Onlayn ictimai-siyasi qəzet
Sovet liderləri ilə bağlı maraqlı faktlardan biri də onların yubileyləri ilə bağlıdır. Özlərini dünyaya sadə həyat tərzi sürən siyasətçilər kimi təqdim edən SSRİ-nin birinciləri heç də özlərini zəngin yubiley tədbirlərindən məhrum etməyiblər. Düzdür, ictimaiyyət üçün görünən tərəf çox sadə olub. Əvvəllər radio vasitəsi ilə, sonralar isə “Vremya” xəbərlər proqramında xarici ölkələrin liderlərinin, SSRİ-nin ayrı-ayrı bölgələrində fəaliyyət göstərən kollektivlərin təbrikləri səsləndirilib, daha sonra Mərkəzi Komitədə birincilər çox “sadə” bir şəraitdə hansısa bir dövlət mükafatı ilə mükafatlandırılıb. Bununla da yubiley tədbiri bitmiş hesab edilib. Amma bu tədbirlərin görünməyən tərəfləri də olub...
1949-cu ildə İosif Stalinin 70 illik yubileyinə isə xüsusi hazırlıq görülüb. Siyasi elitanın demək olar ki, hər bir üzvü bu tədbirin hazırlığına cəlb edilib. Qeyri-rəsmi tədbirlər planında ölkədə hansısa bir xoşagəlməz hadisənin mətbuatda işıqlandırılmasına, ictimailəşdirilməsinə də icazə verilməyib. Hətta 200 nəfərin ölümü ilə nəticələnən Qorki faciəsini də Kreml məmurları bütün mümkün variantlardan istifadə edərək gizli saxlamağa çalışıblar. Nəzərə alınıb ki, bu faciə Stalinin yubiley ovqatına mənfi təsir edə bilər.
Maraqlıdır, Stalinin 70 illik yubileyi ərəfəsində Qorkidə hansı faciə baş verib?
Qorki ərazisindən keçən Volqa çayının digər sahilində Bor şəhəri yerləşir. Müharibədən sonrakı dövrdə bu şəhərin əksər sakinlərinin işi vilayət mərkəzi olan Qorki ilə bağlı olub. Bor sakinləri həyətyanı təsərrüfatlarından əldə etdikləri kənd təsərrüfatı məhsullarını Qorkidə satıblar. Orta məktəbi bitirənlər ali təhsil almaq üçün məhz Qorkiyə üz tutublar. Bor şəhərində iş tapmayan gənclər daha çox fabrik və zavodu olan Qorkidə işə düzəliblər. Bütün bu əlaqələrdə, gediş-gəlişlərdə nəqliyyat vasitəsi kimi əsasən Bor-Qorki, Qorki-Bor marşrutu ilə işləyən sərnişin gəmisindən istifadə olunub.
1949-cu ilin oktyabrın 7-də günorta saatlarından sonra məhsullarını satanlar, dərslərini bitirənlər sərnişin gəmisinə üz tutublar. Həmin gün 171 bilet satılıb. Amma həmin gün içəri biletsiz buraxılanların sayı əvvəlki günlərdən daha çox olub. Təxmini deyilənlərə görə gəmiyə 270 nəfərə yaxın sərnişin minib. Gəmi Bor şəhərinə istiqamət alıb, mənzil başına çatmasına 10-15 dəqiqə qalmış sərnişin gəmisi “Çuvaşiya” yük gəmisi ilə toqquşub. Daha doğrusu boş olan yük gəmisi idarəetməni itirərək sərnişin gəmisinin tən ortasına çırpılıb.
Qəza nəticəsində yük gəmisinə çox da ziyan dəyməyib və o, hərəkətini davam etdirib. Sərnişin gəmisi isə orta hissədən parçalanaraq batmağa başlayıb. Sərnişinlər məcburi şəkildə çaya tullanıblar. Temperatur sıfır dərəcə olub. Çayın üzərində nazik buz lövhələri yaranıb. Digər tərəfdən də saniyədə 12 metr əsən külək də çaya tullanan sərnişinlərə çətinliklər yaradıb.
Sərnişinlərin çaşqınlığı, biri-birlərinə mane olmaqları, digər tərəfdən kəskin hava şəraiti faciə ilə nəticələnib. Təxminən 270 sərnişindən cəmisi 30-40 nəfər sağ qala bilib. Üzməyi bacaranlar, fiziki cəhətdən güclü olanlar sahilə yetişə biliblər. Digər sağ qalanları isə çaydakı kiçik qayıqlarla balıq tutanlar xilas edib.
Hadisə ilə bağlı Qorki vilayət Partiya Komitəsinin birinci katibi Sergey Kiriyev Mərkəzi Komitəyə məlumat verib. Kremldən birinci katibə göstəriş verilib ki, hadisə vilayətin daxili imkanları ilə tam qapadılmalıdır, hadisə yerinə giriş-çıxışa qadağa qoyulmalıdır, mətbuat nümayəndələrinə heç bir məlumat verilməməlidir. Daha sonra o da bildirilib ki, dəfn mərasimi bir tədbirlə yekunlaşmalıdır, yəni faciə zamanı ölənlər 20-30 dəqiqə ərzində eyni vaxtda, eyni yerdə dəfn olunmalıdırlar.
Moskvadan Qorki faciəsinin fəsadlarının aradan qaldırılmasına SSRİ Nazirlər Sovetinin sədr müavini Kliment Voroşilov nəzarət edib. Onun “nəzarət”i əsasən Qorkinin birinci katibi Kiriyevi hədələməkdən ibarət olub:
-Biz Stalinin 70 illik yubileyinə hazırlışarıq. Siz isə isti və rahat kabinetinizdə əyləşərək vəzifnizin nədən ibarət olduğunu unutmusunuz. Bu isə bir daha sübut edir ki, siz öz yerinizdə deyilsiniz. Baş vermiş hadisə ilə bağlı ən kiçik bir informasiya belə Qorkidən kənara çıxsa, buna başınızla cavab verməli olacaqsınız. Unutmayın ki, Stalinə bu yubiley “sürpriz”iniz sizə baha başa gələcək.
Çətin vəziyyətdə qalan Kiriyev yerli milis əməkdaşlarını səfərbər edib. Üç gün ərzində meyitlər Qorki şəhərindəki mədəniyyət evinə yığılıb. Daha sonra onları bir saat ərzində eyni məzarlıqda dəfn ediblər. Dəfn mərasiminə yalnız ölənlərin ailə üzvləri buraxılıb. Dəfndən sonra Kiriyev onları qəbul edib, hər bir ailəyə iki aylıq maaş həcmində yardım verib.
Baş vermiş hadisənin istintaqı yekunlaşdıqdan sonra Qorki şəhər məhkəməsində keçirilən qapalı prosesdə yük və sərnişin gəmilərinin kapitanları 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Diqqət çəkən məqamlardan biri odur ki, məhkəmədən sonra istintaq materiallarının əsas hissəsi məhv edilib.
Kremldə əyləşib SSRİ-nin ən ucqar yerlərini aydınlıqla görən Stalin Qorki faciəsindən xəbər tutanda qərarı konkret olub:
-Biz Kiriyevə etimad göstərdik, ona vəzifə verdik. Amma bu çilingər (Kiriyev ilk əmək fəaliyyətinə çilingər kimi başlayıb) bizim etimadımızı doğrulda bilmədi. Biz bundan sonra böyük bir vilayəti ona etibar edə bilmərik. Yoxsa o, bütün Qorkini Volqa çayında batıracaq.
1950-ci ildə Kiriyev birinci katib vəzifəsindən azad edilib. O, fəaliyyətini öz ixtisası üzrə Çelyabinskdəki mexanika zavodunda sex rəisi kimi davam etdirib.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ