Onlayn ictimai-siyasi qəzet
1924-cü ilin dekabrın 20-də Stalin qəbul otağında keşik çəkən mühafizəçini kabinetə çağırır:
-Cavan oğlan, mən sənin tərcümeyi-halına nəzər yetirmişəm. Sən köhnə peşəni unutmamısan ki? Sabah yoldaşlar kiçik bir ziyafət təşkil ediblər. Onların arasında səliqəsiz görünmək istəmirəm.
Cavan oğlan farağat komandasında dayanaraq Stalinin nəyə işarə etdiyini dərhal anlayıb:
-Xeyr, yoldaş Stalin.
Stalin sabahkı ziyafət deyəndə ad gününü nəzərdə tutub. Pauker isə mühafizəçi vəzifəsindən əvvəl bərbər işləyib. Elə həmin gecə Pauker Stalinin üzünü təraş edib, saçlarını səliqəyə salıb.
Uzun illər SSRİ-nin xüsusi xidmət orqanlarında yüksək vəzifələr tutan, 1938-ci ildə repressiya qurbanına çevrilməmək üçün Amerika Birləşmiş Ştatlarına qaçan Aleksandr Orlov qələmə aldığı “Stalin cinayətlərinin gizli tarixi” kitabında Karl Pauker haqqında maraqlı açıqlamalar verib:
“Stalin Karl Paukeri özünə ən yaxın və ən etibarlı adam sayırdı. Paukerin vəzifəsi Stalinin şəxsi mühafizəçisi olsa da, onun olduqca geniş səlahiyyətləri var idi, hətta komissarlar (nazirlər) bu qədər böyük səlahiyyətlərə malik deyildilər. Çoxlarına sirr deyildi ki, Stalin Paukeri “NKVD”-yə rəhbər təyin edəcək. Elə Pauker özü də buna tam əmin idi. Amma o, Stalinin ətrafındakı yüksəkçinlilərin nələrə qadir olduğunu bilmirdi. Ağlına gətirmirdi ki, adı repressiya siyahısında birinci sırada yer alacaq...”
Maraqlıdır, Pauker kim olub, Stalin özünə ən yaxın adam saydığı və sonsuz səlahiyyətlər verdiyi bu şəxsi niyə güllələnmə cəzasına məhkum edib?
Qeyd edək ki, 1893-cü ildə Lvovda anadan olan Paukerin uşaqlıq və yeniyetməlik dövrü ehtiyac içində keçib. Ailənin yoxsulluğu o həddə çatıb ki, Pauker hələ 12 yaşından işləməyə başlayıb, şirniyyat sexində yük daşıyıb, daha sonra bərbər yanında köməkçi olub və bu peşəni öyrənib. O, əvvəlcə məhəllə bərbərxanasında işləyib, təcrübə topladıqdan sonra Budapeştə iş axtarmağa gedib.
Bir müddət yaşayış binalarının zirzəmilərində yaşayan Pauker nəhayət, Opera Teatrında qrimyor və bərbər işinə düzəlib. Birinci Dünya müharibəsinin başlanması yenicə qazanc əldə etməyə başlayan Karl Paukerin həyatını yenidən çətinliyə salıb. O, Avstriya-Macarıstan ordusuna hərbi xidmətə çağırılıb. Müharibənin ikinci ilində Pauker ruslara əsir düşüb və Səmərqənddə əsir düşərgəsində saxlanılıb.
Karl Pauker 1917-ci ildə əsirlikdən azad olduqdan sonra Səmərqənddə yaşayıb, bərbər işləyib və əlavə olaraq dərzilik sənətini də öyrənib. Sənəti ilə yanaşı siyasi proseslərdə fəallıq göstərən Pauker inqilabi hərəkata qoşulub, 1920-ci ildə Sverdlovsk adına Kommunist Universitetində altı aylıq kurslar keçib.
Kursları bitirdikdən sonra o, Səmərqənd Fövqəladə Komissiyasında (CK) işə qəbul olunub, həmçinin vilayət Hərbi İnqilab Komitəsi sədrinin köməkçisi vəzifəsini daşıyıb.
Bir neçə ildən sonra Karl Pauker “CK”-dakı xidmətini Moskvada davam etdirib, “OPU”-nun (sonralar NKVD) əməliyyat şöbəsinin rəisi təyin edilib. 1924-cü ildə Stalinin şəxsi mühafizəsi yenidən təşkil ediləndə Karl Paukerin adı namizədlərin sırasında birinci yer alıb.
Yetərincə çevik, ünsiyyətcil, vəziyyəti anındaca təhlil edib qərar çıxarmağı bacaran Pauker ölkənin birinci şəxsinə mühafizəçi təyin olunandan bir-iki ay sonra Stalinin ən yaxın, ən çox etibar etdiyi şəxslərdən birinə çevrilib.
Karl Pauker hərbi mundir geyinsə də, bərbər xalatını da unutmayıb. Stalinin çopur üzü, sıx saçları məhz Paukerin əli hesabına səliqəyə düşüb. Ümumiyyətlə, Pauker Stalinin yanında təkcə mühafizəçi funksiyasını yerinə yetirməyib. O, həm mühafizəçi, həm şəxsi köməkçi, həm bərbər, həm də Stalinin qarderobuna cavabdehlik daşıyan bir şəxs kimi həmişə diqqət mərkəzində olub.
Pauker Stalini hərtərəfli öyrənməyi bacarıb, onun dilə gətirmədiyi istəklərini hiss edib. Məsələn, sovet liderinin boyu ilə bağlı kompleksi olub, o, hündürboylu silahdaşlarının yanında özünü narahat hiss edib. Pauker bu narahatlığı anlayaraq Stalin üçün hündürdaban çəkmələr sifariş edib. Bu həssaslıq Stalinin diqqətindən yayınmayıb.
Paukerin xidmətləri bunlarla yekunlaşmayıb. Aktyorluq talantına malik olan bərbər-mühafizəçi bağ ziyafətlərində masabəyilik missiyasını da öz üzərinə götürüb, Stalini öz məzhəkələri ilə əyləndirməyi bacarıb. Xüsusilə Zinovyevin edam səhnəsini böyük aktyorluq zövqü ilə yaradanda, Pauker nadir hallarda gülən Stalini uğundura bilib.
Kiminsə haqqında xoş sözlər deməkdə “xəsislik” edən Stalin Pauker haqqında həmişə yüksək fikirlər söyləyib. Hətta Stalin ona iki dəfə maşın hədiyyə edib: “Kadillak” və “Linkoln”.
Kreml məmurları, Siyasi Büronun üzvləri Stalinin Paukerə olan isti münasibətindən xəbərdar olublar. Buna görə də onlar Karl Paukeri öz vəzifə ranqlarına bərabər tutaraq ona hörmətlə yanaşıblar. Hətta Stalinə xoş getsin deyə 1935-ci ildə Karl Paukeri SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçiblər.
Paukerin fəaliyyəti daha çox “NKVD” rəhbəri Nikolay Yejovu narahat edib. Pauker xidməti vəzifəsinə görə rəsmi olaraq Yejova tabe olub. Sözsüz ki, Yejov tabeliyində olan bir şəxsin Stalinlə yaxın münasibətlərini qəbul edə bilməyib. Digər bir tərəfdən Yejov onu da yaxşı bilib ki, Stalin “NKVD”-nin funksiyasına aid olan bəzi məxfi tapşırıqları onun xəbəri olmadan Paukerə həvalə edir.
Yejov Paukeri aradan götürmək üçün bütün mümkün variantlara əl atıb və istədiyinə nail olub. Yaratdığı süni agenturanın “məlumat”larını əsas gətirərək “NKVD” şefi Stalinə Karl Paukerin xarici kəşfiyyat orqanlarına işlədiyini, ona sui-qəsd hazırladığını inandıra bilib.
1937-ci ilin aprel ayında Karl Pauker partiya sıralarından xaric olunaraq tutduğu vəzifədən azad edilib və həbs olunub. İstintaq zamanı ona qarşı qaldırılan ittihamlar sübuta yetirilməsə də materiallar SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilib.
Qapalı keçən məhkəmə prosesində Pauker İosif Stalinə sui-qəsd cəhdində ittiham edilib və o, ən ağır cəzaya, güllənmə hökmünə məhkum olunub.
Pauker son söz demək hüququndan istifadə edərək hakimləri vicdansız adlandırıb:
“Siz vicdan və şərəfinizi itirmisiniz. Bu cür fəaliyyətinizlə ictimaiyyətdə Stalin haqqında mənfi fikirlər yaradırsınız və bunu qəsdən edirsiniz. Mən 13 il ərzində Stalinin bir addımlığında dayanmışam. Bu yaxınlıq mənə imkan verib ki, Stalini istənilən vaxt fiziki cəhətdən məhv edim Amma heç vaxt bu haqda düşünməmişəm. Siz isə məni sui-qəsddə ittiham edirsiniz. Nə qədər əclaf və kütbeyin olduğunuzu yəqin ki, özünüz də anlayırsınız...”
14 avqust 1937-ci ildə məhkəmənin hökmü icra edilərək Pauker güllələnib.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ