Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbol milli komandası Sumqayıtda Haiti ilə oynadı, 0:3 uduzdular. Oyundan qabaq baş məşqçi Santuş müəllim çox az bilet satıldığından şikayətlənmişdi. 1 gün qalmış cəmi 1400 bilet satılmışdı. Deyir gərək azarkeşlər öz komandalarına dəstək olsunlar. Demir ki, belə biabırçı məğlubiyyətlərə canlı tamaşa eləmək istəyən mazoxistlərimizin sayı ildən-ilə azalır. Yəqin gələcəkdə müəllimləri zorla stadiona basarlar.
Hərçənd, Santuşun nəyinə lazımdır belə siyasi söhbətlər? Artıq buraların çəmini tapıb. Novruz xonçası bəzəmişdi, inşallah, Ramazanın son günü də iftar süfrəsi açar. Biz gərək özümüz öz başımıza çarə qılaq. Lakin idmana məsuliyyət daşıyan insanlar idmanın inkişafından çox harasa qatarla getməyi ilə gündəmə gəlirsə, yaxın illərdə yaxşı heç zad gözləmirik. Üstəlik, cavanlar da bu ümidi vermir. Haiti ilə yoldaşlıq görüşündən 1 gün qabaq 19 yaşlılar üzrə milli komandamız Qəbələdə Moldovalı yaşıdları ilə oyunda 4:1 məğlub olmuşdu. Qadın futbolçularımız da (17 yaşlılar) idman “şərəfini” əzmlə qoruyurdular, onlar isə Bayılda Maltaya 2:0 uduzmuşdular. Daha öncə isə Lüksemburq bu xanımlara 5:0 nallamışdı, ifadəyə görə üzr istəmirəm.
Birdən sayın oxucular elə zənn edər ki, mənim Azərbaycan futbolu adlı əcaib idman növünə nəsə özəl marağım var, marığa yatıb hamısını izləyirəm. Qətiyyən. Ruslan Səfərov adlı oxucumuz hər dəfə bu hesabları izləyir, yana-yana mənə də mesajla yazır. Şəxsən mən baş nazir olsam Ruslan bəyi Santuşun yerinə qoyardım – uduzuruq, uduzuruq, cəhənnəmə, heç olmazsa məşqçi pulu öz həmyerlimizə qalardı.
Ümumiyyətlə, bu Haiti ilə Sumqayıtda yoldaşlıq görüşü nəyə lazım idi, anlamırıq. Qəzetçi Rza bəy demişkən: “Bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu kəndi xanənizdə icra ediyorsunuz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?” Qabaqlar belə pulsilmə əməliyyatları Antalyada-filanda yüksək səviyyədə həyata keçirdi, camaatımız də çox pəjmürdə olmurdu. Belə başa düşürəm ki, artıq özünə hörmət qoyan komandalar Azərbaycan millisi ilə yoldaşlıq görüşünə də çıxmaq istəmir, əlac zombilərin vətəni, yetim Haitiyə qalıb. Prinsipcə, kimisə qınamaq da olmaz: Azərbaycan millisi ilə görüşdə nə öyrənmək olar, hansı taktika-strategiyanı sınaqdan çıxarmaq mümkündür ki? Oyunçunun biri Aya baxır, o biri çaya, məşqçi də şəkərbura happıldadır.
Yaxşısı budur indən belə yoldaşlıq görüşləri elə öz aramızda keçirilsin. Məsələn, Azərbaycan millisi Ağcabədinin “Hindarx”, ya da Şəkinin “Haindi” klubu ilə oynayıb gücünü yoxlasın. İkinci lap məsləhətdir, çünki adı elə Haiti kimi səslənir. Bu daha vətənpərvər addım olardı.
Vətən demişkən, bir az da beynəlxalq vəziyyətə nəzər salaq. CNN kanalı ABŞ prezidenti Trampın 22 mart çıxışında 9 yalan saymışdı. Azdırmı, çoxdurmu? Bunu araşdırmaq asandır. Keçən dörd illik prezidentliyi dövründə jurnalistlər saymışdılar, Tramp 30 min 573 yalan danışmışdı. Bu, gündə orta hesabla 21 yalan demək idi. İndi isə gündə 9 yalan danışıbsa, ümid etmək olar artıq düzəlməyə doğru gedir.
Əlbəttə, əsas problem Trampın yalanları deyil, onu yenidən dövlət başına çıxaran Amerika xalqının səviyyəsidir. Hələ vətəndaşlığı 5 milyon dollara satmaqları lap tragikomik vəziyyətdir. Bu, ABŞ-da hər hansı insani, yüksək dəyərin qalmadığını göstərir. Pulun var, giriş, pulun yoxdur, sürüş. Nazim Hikmətin şeiri ilə desək, “insan olan vətənini satarmı”?
Yazını sevindirici xəbərlə bitirək, çox neqativ olmasın: Bakı şəhər bələdiyyəsinin bəzi qardaş ölkələrdəki paytaxt bələdiyyələri kimi korrupsiya problemi yoxdur. Çünki biz uzaqgörənliklə bu bələdiyyəni heç yaratmamışıq! Olsaydı o da indi milli komanda kimi dərd-azar gətirmişdi. Yoxa şükür.
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ