Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi 26 dekabrda Aktau şəhərində təyyarə qəzası yerində aparılan işlərlə bağlı məlumat yayıb.
Musavat.com Zakon.kz-a istinadən xəbər verir ki, qəza yerində təyyarənin hissələrinin sökülməsi işləri davam edir.
Məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılmasında 306 nəfər şəxsi heyət, 101 texnika, iki hava gəmisi və altı kinoloji qrup iştirak edir.
Hadisə yerinə Qazaxıstanın FHN, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın əməkdaşları, eləcə də yanğınsöndürmə xidməti, təcili tibbi yardım briqadaları, yerli icra orqanları və Azərbaycanın FHN əməkdaşları cəlb olunub.
Psixoloqlar Aktauya gələn həlak olanların yaxınlarına dəstək göstərməyə davam edir.
25 dekabrda qəza-xilasetmə işləri nəticəsində 29 nəfər, o cümlədən 3 azyaşlı uşaq xilas edilərək Aktau xəstəxanalarına yerləşdirilib.
Qazaxıstan FHN-in məlumatında qeyd olunur:
“Hadisə yerində 38 nəfərin cəsədi aşkar edilərək məhkəmə-tibbi ekspertiza mərkəzinə göndərilib. Onların arasında 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü var. 7 nəfərin cəsədi artıq tanınıb. Həmçinin dünən FHN xilasediciləri qara qutunu tapıblar. Hadisə yerində gecə-gündüz növbə təşkil olunub”.
Hazırda Aktauda qəzanın səbəblərini araşdırmaq üçün hökumət komissiyası fəaliyyət göstərir.
Ümumilikdə qaynar xəttlərə, təcili psixoloji yardım və məlumat xarakterli müraciət üçün 1 063 zəng daxil olub.
Məlumatda bildirilib ki, qəza nəticəsində ümumilikdə 29 nəfər sağ qalıb. Təyyarədə Qazaxıstan vətəndaşları da olub, lakin onların heç biri sağ qalmayıb.
Qazaxıstan FHN həlak olanların adlarının siyahısını yayımlayıb.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ