Onlayn ictimai-siyasi qəzet
İndiki oxucular bilməz, amma 23 il əvvəlin qəzet oxuyanlarının yaddaşı iti olan kəsiminin yadında olar, o vaxt Şayəstə xala haqqında bir yazı yazmışdım, türkün sözü, yaxşı bəyəni, yəni layk qazanmışdı.
O gün Gədəbəyin Söyüdlü kəndində polislərə dirəşən solaxay nənənin videosunu görəndə yadıma rəhmətlik Şayəstə xala düşdü.
Bu igid qadın bir neçə il öncəyə qədər sağ imiş. Onun rəhmətə getməsini mənə Qazax rayonunun Kəmərli kəndindən olan bir peyk anteni quraşdıran usta dedi. Qohumuydu. Təsadüfən o kənddən olduğunu bildim, dedim, sizin kənddə bir Şayəstə xala vardı, dururmu. Usta dedi, yox, rəhmətə gedib, o vaxt qəzetlər ondan yazmışdı.
Şayəstə xalanın şücaəti ondan ibarət olmuşdu ki, 1986-cı ildə ermənilər Qazax rayonunun Kəmərli kəndinin ərazisinin bir xeyli hissəsinə (hektarı yadımda qalmayıb) tamah salıb, Moskvaya-filana yazıb-pozublar, oraları qanun-qayda ilə ələ keçirmək istəyiblər. Azərbaycanın rəhbərliyi Moskvanın sözündən çıxa bilməyib, torpağı vermək üzrəymişlər ki, Şayəstə xala və onun kəndçiləri çomaqlarını götürüb gəliblər ermənilərə veriləcək torpaq sahəsinin mərkəzinə. Etiraz, qırğın-qiyamət, hay-küy, vur-çatlasın...
Bakıdan da hadisə yerinə nümayəndələr gedib, Ermənistandan da baş nazirin müavini gəlib. Tərəflər camaatı sakitləşdirmək, heç nə olmamış kimi, daha dəqiqi, belə olmalıymış kimi, torpağı sakitcə erməni vermək istəyəndə Şayəstə xala razılaşmayıb və bayaqdı ha, çomağını soxub Ermənistan Sovet Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavininin (soyadı, deyəsən, Arutyunyan olub) ağzına (məlumatı verən mənbə “ağzına” deyir). Ara qarışıb. Heç Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavininin də bəxti gətirməyib. Camaat onu da tutub pəyəyə salıblar, indiki dildə desək, girov götürüblər.
Xüləseyi-kəlam, erməniyə torpaqverdi sevdası baş tutmayıb. Amma Moskvadan əmr gəlib ki, partiyanın, dövlətin qərarına qarşı çıxan etirazçılar barədə ciddi tədbirlər görülsün. Bir az istintaq-filan olub, yerli orqanlar elin qeyrətli qızı Şayəstə xalanı incitməyiblər, hətta bəzi rəislər deyiblər ki, yaxşı eləmisən, xala, get yaşa.
İndi baxıram ki, bəzi dövlətçi yoldaşlar Gədəbəyin Söyüdlü kəndindən olan ekofəal nənəni az qala, Rusiyadakı kimi “inoagent” (xarici agent) çıxarmağa çalışırlar, onu dövlətə daş atmaqda suçlayırlar, bir az da irəli gedib, təxribat törətməkdə təqsirləndirirlər. Hətta hüquq-mühafizə orqanlarına çağırış edənlər var ki, ahıl nənəni tutub qoysunlar içəri.
Elə deyil axı, qardaşlar və bacılar. Solaxay nənənin hərəkətləri adi etiraz aksiyasıdır, hiddətlənib, hiddətini bu cür, bir az radikal şəkildə ifadə edib, polisə qumbara atmayıb, minomyot atmayıb. Düzdür, yenə bir neçə adamın baş-gözünü, qol-qıçını sarıyıb lazaretə yıxmaq olar ki, bunları həmin nənə bu günə qoyub, amma nə ehtiyac var ki.
Rəngləri çox tündləşdirməyə ehtiyac yoxdur, insanlarla danışıb-anlaşmaq, haqlı tələblərini yerinə yetirmək, haqsız məqamlarını izah etmək və qovğanı, türkün sözü, tatlıya bağlamaq lazımdır. Yoxsa hərəmiz 37-nin prokurorları kimi ittiham oxusaq, durumu dramatikləşdirsək, düzgün olmaz. Bu, lokal qovğadır, imkan verək lokal yerində qalsın, qızışdırıb lokkuldatmayaq.
Bax, sovet dövrünün qılıncının dalı-qabağı kəsən vaxtlarda erməni nazirin ağzına çomaq soxmuş Şayəstə xalanı dolaşdırıb tutmaq olardımı? Əlbəttə, olardı. Vəzifəli şəxsə xəsarət yetirmə, dövlət orqanlarına müqavimət göstərmə, qanunsuz etiraz aksiyası təşkil etmək, millətlərarası nifaqı qızışdırmaq (xala deyirmiş ki, erməni qax yeyir, o kimdir ki, Kəmərlidən torpaq alsın), ictimai asayişi pozmaq – görün, nə qədər maddədir. Stalinin vaxtı olsa, Şayəstə xalanı Qazaxıstandakı qadın koloniyasına göndərərdilər. Amma Qorbaçovun vaxtıydı, bizim rəislər də anlayırdılar ki, xalanın başqa niyyəti olmayıb, sadəcə, istəyib ki, heyvanlarının örüşü kəndin özündə qalsın.
İndi Gədəbəydəki xala da aşağı-yuxarı eyni şeyi istəyir, kəndin örüşünün davasını aparır, onun qızıl mədənində gözü yoxdur və xaricdən qrant alaraq dövlətin iqtisadi layihəsini sabotaj etmir. Onun etiraz aksiyasındakı liderliyi isə spontan alınıb, əvvəlcədən deməyib ki, gəlin, ətrafımda sıx birləşin, gedək, gölü qurudaq.
Biz hətta fəxr etməliyik ki, o dağlar öz el-obasının problemi üçün hiddətlənən nənələr yetişdirir. Şalını belinə dolayıb, 3 daşın üstünə qoyduğu sacda yuxa, kətə bişirsə, oxlovuyla göl qırağına toplaşmış camaatı nəvələrinə göstərərək, “ay bala, o mərəkəyə getməyin, yoxsa sizi tutarlar” desə, onda Şayəstə xalanın yurdu boş qalardı.
P.S. Allah Hitlerə lənət eləsin, bu gün onun ölkəmizə hücum edərək nənələri ağlar qoymağa başladığı günün 82-ci ildönümüdür.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ