dəstək verməliyik. Çünki deputatlar xalqın elçiləridir, onların təmaslarının yaranması xalqların yaxınlaşmasına və düşmənçiliyin aradan qalxmasına xidmət edəcək.
Cənubi Qafqaz tarixən münaqişələrin və müharibələrin baş verdiyi region olub. İndi isə gördülər ki, müharibələr və münaqişələr heç kimə xeyir vermir. Ona görə də, bu münaqişələrin davam etməməsi üçün bütün imkanlar səfərbər olunmalı və Cənubi Qafqaz regionuna ədalətli sülhün gəlməsi üçün daha çox işləməliyik".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib: “İki ölkənin lideri - prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında, o cümlədən xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanla yanaşı, parlament sədrlərinin görüşləri də artmaqdadır. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüş mayın 16-da Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl, parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər. Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır. Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar. Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var. İki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Atina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə, ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıblar. Azərbaycanla Ermənistan arasındakı dialoqa jurnalistlərin və ictimaiyyət nümayəndələrinin qatılması da faydalı olar. Torpaqlarımız işğal altında olduğu illərdə beynəlxalq təşkilatlar iki ölkənin siyasətçiləri, ekspertləri, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında müxtəlif görüşlər təşkil edirdi. Mən də təxminən 15 il ərzində xalq diplomatiyası çərçivəsində qarşı tərəfin nümayəndələri ilə müxtəlif görüşlərdə iştirak etmişəm. Münaqişənin həlli üçün müzakirələr sərt keçirdi, ermənilər Azərbaycanla əlaqələrin bərpasını arzulasalar da, bunun Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə aidiyyəti olmadığını söyləyirdilər. Biz isə əksinə, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyi təmin edilmədən iki ölkə arasındakı münasibətlərin normallaşmayacağını onlara anladırdıq. Müzakirələrdə dünyada mövcud olan yüksək muxtariyyət modellərini ermənilərlə müzakirə etməyə çalışırdıq, bundan yayınırdılar. Onların fikrincə Qarabağ məsələsi artıq onların xeyrinə həll edilmiş və bu mövzuya qayıtmaq istəmirdilər. Biz isə bu mövzu müzakirə edilmədən bölgədə sülh və əməkdaşlığın mümkün olmadığını izah edirdik. Qəbul etmədilər və biz bütün istəklərimizə artırqlamasıyla nail olduq, yüksək muxtariyyətə də ehtiyac qalmadı. Doğrudur, keçmiş illərdə xalq diplomatiyası münaqişənin həllini yaxınlaşdırmadı, əsas sözü ordumuz dedi. Biz məsələni öz xeyrimizə həll etdiyimizdən bölgədə sülh və əməkdaşlıqda maraqlıyıq. Mənə elə gəlir ki, xalq diplomatiyası indi ümumi iş üçün daha faydalı ola bilər. Sadəcə qarşı tərəfdən reallıqları anlayanlarla ünsiyyət qurulmasına ehtiyac var. Çünki, sülh əldə ediləndən sonra onsuz da müxtəlif səviyyələrdə ünsiyyət qurulacaq, bu çalışmaları həmin tarixi gözləmədən də başlamaq olar. Azərbaycanın xalq diplomatiyası ilə bağlı təşəbbüslərinin beynəlxalq aləm tərəfindən müsbət qarşılanacağını proqnozlaşdırmaq mümkündür. Bu isə beynəlxalq aləmdə anti-Azərbaycan mərkəzlərin mövqelərini zəiflədəcək”.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev isə qeyd etdi ki, sülh danışıqlarının gedişatında görüşlərin, müzakirələrin keçirilməsi normal haldır və bu prosesin inkişafına dəstək verir: “İndiyədək görüşlər Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında, xarici işlər nazirləri, baş nazirin müavinləri arasında mütəmadi olaraq keçirilib. Bu görüşlərdə konkret məsələlər müzakirə olunub və prosesin gedişatında praktiki olaraq müsbət nəticələr alınmasına çalışılıb. Hesab edirəm ki, bu görüşlərin olması çox vacibdir və davam etdirilməsi lazımdır. Parlament sədrləri arasında baş tutan ilk görüş və may ayının 16-da gözlənilən ikinci görüş isə parlamentlərarası diplomatiyanın bərpasına xidmət edir ki, indiki zamanda bu da vacib amildir. Amma hesab edirəm ki, hələ bir müddət bu şəkildə olacaq görüşlər sədrlər səviyyəsində aparılacaqdır. Çünki, hələ münasibətlərdəki tarazlıq bu görüşlərin, həmçinin parlament üzvləri ilə aparılmasına imkan vermir. İki dövlət arasında hələ sülh müqaviləsi bağlanmamış parlament üzvləri səviyyəsində görüşlərin keçirilməsinin elə bir əhəmiyyətini görmürəm. Gələcəkdə sülh müqaviləsi bağlandıqdan sonra nəinki parlament üzvləri, eyni zamanda müxtəlif sahələrin rəhbərlərinin, mütəxəssislərinin tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı görüşləri ola bilər. Bu görüşlərin davamı olaraq ondan sonrakı etaplarda tədricən xalq diplomatiyasına keçid edilə bilər. Hələlik isə proseslərin həssas zamanında indiyədək mövcud olan danışıqlar formatının qalması düşünürəm ki, daha məqsədəuyğun olar”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ