Onlayn ictimai-siyasi qəzet
SSRİ-nin dağılmasından 34 ildən çox vaxt keçsə də, o dövlətin 70 illik dövranı ilə bağlı mübahisələr və indiki dövrlə müqayisələr səngimir. Xüsusilə insanlara pulsuz mənzillər verilməsi arqument kimi önə çəkilir. Sovet dövründə yaşayan və həmin zamana qayıtmaq istəməyənlərin fikrincə, SSRİ-də ərzaq məhsullarının və geyim məmulatları sarıdan o qədər qıtlıq olub ki, insanlar çox əziyyət çəkiblər.
Bundan başqa, sovet dövründə maaşların aşağı olduğunu, insanların əməyinə düzgün qiymət verilmədiyi bildirilir. Məsələn, qiyməti 780 rubl olan “Qorizont” rəngli televizorunu almaq üçün orta statistik ailə altı ay qənaət etməli olub. Mənzillər isə yalnız sözdə pulsuz verilib.
SSRİ-də kimə pulsuz mənzillər verilib?
SSRİ Dövlət Statistika Xidmətinin məlumatına görə, Brejnev dövründə (1964-cü ildən 1982-ci ilə qədər) 164 milyon insan pulsuz mənzil alıb. O vaxt mənzillər hamıya deyil, yalnız qəzalı vəziyyətdə yaşayan və ya bir ailə üzvünə 6-7 kv.m-dən az yaşayış sahəsi olanlara verilib. Ümumi sahəyə mətbəx, dəhliz, hamam daxil edilməyib və hər rayonun öz standartları olub. Lakin 1980-ci illərdə evlərin tikintisi zamanı adambaşına 9 kv.m yaşayış sahəsi götürülüb.
İki otaqlı kooperativ mənzil 8-9 min rubla başa gəlib. Krediti Sberbank 1%-lə verib. 1990-cı illərin əvvəllərində SSRİ-də mənzil proqramı əsasən həll edilib. Əhalinin yalnız 7%-nin daha yaxşı mənzil şəraitinə ehtiyacı olub. Kommunistlərin hesablamalarına görə, 2000-ci ilə qədər demək olar ki, hamı mənzil alacaqdı.
Lakin bu zaman insanlar kütləvi şəkildə Moskvaya, Leninqrada və digər böyük şəhərlərə gələcəkdi. Bu şəhərlərdə isə mənzil probleminin həlli əyalətlərdən qat-qat çətin olub. 1980-ci illərdə insanlar son mənzillərini almaq üçün orta hesabla 7 il gözləməli olublar. Mənzili isə bir qayda olaraq, yataqxanada və ya başqası ilə kommunal evlərdə , bir mənzil daxilindəki ayrı-ayrı otaqlarda yaşayanlar gözləyiblər. Böyük şəhərlərdə növbə daha yavaş hərəkət edib: 12 ildən 17 ilə qədər. Eyni zamanda əyyaşlar, ictimai asayişi pozanlar siyahının sonuna sıxışdırılıb.
Moskvada mənzil kooperativində iki otaqlı mənzil o vaxt (1975) təxminən 6000 rubla başa gəlib, ilkin ödəniş təxminən 2000 rubl təşkil edib. Gənc ailə bu vəsaiti təxminən altı aya toplaya bilsə də, öncə rayon şurası vasitəsilə paylanan mənzillər üçün müraciət etməli olub. Yəni təxminən beş ildən sonra mənzil-tikinti kooperativinə daxil ola, bir-iki ildən sonra isə yeni evə köçə bilərdilər.
Reallıq ondan ibarət olub ki, rüşvətsiz mənzil-tikinti kooperativində yer almaq çox çətin olub, “şirinliyin” məbləği isə təxminən ilkin ödənişə bərabər tutulub və “adamsız” bu təşəkkürün qəbul olunması müşkül məsələyə çevrilib. Mənzili tamamilə pulsuz almaq üçün ailədə iki övladın olması da üstünlük olub. Lakin uşaqlar eyni cinsdəndirsə, ailə gözləmə siyahısına salınmaya bilərmiş.
Mənzilin tikintisi üçün pul haradan gəlib?
Mənzili daha tez əldə etmək istəyənlər tikinti sahəsində və ya müdafiə sənayesi üçün fəaliyyət göstərən zavodlarda işə düzəliblər. “Dəyərli” işçilər mənzillər üçün çox gözləməyiblər, maksimum bir və ya iki ildən sonra ev alıblar.
Bəs pul haradan tapılıb? Burada formula sadə olub. Vəsaitlər müvafiq olaraq dövlət büdcəsi və müəssisə ayırmaları hesabına doldurulan ictimai istehlak və fabrik fondlarından götürülüb. Burada əsas sual başqadır: vəsaitlər az maaş alan işçilərdən gəlib, yoxsa ortada başqa pullar olub? Dialektika deyir ki, hər şey müqayisə yolu ilə bilinir.
Kapitalizmdə izafi dəyər biznes sahiblərinin cibinə gedir, sosializmdə isə dövlət fondlarına və biznes fondlarına daxil olur. Kapitalizmdə oliqarxlar bu vəsaitlə özlərinə saraylar tikdirir, yaxtalar, futbol klubları alıblar. Sosializmdə isə bu pullar işçilər üçün pulsuz ev tikmək üçün istifadə olunub.
İşçinin orta aylıq əmək haqqı və illər ərzində eyni yerdə işləməsi əsas götürülüb. Digər tərəfdən, SSRİ sadə ipoteka üsulundan istifadə edib. Vətəndaşların qazancından tutulan vəsait evlərin tikintisinə xərclənib. Yəni sadə dillə desək, SSRİ insanların yerinə “aylıq ödəniş” edib və əvəzinə mənzilləri pulsuz adı ilə cəmiyyətə sırıyıb.
Digər nüanslar
SSRİ-də mənzili özəlləşdirmək, yəni onu almaq, satmaq, vermək və ya vəsiyyət etmək olmayıb. Əgər bir şəxs dünyasını dəyişibsə və mənzildə tək qeydiyyatda olubsa, o zaman onun qohumları mənzil hüququnu itiriblər. Beləliklə, bir çox insan nənəsinin və ya babasının yaşayış yerini əlindən çıxarıb.
Gənclər rahat mənzildə yaşamaq hüququnu özləri öz zəhmətləri hesabına qazanmalı olublar. Üstəlik, mənzil bazarının mövcudluğu artıq kapitalizm hesab olunub.
Əgər SSRİ-də mənzillər onları istəyən hər kəsə və hətta pulsuz verilsəydi, onda bütün Sovet İttifaqı Moskvaya köçər və qalan ərazilər sadəcə məhv olardı. Dövlət işində olanlar “pulsuz mənzil” almaq üçün mütləq 10-20 il növbədə durmalı olub. Üstəlik, adamların istədikləri şəhərdə mənzil ala bilmə ehtimalı yüksək olmayıb. SSRİ-də xaricə səyahət edə bilmək, həm də ölkə ərazisində sərbəst hərəkət etmək məhdudiyyəti olub. Ciddi pasport rejimini pozanları iki ilə qədər həbs cəzası gözləyib.
Müharibədən əvvəl SSRİ əhalisinin 80%-ə yaxını kəndlərdə yaşayıb və onlar üçün hər hansı mənzil əhəmiyyət kəsb etməyib. Digər tərəfdən, kommunistlər istədikləri şəxsi mülkündən məhrum edərək Sibirə göndərə biliblər. Stalinin dövründə sənaye müəssisələrində çalışan işçilər də az qala təhkimli kimi olublar. Fabrik və ya zavoddakı işdən çıxmaq asan olmayıb. Halbuki SSRİ-də işçilərin maaşı ABŞ və Avropadakı fəhlələrdən 5-10 dəfə aşağı olub. Müvafiq olaraq, işçilərdən alınan “kommunist izafi dəyərinin” 90-95%-i meqa-layihələrə (nüvə proqramı, BAM, kosmosun fəthi, sosialist düşərgəsi ölkələrinə yardım) xərclənib. Bununla belə, yalnız qalan qırıntılar ölkə vətəndaşları üçün mənzil tikintisinə sərf edilib.
Stalin dövründə kütləvi mənzil tikintisi olmayıb, binalar sovet partiya elitası və onlara xidmət edən yazıçılar, rəssamlar, hərbçilər və təbii ki, təhlükəsizlik işçiləri üçün çox az sayda tikilib. Eyni zamanda, mənzil alan da, almayan da, növbədə olan da, olmayan da, dövlət üçün illərlə durmadan işləməli olub.
Beləliklə, sovet-kommunist dövləti istisnasız olaraq bütün vətəndaşların qul əməyində ümumi iştirakını təmin edib və vətəndaşlara öz əməklərinin haqqı hesabına mənzil paylayaraq özünü “qul haqqı” yemirmiş kimi göstərib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ