İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirin Mirzəyev minaya düşdüyü məkanda anıldı - həyat yoldaşından təsirli sözlər

Bu gün, yanvarın 5-i Azərbaycanın Milli Qəhrəmanı, polkovnik–leytenant, Birinci Qarabağ müharibəsi şəhidi Şirin Vəli oğlu Mirzəyevin doğum günüdür.

Azərbaycan milli ordusunun ilk alayının qurucusu olan Şirin Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində anadan olub. 18 iyun 1992-ci ildə isə Ağdam rayonu ərazisində müəmmalı şəkildə minaya düşərək şəhidliyə qovuşub.

Bu münasibətlə Ş.Mirzəyevin ailə üzvləri, həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova, şəhid polkovnikin döyüş yoldaşları, Qarabağ Qazilər Birliyinin təmsilçiləri və digərləri Ağdamda, onun şəhid olduğu məkanı ziyarət ediblər, ruhuna dualar oxuyublar.

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev Xankəndində, Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb. Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir.

1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

Ş.Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova Musavat.com-a açıqlamasında Ağdamda törədilən erməni vandalizmindən də bəhs edib:

“Agdam ərazisində olan ən ucqar dag ətəyində yerləşən evlər də dagıdılıb. Bu erməninin kini nə qədərmiş? İçimizdə yırtıcı bəsləmişik… Nifrətim aşıb-daşırdı. Daşları daşıyırmışlar. Bu güc hardan idi onlarda? Elə bil heç daş görməyiblər. Əsl vəhşilik! Bu vəhşiliyi unutmamalıyıq, unutdurmamalıyıq!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR