İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi şərhçidən ilginc reaksiya və haqlı sual: “Maraqlıdır, nə yazacaqlar bu “ortaq tarix dərsliyinə”?

“Səhər tezdən yüksək əhval-ruhiyyə ilə işə başlamaq istəyirsən, amma ya şimaldan, ya cənubdan, ya da qərbdən bir xəstə, başıpozuq, şizofreniyanın ən son həddində olan birisinin səfsəsəsini oxuyub ovqatını korlayırsan və “lənət şeytana” deyib düşürsən qafaları XXI əsrə ibtidai icma quruluşundan reinkarnasiya edilmişlərin izinə...”

Musavat.com bildiri ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. Politoloq ardınca fikirlərinə aydınlıq gətirib: “Deməli, Rusiyanın MDB-nin nizamnamə və digər təsisatlarındakı daimi nümayəndəsi Andrey Qrozov Minskdə nə yeyib, nə içibsə ölkəsinin SSRİ-nin süqutundan sonra ən axmaq təşəbbüslərindən birini dilə gətirib. Andrey Qrozov deyib ki, MDB üzvü olan ölkələrin orta və ali təhsil müəssisələrində ortaq tarix tədris oluna bilər. Onun iddiasına görə, ehtimal edilən dərsliyin MDB üzvü olan bütün ölkələrdə tədris olunması nəzərdə tutulur. Doğrudur, Qrozov dərsliyin əsasən “böyük vətən müharibəsi” (II dünya müharibəsi) dövrünü əhatə edəcəyini bildirir. Amma Rusiya siyasətçilərini az-çox tanıyanlar çox yaxşı bilirlər ki, onlara burunlarını soxmaq üçün kiçik bir dəlik açmağa imkan yaratsan, bütün milli ideologiyanı topun ağzına verəcəklər. İndi bunların qarın ağrısı, guya II dünya müharibəsi ilə bağlıdır. Amma bəllidir ki, “II dünya müharibəsi” altında müstəqil dövlətlərin təhsil sisteminə öz xəstə, imperiya ambisiyaları ilə qidalanan ideoloji zəhərlərini axıtmaq istəyirlər”.

E.Mirzəbəyli ardınca aşağıdakıları bildirib: “Maraqlıdır, nə yazacaqlar bu “ortaq tarix dərsliyinə”? Azərbaycan Xalq Cümhuriyyətinin necə süquta uğradığını və Vətənimizin necə işğal olunduğunu? Azərbaycanın görkəmli şəxsiyyətlərinin, düşünən beyinlərinin necə məhv edildiyini? Azərbaycanlıların öz doğma yurdlarından, o cümlədən indiki Ermənistan ərazisindən necə deportasiya edildiklərini? Bəlkə 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə divan tutan dünyanın ən rəzil, ən alçaq “ordu”sunun cinayətləri haqqında yazacaqlar? Bəlkə ermənilərlə birlikdə Xocalıda azərbaycanlılara qarşı bəşər tarixinin ən amansız qətliamlarından birini törədən 366-cı alay barəsində oçerklər uyduracaqlar? Və ya Azərbaycan ərazilərinin işğalında hücum dəstələrinin önündə gedən Pskov və digər desant alaylarının qanlı cinayətlərini həkk edəcəklər bu “tarix dərsliyi”nə? Bəlkə 30 ilə yaxın ermənilərə pulsuz-parasız ötürdükləri silahlardan, Azərbaycanın dinc əhalisinin başına yağdırılan raketlərdən söz açacaqlar? Nə yazacaqlar?”

Siyasi şərhçi bildirib ki, bunlar deyəsən artıq MDB-ni də boyunduruğa çevirmək istəyirlər: “Onsuz da sözügedən təsisatın yaranması haqqında razılaşmanın müddəaları sonradan qəbul edilən bir sıra sənədlərlə pozulub. MDB-nin bir sıra qurumları, o cümlədən Müdafiə nazirləri şurası, ölkəmizin prioritetlərinə uyğun deyil. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verir və bloklara qoşulmur. Amma MDB-nin Müdafiə nazirləri şurası, Müdafiə nazirləri şurasının katibliyi, MDB üzvü olan ölkələrin silahlı qüvvələrinin baş qərargah rəislərinin komitəsi, hərbi-texniki komitə, hava hücumundan müdafiə üzrə əlaqələndirmə komitəsi, müdafiə nazirliklərinin şəxsi heyətlə iş üzrə müvafiq qurumlarının rəhbərlərinin komitəsi, MDB üzvü olan ölkələrin silahlı qüvvələrinin rabitə rəislərinin əlaqələndimə komitəsi, topoqrafiya xidmətlərinin əlaqələndirmə komitəsi, radiasiya, kimyəvi və bioloji müdafiə, aviasiya, hərbi təhsil və digər istiqamətlər üzrə komitələr və digər alt qurumlar sübuta yetirir ki, hüquqi baxımdan MDB hərbi, siyasi, iqtisadi... blokdur. Belə təsisatlar yalnız hərbi ittifaqlarda olur. Ermənistan istisna olmaqla, MDB üzvü olan ölkələrlə bütün istiqamətləri əhatə edən ikitərəfli müqavilələrimiz olduğu üçün, qənaətimə görə, MDB-də qalmağın da heç bir anlamı yoxdur. Yoxsa hər gün bir xəstə təşəbbüslə “qapımızı” döyəcəklər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR