İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalindən betər: Putinin repressiya maşını iş başında - növbə kimindir?

Son illər Rusiyada türkdilli və müsəlman xalqlara qarşı artan təzyiq və zorakılıq halları artıq təsadüfi hadisələr zəncirindən çıxaraq sistemli dövlət siyasətinin göstəricisinə çevrilib. Bu siyasətin başında isə şəxsən Rusiya prezidenti Vladimir Putin və onun rəhbərlik etdiyi avtoritar rejim dayanır. O rejim ki, əsrlər boyu rus imperiyasının yürüdüyü işğalçı, assimilyasiyaçı və imperialist ənənələrin davamıdır – bu dəfə daha sərt, daha çılpaq və daha qanlı şəkildə.

Rus imperiyasının tarixi – türklərə, Qafqaz xalqlarına, Orta Asiya müsəlmanlarına qarşı müharibələrlə, deportasiyalarla, mədəniyyətlərin məhvi və əhalinin zorla ruslaşdırılması ilə doludur. Bu siyasət SSRİ dövründə müəyyən ideoloji maskalarla örtülsə də, mahiyyəti dəyişmədi. SSRİ dağıldıqdan sonra isə bu siyasət üzərindəki pərdə tamamilə götürüldü.

OMON.jpg (90 KB)

1990-cı illərdə Rusiya şəhərlərində türkdilli və digər qeyri-slavyan xalqların nümayəndələrinə qarşı həyata keçirilən skinhed zorakılığı əslində təsadüfi radikal qrupların işi deyildi. Bu dəstələrin arxasında Rusiya xüsusi xidmət orqanları durur, onları istiqamətləndirir və istifadə edirdi. İndi isə skinhedlərə ehtiyac yoxdur – onların funksiyasını hüquq-mühafizə orqanları, OMON və FSB birbaşa həyata keçirir.

Yekaterinburqda azərbaycanlı ailəyə qarşı keçirilmiş xüsusi əməliyyat və qardaşların güllələnməsi bunun təkcə kriminal yox, həm də sistemli etnik təqib olduğunun bariz nümunəsidir. Bu, sadəcə bir ailənin faciəsi deyil – bu, Rusiyanın "etnocinayətkarlıq" kimi uydurma anlayışlar üzərindən xalqları damğalamaq və kütləvi repressiyalara "hüquqi" don geyindirmək cəhdidir.

YEKATER.jpg (67 KB)

Putin rejiminin nə dərəcədə qəddar və qeyri-insani olduğunu anlamaq üçün Ukraynaya qarşı müharibəyə baxmaq kifayətdir. Slavyan, pravoslav, dil və mədəniyyət baxımından yaxın olan ukraynalılara qarşı belə qəddarlıq – Buçada törədilən soyqırımı, şəhərlərin raketlərlə yerlə-yeksan edilməsi, mülki əhalinin açıq şəkildə qətli – əgər qardaş xalqa qarşı bu qədər amansızlıq göstərilirsə, fərqli kimliyə sahib xalqlara qarşı hansı vəhşiliklərin tətbiq olunduğu təəccüb doğurmamalıdır.

BUCA.jpg (69 KB)

Rusiyada islamofobiya təkcə xalq səviyyəsində yayılmayıb – bu, dövlətin siyasi, hüquqi və ideoloji aparatında sistemli şəkildə qidalanır. Rusiya Pravoslav Kilsəsi bu ideoloji cinayətin fəal iştirakçısıdır. Kilsə bir tərəfdən Rusiya imperiyasının “müqəddəs missiyası” ideyasını təbliğ edir, digər tərəfdən hüquq-mühafizə orqanlarının qəddarlığını “dini təmizlənmə” və “əxlaqi savaş” kimi təqdim edir. Bu, sadəcə ideoloji təxribat deyil – bu, dini maska altında aparılan milli və dini nifrətin legitimləşdirilməsidir.

Hazırkı repressiv siyasətə hüquqi əsas yaratmaq üçün Rusiya “etnocinayətkarlıq” kimi anlayışlar uydurur. Bu termin – etnik azlıqların daha çox cinayət törətdiyini “elmi” əsaslarla sübut etməyə çalışır və digər xalqların nümayəndələrinin profilaktik olaraq izlənməsi, saxlanılması və hətta “önləyici güllələnməsi” üçün baza yaradır.

Stalin dövründə belə repressiya sisteminin formallığı vardı – insanlar həbs olunur, məhkəməyə çıxarılır, sürgünlərə göndərilirdi. Amma bugünkü Rusiya rejimi küçədə, evdə, uşaqların gözü önündə insanları qətlə yetirir, bunu isə ya “müqavimət göstərdi”, ya da “cinayətkardır” bəhanəsi ilə ört-basdır edir.

Azərbaycan xalqı Rusiya imperiyasının repressiya və soyqırımı siyasətinin çoxsaylı qurbanlarından biridir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı və Ermənistanın 30 il ərzində hərbi-siyasi cəhətdən dəstəklənməsi bu imperiya siyasətinin Azərbaycana qarşı olan qara dosyesidir.

XOCALİ.jpg (50 KB)

Bugünkü hadisələr – azərbaycanlı gənclərin küçələrdə zorakılığa məruz qalması, Rusiyada təyyarə qəzasında həyatını itirən azərbaycanlının cəsədinin ailəsinə təhvil verilməməsi, diaspor fəallarının, din xadimlərinin hədəfə alınması, Azərbaycanın deputatına Rusiyada giriş qadağası qoyulması, müxtəlif kibertəxribatlar və təzyiqlər – hamısı bu xəttin davamıdır.

Rusiya artıq təkcə qonşularına qarşı yox, öz daxilində yaşayan xalqlara da açıq savaş elan edib. Putin rejimi – terrorçu dövlətin, imperialist və irqçi sistemin timsalıdır. Bu siyasətə susmaq, görməzdən gəlmək – yalnız yeni faciələrin zəminini hazırlamaqdır.

NATİQ REAL.jpg (255 KB)

REAL Partiyasının sədri Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyada miqrantlara qarşı aqressiv münasibətin artacağı təxmin edilirdi:

“Çünki Putinin diktatura rejimi ölkə daxilindəki problemlərin günahkarlarını təyin etməlidir. Əlbəttə, etiraf etməzlər ki, ölkəfəki bütün problemlər sistemin özündən qaynaqlanır. Rusiya-Ukrayna müharibəsi uzandıqca cəmiyyətdə bunun əks-sədası və suallar yaranır. İqtisadiyyatda problemlər, inflyasiya, qiymət artımı var. Bütün bunların günahkarı Rusiya hökumətidir. Rusiya hökuməti isə miqrantları günah keçisi seçib. Uzun illərdir ki, bu siyasəti davam etdirirdi və bu qızışıb.

Ola bilsin ki, yaxın həftələrdə, aylarda Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunsun. Bu zaman daxili siyasət önə çıxacaq. Daxili siyasətdəki bərbad vəziyyəti ört-basdır etmək üçün Putin hakimiyyətinin səlib yürüşü başlanıb. Putin ölkə daxilində millətçiliyi, şovinizmi artırmaqla özünün legitimliyini artırmağa çalışır.

Rusiya daxili və ya xarici düşmən olmadan yaşaya bilməz. Təəssüf ki, miqrantlara qarşı getdikcə daha sərt addımların atılmasının şahidi olacağıq. Bu isə bütün miqrantlara, o cümlədən azərbaycanlılara da təsirsiz ötüşməyəcək”.

N.Cəfərli qeyd edib ki, Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar təəssüf ki, nə ilkdir, nə də son olacaq:

“Rusiyanın imperialist “genlərində” mütləq “günahkarlar” lazımdır, daim “daxili düşmən” obrazına ehtiyac var. Çar zamanı da, SSRİ vaxtı da, indiki Putin rejimində də heç nə dəyişməyib, eyni davranış kodlarıdır”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR